44 günlük Vətən müharibəsi şəhidləri Cavid və Çingiz Məmmədovların əkiz bacı-qardaşları dünyaya gəlib.
Bu barədə Modern.az-a Bakı Sağlamlıq Mərkəzindən məlumat verib.
Şəhidlərimizin valideynlərinin yenidən övlad sahibi olmasında rolu oynayan həkim və tibbi personalın müşayiətilə əkizlər bu gün evə yazılıb. Bakı Sağlamlıq Mərkəzinin kollektivi Məmmədovlar ailəsinin xoş anına şərik olmaqdan məmnunluq duyduğunu bildirib.
Vətən müharibəsində böyük şücaətlə döyüşən və Azərbaycanın ərazi bütövlüyü, torpaqların azadlığı uğrunda Şəhadət zirvəsinə ucalan Məmmədov qardaşlarının valideynləri övlad itkisinin çox ağır dərd olduğunu, lakin yeni doğulan körpələrin onlara təsəlli verəcəyini bildiriblər. Şəhid atası bu xoşbəxtliyi onlara yaşatdıqları üçün klinikanın Reproduktiv Sağlamlıq Mərkəzinin rəhbəri, uzman mama-ginekoloq Dr. Öndər Tulumbacı və Mərkəzin neanatoloqu Dr. Gilə Nəcəfovaya öz təşəkkürlərini bildirib.
Əkiz bacı-qardaşlara Zəhra və Hüseyn adları qoyulub.
Qeyd edək ki, Vətən müharibəsində şəhid olan Məmmədov qardaşları Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən "İgidliyə görə", "Laçının azad olunması", "Suqovuşanın azad olunması", “Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif ediliblər.