Qarabağ separatçılarının sonuncu “lideri” Samvel Şahramanyanın “Artsaxın ləğvi qərarından imtina edirəm” səpgili açıqlamasından narahat olmağa dəyməz.
Modern.az-ın məlumatına görə, bunu siyasi şərhçi Elxan Şahinoğlu özünü buraxmış qondarma “Artsax”ın sonuncu başçısının dünənki açıqlamalarına münasibət bildirərkən deyib.
“Birincisi, guya Samvel Şahramanyan Xankəndidə ləğv qərarı verməsəydi, bu bizim işimizi çətinləşdirəcəkdi? Əsla! Hədəfimiz bəlli idi. Digər tərəfdən, biz onsuz da separatçıları tanımırdıq və onların qərarları da bizim üçün heç nədir, sadəcə ləğv qərarı onların Azərbaycana qarşı gələcək iddialarını əsassız edirdi”.
E.Şahinoğlunun sözlərinə görə, Samvel Şahramanyan ona hücum edən Qarabağ ermənilərini sakitləşdirmək üçün dünənki açıqlamalarında tələsik “ləğv qərarından imtina edirəm” deyib.
“İkincisi, ləğvdən “imtinanın” heç bir siyasi və hüquqi çəkisi yoxdur. Üçüncüsü, özlərini çətinə salacaqlar, “ləğv qərarından imtina edirlərsə” biz də Qərbi Zəngəzura iddiamızı gücləndirəcəyik, mühacir hökuməti və parlamenti formalaşdıracağıq. Qərbi Zəngəzur mövzusu isə ermənilərin ən böyük qorxusudur”.