Modern.az

Gündə 60 boşanma: Ailə dəyər olmaqdan çıxıb...

Gündə 60 boşanma: Ailə dəyər olmaqdan çıxıb...

Aktual

6 Oktyabr 2023, 14:52

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-iyulunda 29191 nikah və 12610 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 4,9-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.

 

İlk 7 ayda boşanmaların sayının bu qədər olması bir çoxları tərəfindən narahatlıqla qarşılanıb. Statistikadan məlum olur ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda hər gün 60 nəfər boşanıb.

 

Boşanmaların artmasının səbəbləri nələrdir?

 

Mediator Fərhad Mehdiyev Modern.az-a açıqlamasında deyir ki, səbəblərdən çox boşanmaya şərait yaradan hallardan danışmaq daha vacibdir və onları ümumiləşdirmək olar.

 

"Bu məsələni bir-iki səbəbə gətirmək olmur. Səbəblər çoxdur. İnsanlar artıq özləri üçün yaşamaq istəyirlər. Onları narahat edən ortamda qalmaq istəmirlər. Ailə uğrunda hər şeyin fəda ediləcəyi dəyər olmaqdan çıxıb. Mən belə görürəm. Qadınların şüuru dəyişib. Kişilərin şüuru dəyişməyib, hələ də  70-80-cil illərdəki klassik ailə modelindədir. Ona görə də boşanmaya müraciət edənlərin əksəriyyəti, 90%-i  qadınlardır. Kişilər əvvəlki ailə modelini apara biləcəklərini düşünürlər, amma  qadınlarda bu belə deyil", - o qeyd edib.

 

Hüquqşünas bildirir ki, qadınlar iqtisadi azadlıq istəyirlər, ailədə heç bir şəkildə nəinki qayınana, qayınatanın, ərin də nəzarətini qəbul etmək istəmirlər:

 

"Başa düşürəm ki, boşanmaların müəyyən faizi ərin xəyanəti səbəbilə olur. Xəyanət ciddi boşanma səbəbləri arasındadır. Digər səbəblər kimi xasiyyət uyğunsuzluğu, maddi çətinlikləri göstərmək olar. Maddi çətinliklər olanda mövcud problemlər daha da qabarır. Boşanmaya gələn şəxslərin çoxu dar gəlirli şəxslərdir. Müqayisə aparsaq, varlı insanlar, yəni orta təbəqənin insanlarından daha çox kasıb insanlar boşanır. Ailədaxili problemlər daha tez özünü biruzə etməyə başlayır".

  

Gender mələləri üzrə məsləhətçi Aynur Veysəlova boşanmalarla bağlı tendensiyanın dünyada da müşahidə edildiyini bildirib.

 

"Son 10 ildə dünyada boşanmaların sayı 2 dəfə artıb, nikahların sayı isə 2 dəfə azalıb. Bu qlobal prosesdir. Ona görə biz də eyni prosesi yaşayırıq. İldən-ilə bu dinamikanın artdığını müşahidə edə bilərik.

 

Bunun müxtəlif səbəbləri var. Bu gün ailə instituna, evlənməyə ciddi münasibət arxa plana keçib.  Ailə quran  cütlüklərin sosial məsuliyyəti məsələsi önə çıxmalıdır. “Nə üçün ailə qururam?” sualını özlərinə verməlidirlər. Bu ailə birgə yaşayış nə üçündür, hansı məsuliyyəti daşıyıram? Ər və ya  arvad olaraq hansı məsuliyyət və öhdəlikləri var? Ailədə vəzifə bölgüsü necə olmalıdır? Ər-arvad müansibətləri necə olmalıdır? Buna bir hazırlıq olmalıdır. Bu gün görürürk ki, düşünmədən, məqsədyönsüz, məsuliyyət daşımadan ailə qururlar. Tərəflərin bir-birinə qarşı münasibəti də vacibdir. Bir-birini sevirlərsə, bu hələ o demək deyil ki, birgəyaşayışa hazırdırlar. Onların bir-birinə uzlaşması, uyğunlaşması məsələsi çox vacibdir", - o qeyd edib.

 

Aynur Veysəlovanın sözlərinə görə, ailələrin böhran dövrü var, bu dövrdə təmkinli, səbrli olmaq, bir-birinə güzəştə getmək lazımdır:

 

"Özünü digərinin yerinə qoyaraq, qarşısındakını anlamağa çalışmalıdır. Ailə qurmaq iki insanın bir damın altında qarşılıqlı hörmət və anlaşma ilə yaşayışının, yeni nəslin davam etməsi deməkdir. Əfsuslar olsun ki, bunlara əməl olunmur, ailələr dağılır. Ailə dəyərləri, ailədə ər-arvadın vəzifələri, rol bölgüsü kimi məsələlərlə bağlı maarifləndirmək lazımdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri