2020-ci ildə əzəli torpaqlarımızın erməni işğalından azad olunmasından dərhal sonra Azərbaycan genişmiqyaslı bərpa-yenidənqurma işləri həyata keçirməyə başladı.
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın sədrliyi ilə Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında çıxışı zamanı deyib.
Həmin ərazilərdə çox qısa müddət ərzində böyük əhəmiyyət kəsb edən infrastruktur layihələrinin icra olunduğunu, o cümlədən iki beynəlxalq hava limanının tikilib istifadəyə verildiyini vurğulayan nazir bildirib:
“Azad olunmuş ərazilərdə üçüncü hava limanının tikintisi Laçında davam etdirilir”.
Füzuli şəhərində artıq istifadəyə verilmiş məktəbə və tikintisi davam etdirilən yaradıcılıq mərkəzinə görə qardaş Özbəkistan və Qazaxıstana minnətdarlığını bildirən C.Bayramov bunu ölkələrimiz arasında olan qardaşlıq və həmrəyliyin bariz nümunəsi hesab edib.
Nazir bildirib ki, işğaldan azad olunmuş ərazilərlə bağlı Böyük Qayıdış Proqramı bizim dövlətimizin əsas prioritetləri sırasındadır. Bu Proqram çərçivəsində keçmiş məcburi köçkünlər artıq Laçına, Füzuliyə, Ağalı, Zabux və Talış kəndlərinə köçürülüb.
Qarşıdan gələn 3 ildə təxminən 100 minə yaxın keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasının planlaşdırıldığını vurğulayan nazir deyib:
“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi ilə yanaşı, əhalinin davamlı şəkildə köçürülməsi və layihələrin icra olunması bu ərazilərin inkişaf etmiş regiona çevrilməsinə şərait yaradır”.