Sentyabrın 8-i yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) Mərakeşdə 7 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində 2900-dən artıq şəxs həlak olub, 5500-dən çox adam yaralanıb. Ölü və yaralıların sayının artacağı istisna olunmur.
Hazırda zəlzələ bölgəsində olan Böyük Britaniyanın “Daily Mail”, “Daily Star” və “Avrupa News Agency” platformalarını təmsil edən Alpaslan Düven Modern.az-a vəziyyətlə bağlı açıqlama verib.
Vəziyyətin ağır olduğunu bildirən jurnalist əlavə edib ki, zəlzələnin dağıntısından əziyyət çəkən vətəndaşlar talelərinin ümidinə qalıb:
“Mən hazırda zəlzələdə ən böyük zərər görən yerlərdən birindəyəm. Rəsmi məlumatlara görə, burada həyatını itirənlərin sayı üç mindən, yaralı sayı beş mindən çoxdur. Zəlzələ zamanı yolların sıradan çıxması səbəbi ilə yardımların aparılmasında problemlər yaranıb. Digər tərəfdən hökumətə qarşı xalq tərəfindən üsyanlar da var", - o qeyd edib.
Duvenin sözlərinə görə, hökumət xaricdən gələn bütün yardımları qəbul etmir:
"Sadəcə indiyə qədər İngiltərə, İspanya, Qatar və BƏƏ-nin yardımlarını qəbul edib. Dünyanın digər ölkələrindən-Amerika, Türkiyə, İsrail və s.-dən yardımlar qəbul edilmir. Xalq tərəfindən də hökumətə qarşı basqı var ki, bu yardımları qəbul edin.
Digər problem isə vətəndaşlara qidanın paylanılmasında təşkilatlanmanın olmamasıdır. Polis və ya əsgər bu məsələyə diqqət yetirmir. Ona görə də burada yemək paylanılan zaman çox qarışıqlıq olur.
Burada evlər palçıqdan, kərpicdən tikildiyi üçün çox dağıntılar var. Dağda və palçığın içərisində də insanları xilas etmək çətin olur. Ona görə də buraya qismətinə tərk edilmiş bölgə deyə bilərik. Buranın yenidən bərpa olunmasına xalq da ümid etmir. Hələ çadırlar indi paylanılmağa başlanılıb, qidanı vətəndaşlar təmin edir. Burada dövlət özünü çox göstərmir, ona görə də xalqın şikayəti çoxdur”.