Modern.az

Ağsaqqallar Şurasının üzvləri yubiley tədbirində - FOTOLAR

Ağsaqqallar Şurasının üzvləri yubiley tədbirində - FOTOLAR

Aktual

18 Sentyabr 2023, 15:00

Sentyabr ayının 15-də Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədovun 80 illik yubileyi qeyd olunub. Naxçıvan şəhərində keçirilən tədbirdə yubilyarla yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Aparat rəhbəri Ramin Həsənli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının şöbə müdiri Tural Rzayev, Azərbaycan Ağsaqqallar Şurasının məsul şəxsləri Rafiq Rzayev və Elşad Quliyev, habelə Naxçıvan Muxtar Respublikasının rayonlarının Ağsaqqallar Şuralarının sədrləri iştirak ediblər.


Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətə ehtiramlarını ifadə ediblər. Sonra Heydər Əliyev Muzeyində Ulu Öndərin mənalı həyatını və zəngin siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub.


Yubiley tədbirində qonaqları və toplantı iştirakçılarını salamlayan Tural Rzayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurası Məmməd Məmmədovun sədrliyi ilə muxtar respublikada ağsaqqalların ictimai-siyasi həyatda fəal iştirakına dəstək olan bir təşkilat kimi uğurla fəaliyyət göstərir. Şura milli-mənəvi dəyərlərimizin qorunmasını və vətənpərvərlik, ədalətlilik kimi yüksək insani keyfiyyətlərin cəmiyyətdə geniş yayılmasını özünün əsas vəzifələrindən hesab edir. Eyni zamanda gənc nəslin mənəvi və fiziki sağlamlığına, Vətənə sədaqət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirən ağsaqqallar bu istiqamətdə də əzmkarlıq göstərir, tez-tez hərbi hissələrdə olur, əsgər və zabit heyəti ilə görüşlər keçirirlər. Natiq, həmçinin, Məmməd Məmmədovun zəngin tərcümeyi-halını tədbir iştirakçılarının diqqətinə çatdıraraq, onu 80 illik yubileyi münasibətilə təbrik edib, yubilyara uzun ömür, möhkəm cansağlığı, gənclərimiz üçün nümunə olan ömür yolunda və gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıb. Yubileyi ilə əlaqədar ictimai-siyasi həyatda səmərəli fəaliyyətinə görə Məmməd Məmmədova Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri fərmanı təqdim olunub.


Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov öz çıxışında əvvəlcə tədbir iştirakçılarını və Ulu Öndərimiz Heydər Əliyevin vətəni, bizim hamımızın doğma diyarı olan Naxçıvan əhalisini Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin, İdarə Heyətinin üzvlərinin və öz adından salamlayaraq, qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Vurğulayıb ki, bu gün Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bölgədə ən dinamik və hərtərəfli inkişaf edən ölkədir və bu sürətli inkişaf  Naxçıvan Muxtar Respublikasında da bariz şəkildə hiss olunur. Hər birimiz üçün əziz, doğma olan qədim torpağımız  Naxçıvanda aparılan abadlıq, quruculuq işləri, davamlı tərəqqi bizim hamımızı çox sevindirir. Çətin və blokada şəraitində yaşayan Naxçıvanda  böyük işlər həyata keçirilib. Bayram Yusifov əmin olduğunu bildirib ki, Azərbaycanın tarixi torpaqlarını düşmən tapdağından azad edən polad iradəli dəmir yumruq sahibi, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin güclü diplomatiyası və qətiyyətli siyasi iradəsi nəticəsində Zəngəzur dəhlizi tezliklə açılacaq və biz doğma Naxçıvana quru yolla da səfərlər edəcəyik.


Bayram Yusifov,  həmçinin,  Azərbaycan Ağsaqqallar Şurasının həyata keçirdiyi mühüm işlərdən, ölkəmizdə Ağsaqqallıq İnstitutunun formalaşmasından, ağsaqqalların ictimai-siyasi həyatdakı rolundan bəhs edib. 2023-cü il – “Heydər Əliyev” ili çərçivəsində Şura tərəfindən paytaxtımızda və rayonlarda Ümummilli Liderimizə həsr olunmuş bir çox əhəmiyyətli tədbirlərin keçirilməsindən söz açıb. Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədovun 80 illik yubileyinin belə bir əlamətdar ilə - “Heydər Əliyev” ilinə  təsadüf etdiyini bildirən natiq vaxtilə  Məmməd müəllimin Naxçıvandan deputatlığa namizəd olan Ümummilli Liderimizin vəkili kimi onunla bir neçə dəfə şəxsən görüşməsini, seçki kampaniyasında yaxından iştirak etməsini çox qürurverici hal olaraq qiymətləndirib. Ümumiyyətlə, müdrik ağsaqqal, alicənab insan, dəyərli  ziyalı olaraq hamı tərəfindən sevilən Məmməd Məmmədovun fəaliyyəti boyunca dövlətimizin və xalqımızın tərəqqisinə mühüm töhfələr verdiyini, peşəkar pedaqoq kimi yüzlərlə şagird və tələbənin ali təhsil almasında, nümunəvi vətəndaşlar olaraq həyata vəsiqə qazanmalarında əvəzsiz xidmətlər göstərdiyini vurğulayıb. Qeyd edib ki, Məmməd müəllimin hazırda Naxçıvan Muxtar Respublikasının Ağsaqqallar Şurasının sədri olaraq  gördüyü işlər də böyük təqdirə layiqdir. Daha sonra Bayram Yusifov Məmməd Məmmədovu 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edərək, ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, ailə sədaəti və gələcək fəaliyyətində uğurlar arzulayıb.


Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli də öz çıxışında tədbir iştirakçılarını salamlayaraq, bəşəriyyətin beşiyi hesab edilən  Naxçıvanda olduqlarından məmnunluğunu ifadə edib və göstərilən səmimi münasibətə görə minnətdarlığını bildirib. Qeyd edib ki, qədim dövlətçilik tarixinə malik olan Naxçıvanın tərəqqisi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycan xalqına böyük şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevi bəxş edən Naxçıvan  Muxtar Respublikasında hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daimi diqqəti sayəsində genişmiqyaslı işlər, böyük infrastruktur layihələr həyata keçirilir. Naxçıvan gündən-günə gözəlləşir və inkişaf edir.


Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə təşkilatın son illərdəki aktiv fəaliyyətindən, həyata keçirilən layihə  və tədbirlərdən söz açan Ramin Həsənli, həmçinin, qeyd edib ki, qurum tərəfindən Şura üzvlərinə, ağsaqqallara daim yüksək diqqət və qayğı göstərilir. O, Naxçıvan səfərinin məqsədinin də məhz Eldar Quliyevin tapşırığı ilə Muxtar Respublikanın Ağsaqqallar Şurasının sədri, müdrik ağsaqqalımız, dəyərli ziyalımız Məmməd Məmmədovun 80 illik yubiley tədbirində yaxından iştirak etməkdən ibarət olduğunu bildirib.


Ramin müəllim öz çıxışında vurğulayıb ki, sadəlik, təvazökarlıq, dürüstlük, mərdlik kimi səciyyəvi cizgiləri xarakterində cəmləyən bir şəxsiyyət olaraq Məmməd Məmmədovun insanlarla ünsiyyət mədəniyyəti, təmkinliliyi və nikbinliyi çoxları üçün örnək sayıla bilər. O, Naxçıvan Muxtar Respublikasının Ağsaqqallar Şurasının sədri kimi muxtar respublikada təşkilatın işinin müasir çağırışlara uyğun təşkil olunmasında, qurumun fəaliyyətində nəzərəçarpacaq canlanmanın yaranmasında, rayonlarda Ağsaqqallar Şurasının öz işlərini yüksək səviyyədə qurmasında böyük xidmətlər göstərmişdir. Ramin Həsənli nitqinin sonunda Məmməd müəllimi 80 illik yubileyi münasibətilə səmimi-qəlbdən  təbrik edərək, ona uzun və sağlam ömür, işlərində nailiyyətlər diləyib. Əmin olduğunu bildirib ki,  hörmətli yubilyarımız bundan sonra da Vətənimizin tərəqqisi naminə var qüvvəsi ilə  çalışacaq, potensial imkanlarını əsirgəməyəcəkdir.


Sonra çıxış edən rayon sədrləri də Məmməd Məmmədovu yubileyi münasibətilə təbrik edərək, ona uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıblar.


  Daha sonra Azərbaycan Ağsaqqallar Şurası tərəfindən yubilyar Məmməd Məmmədova Şuradakı səmərəli fəaliyyətinə görə “Fəxri Ağsaqqal” döş nişanı və qiymətli hədiyyələr təqdim olunub. Həmçinin yubilyara Azərbaycanın Əməkdar rəssamı Rza Avşar tərəfindən çəkilmiş portret rəsmi bağışlanıb.


Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov ona verilən yüksək qiymətə və göstərilən diqqətə görə öz minnətdarlığını bildirib.  Qeyd edib ki, fəaliyyəti dövründə hər zaman üzərinə düşən vəzifləri layiqincə yerinə yetirməyə çalışıb. Bundan sonra da öz işinə böyük məsuliyyətlə yanaşacaq və təşkilatın fəaliyyətinin daha da yaxşılaşdırılması üçün bilik və bacarığını  əsirgəməyəcəkdir.


Sonda Naxçıvan Muxtar Respublikasının rayonlarının Ağsaqqallar Şuralarının sədrlərinə yeni vəsiqələr və Azərbaycan Ağsaqqallar Şurasının son üçillik fəaliyyətinə həsr edilmiş hesabat kitabçaları təqdim olunub.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi