“Ünvanlı dövlət sosial yardımının hesablanması üçün ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən müddətdə 8,2 dəfə artırılaraq 2023-cü ilin 1 yanvar tarixindən 246 manata çatdırılıb. Bu artım dinamikası aztəminatlı ailələrə ödənilən ünvanlı sosial yardımların məbləğində də ciddi artıma imkan yaradır. Hər ailəyə ödənilən ünvanlı sosial yardımın orta aylıq məbləği 2006-cı ilə nisbətən ötən müddətdə 11 dəfə artırılaraq 478 manata çatıb. Bununla yanaşı, artıq 2023-cü ildən ölkəmizdə ilk dəfə olaraq ehtiyac meyarının həcmi ilə yaşayış minimumunun həcmi bərabərləşdirilib ki, bu da ehtiyac meyarı həddinin yaşayış minimumu səviyyəsinə yüksəldilməsi hədəfinə nail olunduğunu göstərir”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisdə Əmək və sosial siyasət komitəsinin “Heydər Əliyev - 100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
“Ümumilikdə, bu gün 2,6 milyondan çox şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial ödəniş sistemi ilə əhatə olunub.
Tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə isə dövlət başçısının göstərişi ilə icra olunan sosial dəstək proqramı çərçivəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib.
Postmüharibə dövründə onlara 5300, ümumilikdə, ötən dövrdə 14100, o cümlədən son 20 ildə 13 mindən çox mənzil, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 44 günlük Vətən müharibəsindən sonra 324 avtomobil, ümumilikdə, ötən dövrdə 7500-dən çox, o cümlədən son 20 ildə 6500-dən çox avtomobil verilib.
Postmüharibə dövrü üzrə qeyd olunan sosial dəstək proqramı şəhid ailələri və müharibə iştirakçılarından ibarət 124 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 309 min xidmət göstərilib. Əhalinin məşğulluğunun təminatı dövlət başçısının sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətə uyğun olaraq aktiv məşğulluq proqramları daim genişləndirilir. Təkcə son 5 ildə 1 milyondan çox şəxs həmin məşğulluq proqramlarına cəlb olunub, 452 min nəfər işlə təmin olunub, 21 minədək şəxs peşə hazırlığı kurslarına, 511 min şəxs peşəyönümü xidmətlərə cəlb olunub”, - deyə nazir qeyd edib.