Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi başlayıb.
Müdafiə Nazirliyi Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunduğunu bildirib.
Təlimlər oktyabrın 29-da qeyd ediləcək Türkiyə Respublikasının 100-cü ildönümünə həsr edilsə də, Qarabağda baş tutan antiterror tədbirlərindən, Xankəndiyə bayrağımızın sancılmasından və Azərbaycanın suverenliyini tam təmin etməsindən sonraya təsadüf edir. Bir sıra ekspertlər təlimlərin hərbi-siyasi əhəmiyyətini vurğulayır.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Xankəndiyə Azərbaycan bayrağının sancılmasından sonra təlimlərin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını söyləyib:
“Təlimlərin NATO standartlarına uyğun Türkiyə ordusu ilə birgə keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Önəmli xüsuslardan biri də bu təlimlərin Xankəndidə bayraq sancıldıqdan sonrakı vaxta təsadüf etməsidir. Birgə taktiki təlimlər, Bakıda, Naxçıvan Muxtar Respublikasında, eləcə də işğaldan azad edilmiş ərazilər də daxil olmaqla bir neçə istiqamətdə keçiriləcək. Burada Silahlı Qüvvələrimizin bir qrup hərbi qüvvələri, aviasiya vasitələri, raket və artileriya qoşunları bütün şərti atəş mövqelərini tutacaqlar. Dislokasiya yerindən təlimlərə gələcəklər. Təcrübə mübadiləsi,eləcə də şəxsi heyətin peşəkarlığının artırılması çox mühüm əhəmiyyət kəsb edir”.
Deputat düşmənin bundan dərs çıxarılmalı oldğunu vurğulayıb:
“Əsas məsələ də ondan ibarətdir ki, bu dosta sevinc mesajıdır. Düşmən də bundan özü üçün dərs çıxarmalıdır. Təlimlər ən strateji ərazilərdə döyüş şəraitinə uyğun keçirilir. Məlumdur ki, Naxçıvan Muxtar Respublikası ən strateji ərazilərimizdəndir. Orada da təlimin keçirilməsi Ordumuzun mövqelərinin güclənməsi, döyüş qabiliyyətinin daha da artırılmasına yönəlib. Digər təlimlərdən "Mustafa Kamal Atatürk-2023" ün fərqi ondadır ki, bu, suveren Azərbaycan ərazilərində həyata keçirilir. terroristlərin olmadığı ərazidə keçiriləcək. Sərhədlərimizə hər hansı müdaxilə, təxribat cəhdlərinin qarşısının alınması istiqamətində ən mühüm variantlarını göstərə biləcəyik. Biz doğrudan da, qürur duyuruq ki, Qardaş Türkiyə iə bir yerdə işğaldan azad olunmuş ərazilərdə bu təlimləri keçiririk. Bu, doğrudan da, çox əhəmiyyətli təlimdir”.
Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı, ekspert Cihad Yaycı Azərbaycan və Türkiyənin müdafiə sahəsində bir dövlət kimi çıxış etdiyini bildirib:
“Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq barədə saziş var. Bu saziş “birimiz hamımız üçün” prinsipi ilə fəaliyyəti şərtləndirir. Sazişə görə, Azərbaycana hücum edən Türkiyəyə, Türkiyəyə hücum edən Azərbaycana hücum etmiş olar. Sözügedən saziş əsasında hər iki ölkə müdafiə sahəsində bir dövlət kimi çıxış edir. Bu, tarixdə bir ilkdir. Saziş Qarabağ savaşından dərhal sonra imzalanıb. Bu səbəblə də, ölkələrin müdafiə sahəsində tez-tez belə təlimlər keçirməsi vacibdir. Ermənilərin təhdidlərinin artdığı, ABŞ-dakı bəzi qüvvələrin Azərbaycana sanksiya tətbiq edilməsini istədiyi bir vaxtda təlimin keçirilməsi olduqca əhəmiyyətli mesajdır. Mesaj bizim heç kəsə ehtiyacımızın olmadığı ilə bağlıdır. Biz öz gücümüz hesabına bölgədəki haqq və mənfəətlərimizi müdafiə etməyə qadirik.
Bizə bəzi sanksiyalar tətbiq edəcək, yaxud Ermənistanı təhrik edib Azərbaycan torpaqlarını iğal etməyə cəhd göstərməyə çalışanlar bir daha düşünməlidir. Təlimdə Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizi daxil olmaqla bölgədəki haqq və mənfəətləri bağlı çox vacib mesajdır”.
Hərbi ekspert Ədalət Verdiyev Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə intensiv şəkildə inkişafın getdyini qeyd edib:
“Azərbaycanla Türkiyə arasında bu il ərzində 16 hərbi təlim planlaşdırılıb. Bu təlimlərdən əksəriyyəti artıq başa çatıb. Hazırda da “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi davam edir. İki ölkə arasında hərbi sahədə əməkdaşlıq Qafqaz regionunda təhlükəsizliyin və sabitliyin təmin olunması istiqamətində fəaliyyətlərin gözəl bir nümunəsidir. “Mustafa Kamal Atatürk-2023” təlimlərində hər iki qardaş ölkənin xüsusi təyinatlı qüvvələri, Hərbi Hava Qüvvələri, Quru Qoşunları və Komando qrupları iştirak edir”.
Ə.Verdiyev sözügedən təlimin Azərbaycana qarşı olan qüvvələr üçün ciddi siqnal olacağını söyləyib:
“Həm Bakı şəhəri, həm Naxçıvan Muxtar Respublikası, eləcə də Qarabağ və Zəngəzur olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılan təlim Azərbaycana qarşı olan qüvvələrə çox aydın mesaj olacaq. Ermənistan müdafiə nazirinin silah almaq üçün Fransaya getdiyi bir gündə belə təlimlərin keçirilməsi kifayət qədər ciddi siqnal kimi qəbul etməlidir. 30 il işğalçılıqla məşğul olmuş bir ölkəyə silah satan Fransa bu təlimlərdən özü üçün zəruri və lazımi dərsləri çıxarmalıdır. Bu təlim Azərbaycan və Türkiyənin imzaladığı Şuşa bəyannaməsinin ərazidə tətbiqinə aid gözəl nümunədir. Bu təlimləri bizə qarşı olan qüvvələr diqqətlə izləməli və zəruri ibrət dərslərini çıxarmalıdır”.