Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda apardığı 24 saatdan az davam edən antiterror tədbirləri separatçıların ağ bayraq qaldırması və təslim olması ilə nəticələndi.
Antiterror tədbirləri zamanı 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik Silahlı Qüvvələrimizin nəzarətinə keçirilib. Eyni zamanda qarşı tərəfə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 1 ədəd tank, 2 ədəd piyadanın döyüş maşını (PDM) və xeyli sayda silah-sursat Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirir ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunmuşdur:
1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Şəhid ailələri Azərbaycan ordusunun növbəti qələbəsi ilə bağlı düşüncələrini Modern.az-la bölüşüb.
Şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova bayrağımızın tezliklə Xankəndində dalğalanmasını gözlədiyini bildirib.
“Cənab Ali Baş Komandanın siyasi, düzgün fikri var. Onu da bizim yenilməz ordumuz, güclü hərbçilərimiz yerinə yetirir. Onlar bizim xəritəmizi,bayrağımızı, dövlətimizi, qəbul etməlidirlər. Yaşayırlarsa elə yaşamalıdırlar. Yaşamırlarsa, Ermənistandanda, Fransada və ya başqa yerdə özlərinə “Qarabağ” yarada bilərlər.
Bizim üçün nə qədər çətin olsa da, uşaqlarımız hamısı döyüşdədir. Gözləyirik ki, Xankəndində, Xocalıda bayrağımız dalğalansın. Yaşasın igid oğullarımız, yaşasın Cənab Prezidentimiz. Ali Baş Komandanın dəmir yumruğu var,elə onlar başın qaldıranda başlarına endirə bilir. Allah ordumuzu, xalqımızı qorusun”.
Şəhid Hüseynli İbrahim İsa oğlunun həyat yoldaşı Surfanə Hüseynli qürurlandığını deyib.
“Vətənpərvər bir ailə olaraq Cənab Ali Baş Komandanın irəli sürdüyü siyasəti dəstəkləyirik. Qafqazda Azərbaycan artıq qələbə çalmış bir respublika olaraq tanınır. Qisas qiyamətə qalmadı. Şəhidlərimizin ruhu şaddır. Xocalıda tökülən qanlar yerdə qalmadı. Qələbəmizi Cənab Ali Baş Komandana və Şəhidlərimizə borcluyuq. Ərazi bütövlüyümüzü tam bərpa etdik. 24 saatda mənfur düşmənin ordusunu dizə gətirmək məni qürurlandırır. Yaşasın ordumuz! Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Artıq övladım AliTuran suveren dövlətimizdə böyüyəcək!”