Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova BMT Baş Assambleyası çərçivəsində Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün mümkünlüyü ilə bağlı sualı cavablandırıb.
Modern.az-ın məlumatına görə, Zaxarova deyib ki, əgər bu görüşə hazırlıq başlasa, məlumat veriləcək.
"Əgər belə bir görüş hazırlanırsa, biz bu barədə mütləq məlumat verəcəyik" dedi.
“Hələlik isə deyə bilərəm ki, biz tərəflərlə əlaqə saxlayırıq”, - o əlavə edib.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi sentybarın 19-da Qarabağ bölgəsindəki qanunsuz erməni hərbi birləşmələrinə qarşı antiterror tədbirlərinə başlandığını elan edib.
Tədbirlərin məqsədi Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir.
Müdafiə Nazirliyi bəyan edib ki, bu tədbirlər yalnız hərbi hədəflərə yönəlib.