Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün - 27 sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.
Modern.az müxtəlif sahələr üzrə tanınmışların bu günlə bağlı fikirlərini öyrənib:
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı saytımıza açıqlamasında bildirib ki, Vətən müharibəsində şəhid olanların arzusu artıq yerinə yetirilib:
“Azərbaycanın bütün şəhər və kəndlərində 44 günlük Vətən müharibəsinin, şəhidlərimizin Anım Günüdür. Hər il bu gün saat 12-də bir dəqiqəlik sükutla Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilir. Bu, çox gözəl ənənədir. Vətən yolunda canından keçən heç bir kəs unudulmamalıdır. İlk dəfə onların portretləri Bakının küçələrində xatirə yürüşünün keçirilməsi yadımdadır. Çox təsirli və son dərəcə möhtəşəm görüntü idi. Portretlərin sanki hər biri canlı şəkildə o yürüşdə iştirak edirdi. Onlar uğrunda canlarından keçdiyi torpaqlarda sanki addımlayırdı. Xatirələri əbədidir. Hər fürsətdə onların haqqında söhbətlər gedir. Onların qəhrəmanlıqları haqqında yazılır, nəğmələr qoşulur. Onlar bütün azərbaycanlıların qəlbindədir”.
Sabir Rüstəmxanlı bu il Anım Gününün daha fərqli mühitdə qeyd olunduğunu söyləyib:
“Çünki 44 günlük Vətən Müharibəsində şəhid olanların arzusu yerinə yetirildi. Onların hərbçi yoldaşları Qarabağdakı antiterror tədbirləri zamanı ərazilərimizi bütün düşmənlərdən azad etdi. Dünyanın görzü qarşısında, sivil insanlara ziyan vurmadan, yalnız hərbi obyektləri sıradan çıxarmaqla buna nail olduq”.
Xalq artisti Mənsum İbrahimov vurğulayıb ki, 27 sentyabr Azərbaycan tarixinə qırmızı hərflərlə yazılan bir gündür:
“Həmin gün Ordumuz BMT-nin qəbul etdiyi qətnamələri özü icra etməyə başladı. 30 il sülh və ədalət gözlədik. Lakin bunun əksini gördük. Ona görə də, Azərbaycan xalqının, Ordusunun, Ali Baş Komandanın birliyi sayəsində özümüz torpaqlarımızı azad etdik. 44 gün ərzində sözün əsl mənasında qəhrəmanlıq dastanı yazıldı. Təbii ki, igid şəhidlərimizin, qazilərimizin sayəsində bu işə nail olduq. Bütün şəhidlərimizə Allah rəhmət etsin! Mənim də ailə üzvlərimdən şəhid olanlar var. İsrafil İbrahimov xüsusi təyinatlı kimi 30 gün döyüşərək Laçında şəhidlik zirvəsinə yüksəldi. Bu gün isə tarixi günləri yaşayırıq. Lokal xarakterli antiterror tədbirləri ilə məsələyə yekun vurduq. Artıq bütün torpaqlarımızın tam sahibiyik. Bizim bayrağımız Qarabağımızın hər yerində asılır”.
Mənsum İbrahimov indi özümüzün öz torpağımızın sakini olmağımızın sevindirici olduğunu vurğulayıb:
“Bu, bir-iki günün işi deyildi. Gənclik yetişdi. Onların, dövlətimizin apardığı uğurlu daxili və xarici siyasətin, yəni Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun sayəsində qələbə qazandıq. Bu gün bizim alnımız açıq, başımız dikdir. İgidlərimiz bizi xəcalətdən qurtardı. Bütün dünyada artıq hörmət olunan xalq və millət kimi tanınırıq. Tarix göstərdi ki, ermənilər normal dildən başa düşmürlər. Onlar ancaq yumruq dilindən anlayırlar. Ancaq bu gün də biz öz humanizmimizi göstərdik. Bizim əhalimizin 30 il bundan qabaq ermənilər tərəfindən zorla köçürülmələrinə, işgəncələrə məruz qoyulmasına baxmayaraq, bu gün onlara hər şəraiti yaradırıq. Biz sivil insanlara toxunmamışıq. Onlar bizim məscidlərimizlə, ölülərimizlə, mülki əhalimizlə döyüşüblər. Biz yenə də, humanizmimizi və mədəniyyətimizi göstərdik. Döyüşün də mədəniyyəti var. Biz döyüş meydanında qisasımızı aldıq. Mülki əhalidən qisas almadıq. Şükür ki, bizim torpaqlarımız azaddır, bayraqlar Qarabağda dalğalanır. Bayrağımız həmişə zirvədə olsun! Yaşasın, Azərbaycan! Yaşasın, Azərbaycan milləti!”
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Qarabağın tamamilə azad olunmasının xalq üçün təsəlli olduğunu bildirib:
“27 sentyabr tarixi Azərbaycan üçün çox önəmlidir. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərə isə Allahdan şəfa diləyirik. Bir yandan da övladlarımızı itirdiyimizə görə qəmginik. Onların analarının, ailə üzvlərinin nə hisslər keçirdiklərini bu illər ərzində nələr yaşadıqlarını hiss etmək çətindir. Dövlətimizin bütövləşməsi təsəllidir. Bizim üçün həm hərbi, həm diplomatik qələbə oldu. Əlbəttə ki, mən də bir ana kimi bilirəm ki, bu məsələ insanı incidir. Dünyada yəqin ki, övladdan şirin heç bir varlıq mövcud deyil. Bu acının şəhidlərin yaxınları üçün tərifi yoxdur. Çox təəssüf ki, müharibə insan itkisi ilə başa gəlir. Antiterror tədbirləri zamanı 192 şəhidimiz olub. Allahdan onlara da rəhmət diləyirik. Dəhşətlidir. Ancaq bunun nəticəsində biz qalan torpaqlarımızı da azad etdik. Bu bizim təsəllimizdir. Ümid edirəm ki, bundan sonra heç vaxt müharibə olmayacaq. Heç vaxt antiterror tədbilərinin keçirilməsinə ehtiyac qalmayacaq. Bundan sonra ancaq güclü Azərbaycan olacağıq”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə vurğulayıb ki, 27 sentyabr 2020-ci il tarixi böyük qələbəyə gedən yolun başlanğıc günüdür:
“Bizim müstəqillik və suverenliyimizin tam bərpa edilməsinə bu gündən başlanılıb. 2023-cü ilin sentyabr 19-da başlayıb, 20-də bitən lokal antiterror tədbirlərinin bünövrəsi məhz 27 sentyabrda qoyulub. Biz bu tarixdə başlayan 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın Ermənistanla şərti sərhədlərinə qədər gedib çıxaraq, işğal olunmuş rayonlarımızı, şəhərlərimizi, kəndlərimizi azad etsək də, Qarabağdakı bir sıra erməni etniki, separatçıların girovuna çevrilib qalmışdı. Eyni zamanda Ermənistan Ordusunun tör-töküntüləri, hərbi birləşmələri bölgədə at oynadırdılar. Azərbaycana tabe olmaqdan imtina edirdilər. Məhz 27 sentyabrdan başlanan Zəfər yürüyüşümüzün əsas hədəfi Qarabağın tam olaraq işğaldan azad olunması idi. 19 sentyabr 2023-cü ildə başlayan 20 sentyabrda bitən antiterror tədbirləri ilə meseleye birdəfəlik son qoyduq. Azərbaycan bütün ərazilərində konstitusiyon quruluşunu bərpa etdi”.
“Bu gün şəhidlərimizin Anım Günüdür. Biz onların qanı hesabına torpaqlarımızı işğaldan azad etdik. Hesab edirəm ki, illər də keçsə, şəhidlərimizi heç cür unuda bilmərik. Onların müqəddəs torpaq uğrunda canlarından keçməsini dəyərləndirməliyik. 27 sentyabr 2020-ci ildə başlayan müharibədə şəhid olan qardaşlarımızın, oğullarımızın, dostlarımızın, əsgərlərimizin qanı əbəs yerə axıdılmayıb. Onların başlatdığı azadlıq mücadiləsi 2023-cü il 19-20 sentyabr tarixlərində aparılan lokal antiterror tədbirləri nəticəsində tam qələbə ilə nəticələndi. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qazilərimizə isə Allahdan şəfa diləyirik. Tez bir vaxtda sağalıb, xidmətlərində və ailələrinin yanında olmağı onlara arzu edirik. Allah Azərbaycan xalqını, Azərbaycan Ordusunu, Ali Baş Komandanı qorusun. Məhz Prezidentin düşünülmüş, balanslaşdırılmış, olduqca düzgün siyasəti nəticəsində Azərbaycana qarşı bütün kompaniyalara sinə gərə bildik və torpaqlarımızın hər qarışını azad etdik”-, hüquq müdafiəçisi bildirib.