Modern.az

Kamran Əliyev Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüşdü

Kamran Əliyev Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüşdü

28 Sentyabr 2023, 17:30

Sentyabrın 28-də prokurorluq orqanlarının yaranmasının 105-ci ildönümü ərəfəsində Baş Prokurorluqda şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə ənənəvi görüş keçirilib.

 

Modern.az xəbər verir ki, öncə bu il anadan olmasının 100-cü il dönümünü qeyd etdiyimiz Azərbaycan Respublikasının qurucusu və memarı ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan Baş prokuror Kamran Əliyev şəhid prokurorluq əməkdaşlarının ailə üzvlərinə dərin hörmətini ifadə edərək öz xidməti borcunu layiqincə yerinə yetirərək əsl qəhrəmanlıq nümunələri göstərən, şəhidlik zirvəsinə ucalan həmkarlarımızın ömür yolunun bu gün xidmət edən hər bir prokurorluq əməkdaşı üçün örnək olduğunu bildirib.

 

Tədbirdə çıxış edən sabiq Baş prokuror İsmət Qayıbovun oğlu İsmayıl Qayıbov, Qubadlı rayonunun sabiq prokuroru Nizami Ağayevin həyat yoldaşı İradə Ağayeva, Qubadlı rayon prokurorluğunun sabiq müstəntiqi Eyyub Vəliyevin həyat yoldaşı Flora Vəliyeva, Qazax hərbi prokurorluğunun sabiq müstəntiqi Səbuhi Xasayevin anası Qeysun Babayeva, prokurorluğun veteranları Seyfulla Aslanov, Dürhəsən İmanov, həmçinin Vətən Müharibəsinin iştirakçısı, Sumqayıt şəhər prokurorluğunun müstəntiqi Xalıq Dadaşzadə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri və müharibə iştirakçılarına diqqət və qayğısından söz açıb, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən bəhs edib, həmçinin göstərilən dəstək və qayğıdan məmnunluqlarını ifadə ediblər.

 

Tədbirə yekun vuran Baş prokuror prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli ilə bağlı bundan sonra da daim işlər görüləcəyini qeyd edib, prokurorluq orqanlarının onlara, həmçinin prokurorluğun veteranlarına hər zaman dəstək olacağını vurğulayıb.

 

Sonda tədbir iştirakçıları ilə birgə xatirə fotoşəkli çəkdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi