Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir.
Modern.az xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında “Azərsu” ASC tərəfindən həyata keçirilən nəzarət tədbirləri nəticəsində 14220 sudan qanunsuz istifadə halları aşkarlanıb.
Sudan qanunsuz istifadə hallartının 13888-i əhali, 332-si qeyri əhali istifadəçiləri üzrə qeydə alınıb. Ötən müddətdə Bakı şəhəri və Abşeron yarımadasında 12126, bölgələrdə isə 2094 sudan qeyri-qanuni istifadə halı aşkarlanaraq aktlaşdırılıb. Bakı şəhəri üzrə sudan qeyri-qanuni istifadə hallarına Sabunçu (3554), Binəqədi (2733), Xəzər (1850) və Abşeron (1386) rayonlarında daha çox rast gəlinib.
Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni istifadə halları aktlaşdırılaraq 3,2 milyon kubmetr həcmində itirilmiş sərfiyyat bərpa olunub.