Fələstinin HƏMAS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) silahlılarının şənbə günü səhər saatlarında başladığı hücumlardan sonra İsraildə ölənlərin sayı artıq 700 nəfəri ötüb. İsrail hökuməti əks tədbirlərə əl atıb.
Yaxın Şərqdə alovlanan bu müharibənin Cənubi Qafqaza təsiri ola bilərmi?
Siyasi şərhçi Elxan Şahinoğlu Modern.az-a bildirib ki, belə bir ehtimal var:
"Çünki burada böyük dövlətlərin maraqları kəsişir. Təhlükəli vəziyyət yaranıb. İsrail HƏMAS-ın terror hücumuna cavab olaraq Qəzza bölgəsini bombalayır. Beynəlxalq aləmdə ikitirəlik yaranıb. Qərb ölkələri İsraili dəstəkləyərkən, digər dövlətlər, o cümlədən Türkiyə, Rusiya və Çin hər iki tərəfi savaşı dayandırmağa çağırır. Hətta Fələstini dəstəkləyən açıqlamalar da var. "Fələstinin müstəqilliyi də tanınmalıdır",- deyilir. İran və Suriya isə Fələstini və HƏMAS-ın hücumlarını dəstəkləyir. Belə bir təhlükəli vəziyyət yaranıb. Müharibənin Avrasiya bölgəsinə sıçrama ehtimalı var. Çünki artıq İranın dəstəklədiyi "Hizbullah" təşkilatı Livandan İsrailə atəş açır. Bunun Cənubi Qafqaza da müəyyən təsirləri ola bilər. İsrail Azərbaycanın tərəfdaşıdır. Azərbaycan əlbəttə ki, müharibənin dayanmasını istəyir. Biz Fələstinin beynəlxalq hüquqa uyğun olaraq müstəqilliyini dəstəkləyirik. İsrailə qarşı terror hücumunu da mütləq şəkildə pisləməliyik. Artıq Azərbaycan-İsrail Paralamentlərarası işçi qrupu bu məsələdə fikrini bildirib. İşin içində İran varsa, Tehran yalnız İsraili yox, həm də Təl-Əvivin bölgədəki əməkdaşlarını hədəfə götürəcək. Azərbaycana qarşı da İrandan açıqlamalar və fikirlər səsləndirilir. Ermənistanda da İsrailə hücuma sevinənlər var".
Politoloq İsrailin ərazicə kiçik olmasına baxmayaraq, hərbi baxımdan güclü dövlət olduğunu xatırladıb:
"İsrail terrorun miqyasını azaltmağa çalışacaq. HƏMAS-ı dəstəkləyənlər heç nə qazanmayacaqlar. Əksinə, bölgəni qarışdırmış olacaqlar. İranın məqsədi diqqəti özündən yayındırmaq idi. Digər tərəfdən, İsrail son zamanlar ərəb ölkələri ilə sıx əlaqə qururdu. Səudiyyə Ərəbbistanı ilə danışıqlar son məqama qədəm qoymuşdu. Buna da mane oldular. Azərbaycan özü də bir müddət əvvəl İsraildə səfirlik açıb. İranı narahat edən məsələlər arasında bu da vardı. Lakin bunlar heç bir nəticə verməyəcək. Amerika da İsrailə hərbi dəstəyini artıracaq. Əgər müharibənin miqyası artarsa, bunun Cənubi Qafqaza mənfi təsirləri ola bilər. Yəni İran yenə də Azərbaycanı hədəfə götürə biər. Son hadisələr fonunda Qarabağ mövzusuna maraq azaldı. Bu da bizim xeyrimizədir. Biz istəyirik ki, beynəlxalq aləm bizim məsələlərə qarışmasın. Qarabağda separatçılığa son qoymuşuq. Bu hadisələrdən sonra beynəlxalq aləmin diqqəti Yaxın Şərqdə baş verənlərə köklənəcək".
Politoloq Natiq Miri bütün belə ciddi münaqişələrin digər regionlara təsir etdiyini söyləyib:
"Hər iki etnos vətən torpaqları uğrunda çarpışdığını düşünür. Buna görə də tərəflərin bir-birinə güzəştə gedəcəyini düşünmürəm. Nəticə etibarilə, bu müharibə çox can alacaq. Artıq birgünlük müharibənin nəticələrinə baxsaq, İsrailin 10 illər ərzində vermədiyi qədər itki verdiyini görərik. Bu da qarşı tərəfin müharibəyə ciddi və peşəkar şəkildə hazırlaşdığını göstərir. Ümumiyyətlə, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 19-20 sentyabr tarixlərindəki birgünlük antiterror tədbirlərinin presedent yaradacağı məlum idi. Artıq bunu görürük. Əvvəlcə Kosovo və Serbiya arasında müharibə vəziyyəti yarandı. NATO-nun təzyiqindən sonra vəziyyət müharibə həddinə çatmadı. HƏMAS-ın da İsrailə hücumunun məhz bu tarixə təsadüf etməsinin arxasında sadəcə hansısa güc mərkəzləri dayanmır. Burada məhz Azərbaycanın güc yolu ilə öz problemini həll etməsi əsas səbəbdir. Artıq düşünülür ki, məsələ yumşaq yolla həll edilmirsə, onun aradan qaldırılması hərbi yolla mümkündür. Bu münaqişə digər ərazilərə də sıçrayacaq. Bütün müharibələr digər regionlara təsir edir. Əgər İsrail həqiqətən də HƏMAS-ı tamamilə təsirsiz hala gətirə biləcəksə, İranın strateji obyektlərinin vurulması məsələsi də gündəmə gələ bilər".
Natiq Miri vurğulayıb ki, müharibənin miqyası böyüyüb bizim regiona sıçrayacağı halda bunun Cənubi Qafqaz, eləcə də Azərbaycana ciddi təsiri ola bilər:
"Artıq bu istiqamətdə İranın barmaq sirkələyişlərini müşahidə edirik. Hətta Azərbaycanı hədələyənlər var. Ərəb dünyasının prosesə nə dərəcədə qoşulub-qoşulmamasından çox şey asılı olacaq. Bu ehtimal o qədər də böyük görünmür. HƏMAS bütün islam dövlətlərini İsraili məhv etməyə çağırır. Artıq Misirdə israilli turistlərə atəş açılıb. Yəni ictimai səviyyədə İsrail əleyhinə böyük qəzəb var. Amma Ərəb hökumətlərində düşüncə bu səviyyədə deyil. Ərəb Liqasının xarici işlər nazirləri görüşəcək. Bundan sonra məsələnin necə inkişaf edəcəyini demək olar. ABŞ və onun strateji müttəfiqlərinin məsələyə yanaşması proseslərin sonrakı gedişini müəyyənləşdirəcək. Artıq ABŞ İsrailə ildırım sürətilə silah yardımları göndərib. Bu da ABŞ-ın məsələnin sülhlə həllində maraqlı olmadığını deməyə əsas verir. Əks halda, Türkiyənin etdiyi kimi, tərəfləri masaya dəvət edərdi. Prosesin istiqaməti yaxın günlərdə məlum olacaq. İsrailin Qəzzada quru yolu ilə hərbi əməliyyatlara başlaması proseslərin necə inkişaf edəcəyindən asılı olacaq. Hesab etmirəm ki, HƏMAS yalnız azsaylı ordu ilə İsrailə təcavüz edib tükənəcək. Özünümüdafiə, Fələstinin müdafiəsi bu planın tərkibi hissəsidir. ABŞ özünün ən böyük 6-cı hərbi donanmasını Aralıq dənizinə göndərib. Bu, "Hizbullah"a barmaq sirkələyişidir. İran da məsələyə müdaxilə edə bilər. Ona görə də bu mürəkkəb vəziyyəti şərh etmək olduqca çətindir".