İşğal altında olan torpaqlarımızın azad edilməsindən sonra ölkəmiz sosial iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyub.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclası zamanı ombudsman Səbinə Əliyeva deyib.
O qeyd edib ki, antiterror əməliyyatları nəticəsində Xankəndi və ətraf ərazilərin erməni terrorçulardan təmizlənməsi keçmiş məcburi köçkünlərin öz ata-baba yurduna qayıtması üçün daha böyük işlər görməyə şərait yaradıb:
“Ölkəmizin vətəndaşlarının Ombudsmana müraciətləri sosial sahədə olan bəzi problemləri özündə ehtiva edir. Bir sıra məsələlərin növbəti ilin dövlət büdcəsində nəzərə alınmasına ehtiyac var. Sağlamlığın qorunması hüququnun sözün əsl mənasında effektiv təmin edilməsi üçün bütün tibbi xidmətlər icbari tibbi sığorta hesabına həyata keçirilməlidir. 3 yaşınadək uşağa qulluğa görə müavinətin əmək fəaliyyəti ilə məşğul olmayan şəxslərə də aid edilməsi vacibdir. Minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarının həcmi artırılmalıdır. Hepatit və bu kimi xəstəliklərdən əziyyət çəkən insanlara dövlət büdcəsi hesabına verilən dərmanların daha keyfiyyətli dərmanlarla əvəzlənməsi və yaxud siyahının genişləndirilməsinə ehtiyac var”.
Ombudsman həmçinin aşağıdakı təklifləri irəli sürüb:
- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinətin məbləğinin artırılması,
- milli genofondun və ailə sağlamlığının əsası kimi körpələrin və erkən yaşlı uşaqların ana südü ilə qidalanmasının səmərəli təşkili məqsədilə “ana südü mətbəxləri”nin təşkil edilməsi,
- dövlət ali və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişli yerlərin sayının artırılması,
- Ermənistan silahlı qüvvələri tərəfindən respublikanın bir sıra yaşayış məntəqələrinin, xüsusilə mülki əhalinin sıx məskunlaşdığı yerlərin, o cümlədən şəhər və rayon mərkəzlərinin raket atəşinə tutulması nəticəsində fərdi yaşayış evlərinə və mənzillərinə dəymiş ziyanın nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədlə zəruri maliyyə vəsaitinin ayrılması,
- sosial infrastruktur obyektlərinin əlilliyi olan şəxslərə müyəssər olması üçün uyğunlaşdırılması məqsədilə maliyyə vəsaitinin ayrılması, eyni zamanda belə şəxslər üçün tələbata uyğun sayda müyəssər ictimai nəqliyyat vasitələrinin alınmasına dəstək verilməsi,
- hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ərzaq üçün ödənilən aylıq pul kompensasiyasının məbləğinin ölkə üzrə minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarının aylıq dəyərinə uyğunlaşdırılması,
- hərbi qulluqçulara real vəziyyət, habelə mənzil kirayəsində qiymət artımı nəzərə alınaraq, müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin artırılması,
- məhkəmə qətnamələrinə əsasən dövlət qurumları tərəfindən vətəndaşlara ödənilməli olan borcun ödənişinin təmin edilməsi məqsədilə dövlət büdcəsində maliyyə vəsaitinin nəzərdə tutulması.