Modern.az

Matəm günləri ləğv edilməlidirmi... - Deputat və tarixçi fərqli fikirdədir

Matəm günləri ləğv edilməlidirmi... - Deputat və tarixçi fərqli fikirdədir

Aktual

5 Oktyabr 2023, 17:04

Bir neçə gün öncə Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa təqvimdən matəm günlərinin çıxarılmasını təklif edib. O deyib ki, qalib dövlətin tarixində sadəcə qələbə günləri olmalıdır. "Azərbaycan tarixinə baxsaq 20-ə yaxın gündə matəm günləri var. Düşünürəm ki, biz bu günlərə baxmalı və çıxarmalıyıq”, - deputat qeyd edib.

 

Millət vəkilinin təklifi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Onun fikirləri qısa müddət ərzində geniş müzakirələrə səbəb olub.

 

Fazil Mustafa fikirlərinə açıqlıq gətirib. O deyib ki, söhbət hansısa faciəli tarixi hadisəni unutmaqdan getmir, bütün tariximizdə olan kədərlər, faciələr hamısı insanımızın yaddaşında qalmalıdır və bunu da hər kəs özünəməxsus şəkildə fərdi, qrup və yaxud bütövlükdə xalq formasında qeyd etməlidir.

 

"Lakin bunun bütövlükdə matəm günü olaraq rəsmiyyət qazanması məsələsi narahatedici amillərdən biridir. Bunun da əsas səbəbi budur ki, Azərbaycan xalqı mental xüsusiyyətinə görə iki yerə bölünür – birincisi, tarixən türklük və qafqazlılıq duyğusunu önə çəkən və həmişə matəmi arxada buraxıb, qələbə, uğur üçün çalışan, onun üçün mübarizə aparan bir xalq obrazı, ikincisi isə ermənilərdən və iranlılardan götürdüyümüz matəm mazoxizmini daşıyan xalq obrazı. Yəni, diqqət edəndə görürük ki, matəmçilik bizim gerçək milli və dini mahiyyətimizə uyğun gəlmir. Çünki insan kədər üzərində yaşamını formalaşdıranda, həyatını bu motiv üzərində quranda onun dünyada quruculuq və yaradıcılıq potensialı xeyli aşağı düşmüş olur. Bu təkcə insana aid deyil, bütövlükdə insanlardan ibarət olan xalqa da aid məsələdir.

 

Türkmənçay hadisələrindən sonra, Azərbaycan Rusiyanın işğalı altına düşməsindən başlayaraq yeni məktəb, yeni düşüncəni mənimsəyərək yetişən ziyalılarımız 1918-ci ildə bizə müstəqil demokratik dövlət qurublar. Eyni müstəqil dövləti bizdən sayca üç dəfə artıq soydaşlarımız İrandan ayrılaraq qura bilməyiblər. Ona görə də əsl mədəni tariximizin haradan başladığı üzərində ciddi düşünməliyik”.

 

Deputat artıq xalqımızı aydın gələcəyə baxan vəziyyətə gətirməyə ehtiyac olduğunu vurğulayıb.

 

“Əlbəttə ki, bu, keçmişi unutmaq anlamına gəlmir. Bu, mənfur erməniçilikdən və miskin irançılıqdan uzaqlaşmaq, gerçək bir türk və qafqazlı iradəsi ilə irəliyə baxmaq anlamına gəlir. Xalq bundan sonra da rəsmiyyət olmadan da həmin anıları yaşadacaq və yaşatmalıdır da. Çünki bizim tariximiz əsasən bir şəhidlik, soyqırım, qanımızın axıdıldığı tarixdir. Lakin 44 üstəgəl 1 tarixi məqamından sonra bir millət olaraq, bir sözlə, erməniçilikdən və irançılıqdan fərqli olaraq qələbə, uğur motivasiyasına daha çox önəm verən türk-qafqazlı xarakterli azərbaycanlı obrazında varlığımızı sürdürməliyik”.

 

Tarixçi Sübhan Talıblı isə tariximizdəki önəmli günləri qorumalı, yadda saxlamalı olduğumuzu vurğulayıb.

 

“Tariximizdə şərəfli, acı, fəlakətli günlər olub. Azərbaycan xalqı min illər boyu soyqırımlar, deportasiyalar xalqımızın etnik tərkibinin dəyişilməsinə cəhdlər, müharibələr, işğallar yaşayıb. Amma dərin dövlətçilik tariximiz, milli düşüncəmiz, ayrı-ayrı ictimai-siyasi xadimlərimiz, ənənəmiz Azərbaycan xalqının tarixini hər zaman qoruyub və qorumaqdadır.

 

Mənim fikrimcə, bütün tarixi günlər, başımıza gətirilən müsibətlər, faciələr öyrənilməli, təfərrüatları araşadırılmalıdır. Düçmənimizi tanımalı, bu hadisələrdən dərs almaslı, xalqımıza qarçı olan niyətləri bilməliyik. Buna görə bütün tarixi hadisələr tarixin yaddaşında qalmalı, qeyd olunmalıdı, təbliğ edilməlidir.

 

Milli matəm günlərimiz, faciələrimiz, özəlliklə 20 yanvar, Xocalı, Mart soyqrımı, xalqımızın deportasiya edilməsi  unudulmamalıdır. Hər il o günlərdə orta məktəblərdə, ali məktəblərdə, mətbuatda, Azərbaycanın xarici diplomatik nümayəndəliklərində, xarici ölkələrlə bağlı keçirilən seminarlarda, xarici elmi jurnallarda  daim nəşr edilməlidir. Biz daim çıxışlar etməli, müsahibələr ortaya qoymalıyıq. Çünki  20 yanvar Azərbaycan xalqı üçün böyük şərəf günüdür. Biz bu gün dövlətlətə nəyi sübut edirik? Faciələri sübut edirik. Biz nə etmişik, onlar nə ediblər. Hansı tarixi abidələrimizi dağıdıb, məhv ediblər. Əksinə bu faciəli günləri  öyrənməli, təbliğ etməliyik. Onlar yaşatmalıyıq. Bununla da tarixi şəxsiyyətlərimizi,faciələrimizi, milli düşüncəmizi daim yad etməliyik.Bütün bu günlər dövlət səviyyəsində qeyd olunmalıdır”.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər