Modern.az

Türkiyə Azərbaycanın yanındadır - AKP-li deputat Modern.az-a DANIŞDI

Türkiyə Azərbaycanın yanındadır - AKP-li deputat Modern.az-a DANIŞDI

19 Sentyabr 2023, 17:30

Son günlər Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.

 

Belə ki, gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxıb və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralanıb.

 

Daha sonra Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı maşın hadisə yerinə doğru hərəkət edərkən separatçıların Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yoluna yerləşdirdiyi minaya düşərək partlayıb. Bu terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

 

Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.



Müdafiə Nazirliyi erməni terroruna cavab olaraq sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni hərbi birləşmələrinə qarşı antiterror tədbirlərinə başlandığını elan edib.

 

Antiterror tədbirlərinin başlamasından sonra Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Baş Qərargah rəisi ordu generalı Metin Gürak həmkarları Zakir Həsənov və Kərim Vəliyeva zəng edərək dəstək ifadə ediblər.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını (AK Parti) təmsil edən millət vəkili Şamil Ayrım Azərbaycanın başladığı lokal antiterror əməliyyatının uğurlu olacağına inandığını qeyd edib.

 

“Ermənistan, təəssüf ki, son ayda Azərbaycanla şərti sərhəddə 60-dan çox təxribat törədib. Bir yandan da mina basdırılması və digər qanunsuz hərəkətlərə imza atıb. Azərbaycanın xəbərdarlıqlarına, Prezident cənab İlham Əliyevin vətəndaşlığı qəbul edən ermənilərin Qarabağda yaşaya biləcəyini deməsinə,beynəlxalq aləmdə bir çoxlarının bura Azərbaycan torpağıdır söyləməsinə baxmayaraq, separatçılar qanunsuz seçki keçirdi. Ermənistan oradakı vəziyyəti gərginləşdirdi. Onlar 30 ildir ki, ərazilərə minalar basdırmaqla məşğuldur. Sonuncu mina basdırılması zamanı 4 polisimiz dünyasını dəyişdi. Azərbaycanın başladığı antiterror tədbirləri önəmlidir.  Düşünürəm ki, bu tədbirlər uğurla nəticələnəcək. Hesab edirəm ki, məsələ bu dəfə kökündən həll edilməlidir. Əks təqdirdə bunların təxribatları dayanmayacaq.  Bunlar ancaq zor dilindən başa düşür. Bir sözlə, əməliyyat uğurlu olacaq və bölgəyə sülh gələcək”.

AKP-li deputat Türkiyənin yaxşı gündə də, pis gündə də Azərbaycanın yanında olduğunu və olacağını diqqətə çatdırıb:

 

“Türkiyə həmişə Azərbaycanın yanında olduğunu söyləyib. Cənab Prezident Rəcəb Tayyib Ərdoğan G-20 zirvəsində Paşinyanla və cənab İlham Əliyevlə görüşdü. Proseslərin sülh yolu ilə həll olunmasının vacibliyini dilə gətirdi. ABŞ-a gedərkən Rusiyanın da daxil olduğu dördlü formatı irəli sürdü. Beynəlxalq cameəyə baxdıqda, onların bir qismi heç vaxt Azərbaycanın yanında olmayıb. Bu gün Fransa tam bir mövqe sərgiləyərək, Ermənistana dəstək verir. Oradakı erməni diasporu onları dəstəkləyir. Onların təlimatları ilə davranırlar. Belə olan halda Fransadan, ABŞ-dakı bəzi qüvvələrdən nəsə gözləmək mənasız olar. Son zamanlar Ermənistan Rusiyanı da əsəbləşdirən addımlar atmağa başlayıb. Hətta Paşinyan deyib ki, “ Biz Qarabağ savaşı zamanı Rusiyaya arxayın olmaqla səhv etmişik. Belə etməsək, daha fərqli ola bilərdi”. Eyni zamanda erməni diasporu və hökuməti bilir ki, Ermənistanda yaşayan 2-3 milyonluq sadə xalq da müharibə istəmir. İqtisadiyyatlarının güclü olmasını istəyirlər. Digər yandan Azərbaycanın yanında Türkiyənin olduğunu unutmamalıdırlar. Biz Azərbaycanın  yaxşı günündə də, pis günündə də yanındayıq. Biz bir millət, iki dövlətik. Şuşa bəyannaməsi ilə bu, bir daha təsdiqləndi. Ermənistanın Türkiyəylə münasibətlərinin normallaşması, eyni zamanda iki ölkə arasında quru sərhədlərinin açılması onun Azərbaycanla münasibətlərindən asılıdır.Lakin Ermənistan və havadarlarının əməlləri nəticə verməyəcək. Türkiyə və Azərbaycan bu istiqamətdə öz məqsədlərinə çatacaq və  regionda sülh və əmin-amanlıq olacaq. Bu prosesin qarşısında olanların ağıllarını başlarına toplamasını arzu edirik”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi