Modern.az

Gürcüstanın vasitəçilik təklifi: Azərbaycan-Ermənistan görüşünə nə mane olur?

Gürcüstanın vasitəçilik təklifi: Azərbaycan-Ermənistan görüşünə nə mane olur?

10 Oktyabr 2023, 11:00

Oktyabrın 5-də Prezident İlham Əliyev Gürcüstana sayca 11-ci səfərini reallaşdırıb. Səfır zamanı Prezident qonşu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Müzakirələr və mətbuata birgə bəyanatlarda ən müxtəlif məsələlərə toxunulub. Dövlət başçılarının toxunduğu vacib məqamlardan biri isə Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesi və Gürcüstanın buna yanaşması ilə bağlıdır. 
 
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mövzu ilə bağlı çıxışında deyib: "Bizim böyük ümidlərimiz var ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalayacaq. Bu baxımdan da bizim Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı fikirlərimiz tam üst-üstə düşür. Ümidvarıq ki, bu, bölgədə sülh davamlı olacaqdır və ölkələrimizin firavanlığına xidmət edəcəkdir, həm də Azərbaycan, Ermənistan və Gürcüstan xalqları üçün. Biz burada - Gürcüstanda hər zaman qərəzsiz mövqeyə malik olmuşuq, biz bu gün də hazırıq ki, bu məsələyə töhfə verək. Biz istəyirik ki, bu məsələdə vasitəçilik edək və istənilən dostluq formatını təqdim etməyə hazırıq. Bizim gələcəyimiz dinc, sabit olmalıdır və Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir".
 
Azərbaycan Prezidenti İlham Əliyev də məsələ ilə bağlı fikrini  bildirib: "Biz bu gün, eyni zamanda, Ermənistan-Azərbaycan normallaşma prosesinə toxunduq. Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü, keçən ay isə bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. İndi isə biz Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, bütün bunlar, mümkündür. Sadəcə olaraq biz bundan məhrum idik, ona görə ki, Azərbaycan ərazilərinin bir hissəsi uzun illər işğal altında idi və təbii ki, bu vəziyyət imkan vermirdi ki, normallaşmaya doğru addımlar atılsın. İndi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar.
 
Bildiyiniz kimi, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər".
 

Gürcüstanın Beynəlxalq Münaqişə və Danışıqlar Mərkəzinin eksperti Zaal Anjaparidze Modern.az-a bildirib ki, Cənubi Qafqazda və onun ətrafında maraqlı olan tərəflər var:
 

“Bir çox hallarda maraqlı tərəflər - Rusiya, Avropa İttifaqı, ABŞ, Türkiyə və başqaları bölgədə vasitəçi olmağa çalışır. Amma sülhün bərqərar olması üçün Ermənistana da diqqət yetirmək lazımdır. Bu, Baş nazir Paşinyanın hakimiyyəti saxlayıb-saxlamamasından da asılıdır. Hazırda Ermənistan hakimiyyətində ciddi problemlər var. Sülh masasına oturmaq üçün bu problemləri həll etmək lazımdır. Digər tərəfdən, "Zəngəzur dəhlizi" probleminin necə həll ediləcəyi də görüşün baş tutmasına təsir edə bilər. Təbii ki, Gürcüstandakı kifayət qədər təlatümlü dövlətdaxili vəziyyət də görüşə mane ola bilər. Amma hər bir halda Cənubi Qafqazda sülh üçün çalışmaq lazımdır. Burada vasitəçi dövlət olaraq Gürcüstan çıxış edə bilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi