Modern.az

Qranada görüşü: Paşinyanın imzaladığı sənəddə yeni heç nə yoxdur, amma...

Qranada görüşü: Paşinyanın imzaladığı sənəddə yeni heç nə yoxdur, amma...

Aktual

6 Oktyabr 2023, 17:50

Dünən Ermənistanın Baş naziri Nikol Paşinyan İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa liderləri ilə görüşüb. Görüşdə Paşinyan Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min kv.km ərazisini tanıyan Bəyanat imzalayıb.

 

Azərbaycan Qranada görüşündə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib. Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb. Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin dünənki Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib. Buna görə Azərbaycan görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tarixdə birtərəfli sənəd imzalanmanın olmadığını vurğulayıb:

 

"Qranadadakı görüşdə iştirak edən tərəflər regionda fiziki, coğrafi və mənəvi cəhətdən olmadıqlarına görə, onların danışıqlar prosesində iştirakı heç nə ilə əsaslandırıla bilməz. O prosesdən kənarlaşdırılmalıdırlar. Bundan sonra, müsbət nəsə ola bilər. Çünki, Azərbaycan danışıqlarda maraqlı olan tərəfdir. Azərbaycan həmişə bu istiqamətdə konstruktiv mövqe sərgiləyib. Biz Ermənistanla bu istiqamətdə danışıqlara hazırıq. Xüsusi olaraq, Fransa özünü tam şəkildə ifşa edib. Onların mövqeyi qəbulolunmazdır. Buna görə də onların iştirakı ilə sülhdən danışmaq mümkün deyil. Çünki onlar müharibə istəyirlər. Biz bunun canlı şahidiyik. Fransa Ermənistana silah vermək istəyir. Biz sözügedən addımı Ermənistanın faktiki olaraq növbəti müharibəyə hazırlaşdırılması kimi qiymətləndirə bilərik. Onlar hansı sülhdən, sənəddən danışırlar? Mən tarixdə birtərəfli imzalanan sənəd görməmişəm. O sənədə hər iki tərəf imza atmalıdır. Ona görə də, cənab Prezident İlham Əliyevin Qranadaya getməməsi düzgün və məntiqli bir addım idi. Onlara ciddi mesajıydı. Mesaj onların kiminlə söhbət etdiklərini, regionda hansı qüvvələrin aparıcı olduğunu göstərmək istiqamətindəydi.Bir də süni şəkildə, regiona aid olmayan qüvvələrin proseslərə qoşulması, region ölkəsi olan Türkiyənin isə proseslərdən kənarlaşdırılması Azərbaycan üçün qəbuledilməzdir".

Komitə sədri vurğulayıb ki, Paşinyanın imzaladığı bəyanatda yeni heç nə yoxdur:

 

"Ermənistan hökuməti hər dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir. Brüsseldə və Praqda qəbul etdiyi məsələləri təsdiq edir.Yəni ortada yeni heç nə yoxdur. Azərbaycanın da imzasını görmək istəyirsinizsə, müharibə istəyən, destruktiv yanaşma ilə seçilən, faktiki olaraq regiona  aidiyyəti olmayan  qüvvəni oradan kənarlaşdırın, bizdə iştirak edək. Yox, siz bunu etməyəcəksinizsə, onda normal konstruktiv danışıqlardan  söhbət gedə bilməz. Bu çox maraqlı bir məsələdir. Birincisi Qazaxın kəndləri də, o biri məslələrdə çoxdan müzakirə olunub. Bütün ərazilər qayıdacaq. Söhbət ondan gedir ki, geosiyasi  vəziyyət tamimlə fərqlidir. Bu gün onlar Azərbaycanla  danışıqlarda maraqlıdır. Onlar zamanı itirdilər. Onlara xeyli imkan yaradılmışdı ki, danışıqlarda iştirak etsinlər. Ancaq onlar bunu  tam şəkildə itirdilər. Ona görə də, bu  gün Azərbaycan nəyi nə vaxt və necə etməyi müəyyən edir. O ki, qaldı Azərbaycan torpaqlarının hər bir qarışı qaytarılacaq. Buna əmin ola bilərsiniz"

 

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov isə Paşinyanın belə bir bəyanat imzalamasının müsbət bir hal olduğunu düşünür:

 

" Ancaq biz gərək Brüsseldə keçiriləcək üçtərəfli danışıqların nəticələrini gözləyək. Orada Ermənistan  və Azərbaycan məsələləri müzakirə edəcəklər. Sülh sazişinin müddəaları var ki, hələ razılığa gəlməyiblər. Çox güman ki, orada məsələləri müəyyənləşdirəcəklər. Ermənistanla Azərbaycan arasında danışıqların necə olacağı məlum olacaq. Artıq rəhbərlər tərəfindən göstərişlər veriləcək ki, hansı istiqamətdə işlər qursunlar. Yaxşı olardı ki, görüşlərdə 3-cü tərəf olmasın. İki ölkənin rəhbərləri təkbətək görüşüb sülh müqaviləsini müzakirə etsələr yaxşı olar. Çünki üçüncü tərəflərə məsələyə öz maraqlarından yanaşırlar.  O baxımdan İspaniyadakı görüşdə bunu təsdiq edir. Ona görə də, təklif olunacaq ki, gəlin, birbaşa görüşüb, çətin məsələləri müzakirə edək və aradan qaldıraq. Düşünürəm ki, bu görüş çox mühümdür. Antiterror tədbirlərindən sonra görüşdə ermənilər sülh sazişini imzalamağa hazırdılar".

Sabiq nazir məsələlərin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını qeyd edib:

 

"Mən belə başa düşünürəm ki, ərazi bütövlüyü deyəndə 1991-ci ildə Azərbaycanın müstəqillik elan etdiyi vaxtdakı ərazilər nəzərdə tutulur. Qazağın yeddi kəndi ilə Naxçıvanın Kərki ərazisi də müzakirə olunacaq. Artıq  o da təsdiqlənib ki, Azərbaycan ərazi bütövlüyü çərçivəsində  məsələlər həll olunacaq. Azərbaycan ərazi bütövlüyü o deməkdir ki,  7 kənddə Azərbaycan ərazisidir. Qarabağda lokal antiterror tədbirlərindən sonra Azərbaycan mövqeyini daha da gücləndirib".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər