Qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyan həbs edilib. Rusiyalı milyarder Ruben Vardanyan sentyabrın 27-də “Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən saxlanılaraq Bakıya gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.
1968-ci il təvəllüdlü erməni milyarder Ruben Vardanyan İrəvanda anadan olsa da, sərvətini Rusiyada qazanıb. "Forbes" jurnalı onun varidatının təxminən 1 milyard dollar həcmində qiymətləndirir. O, Birinci Qarabağ müharibəsində ermənilərin cinayətlərində birbaşa iştirak etməsə də, bir sıra əməllərinə görə hüquqi məsuliyyət daşıyır.
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) məlumatına görə, Vardanyanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Modern.az Vardanyanı hansı cəzanın gözlədiyini araşdırıb.
Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə mühakimə olunan şəxs əmlakı müsadirə olunmaqla on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etməni nəzərdə tutan Məcəllənin 279-3-cü maddəsi ilə Vardanyanı on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.
Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə Vardanyan min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilə və ya iki ilədək müddətə azadlıqdan məhrum edilə bilər.