Modern.az

Payız ADAM...

Payız ADAM...

Aktual

4 Noyabr 2023, 11:48

İnsanlarla  fəsillər arasındakı harmoniyaya , bağlılığa diqqət yetirmisinizmi?  Onlar da xarakterlərinə, yaşamlarına, fəaliyyətlərinə, düşüncə tərzlərinə  görə sanki  fəsilləri xatırladır. Çox vaxt da həmin fəsildə doğulduqlarına görə deyil, məhz xarakter oxşarlıqlarına görə olur bu bənzəyiş. Məsələn, mənim təsəvvürümdə  görkəmli dilçi alim, pedaqoq, tərcüməçi, yaradıcı şəxsiyyət,  filologiya elmləri doktoru, professor İlham Tahirov  “payız adam”dır. 1963-cü ilin 8 iyununda-isti yay günündə Masallı rayonunun Miyankü kəndində dünyaya göz açan İlham Tahirovun  sözlə portretini cızarkən gözümün önündə ancaq payız palitrasının rəng çalarları  canlanır. Haqqında 60 illik yubiley yazısını  da indi yazmağım  bu düşüncə, söz adamının xarakter xüsusiyyətlərinin  payız fəsli ilə üst-üstə düşməyi ilə bağlılığındandır deyərdim.

 

İlham Tahirov sözün tam mənasında fikir, söz, düşüncə adamıdır. Simasından, xarakterindən bir payız müdrikliyi boylanır, çoxşaxəli  yaradıcılığı da payızın rəng çaları qədər rəngarəng, möhtəşəmdir, zəngindir. Xarakterində  həm payız havasının ilıqlığı, mülayimliyi  var,  həm də sərtliyi, tələbkarlığı.  Müəllim, alim, tərcüməçi-bir ifadəyə sığışdırsaq-işıqlı bir insandır İlham müəllim!  AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri  olmaqla yanaşı çalışdığım  Lənkəran Dövlət Universitetin Xarici dillər və tərcümə kafedrasının professorudur. 2014-cü ildən indiyədək Lənkəran Dövlət Universistetində müqayisəli tipologiya, semantik sahə, ingilis dilinin leksikologiyası, üslubiyyatı, filologiyanın müasir problemləri fənlərindən mühazirələr oxuyur, magistrant və doktorantlara rəhbərlik edir. Universitetdə ingilis dilli müəllimlərinin, bu dil üzrə ixtisaslı tərcüməçilərin hazırlanmasına böyük əmək sərf edir.

 

Tələbələrinin çox sevdiyi, müəllim həmkarlarının təcrübəsini  sevə-sevə  öyrəndiyi İlham Tahirov  LDU-da həm də gözəl bir  təşəbbüsə,  ilkə imza atan ziyalılarımızdandır. Tələbərin az tapılan dərsliklərə, elmi nəşrlərə ehtiyacını nəzərə alaraq  öz şəxsi kitabxanasından yüzlərlə kitabı universitet kitabxanasına hədiyyə etməklə gözəl bir ənənənin təməlini qoyub. İlham müəllimin bu xeyirxah addımından sonra digər müəllimlər də  bu təşəbbüsə qoşulub, şəxsi kitabxanalarından universitetin elmi kitabxanasına pay ayırıblar.

 

Prof. İlham Tahirovun elmi fəaliyyəti olduqca çoxşaxəlidir.  O,  ümumi dilçilik, dil nəzəriyyəsi, dillərarası əlaqələr, funksional-semantik sahə, dialekt leksikası, toponimika, dil əlaqələri, qədim dillər və mədəniyyətlərin tədqiqi məsələ­lərinə həsr olunmuş 6 monoqrafiya və kitabın, 5 proqram, 100-dən çox məqalə və tezisin müəllifidir. Haqqında yazıldığı kimi: “Əsərlərində sahə nəzəriyyəsində funksional-semantik sahənin mərkəz-periferiya struktur tipinin müəyyənləşdirilməsi üçün tətbiq edilən diferensial əlamətlərə bir binar cütlüyün əlavə edilməsini təklif etməklə nəzəri fikri zənginləşdirmiş, Azərbaycan dilçiliyində dilin bütün səviyyələrində temporallığın (zaman münasibətlərinin) ifadəsini araşdıraraq, zaman münasibətlərini funksional-semantik sahə kimi təqdim etmiş, leksik və sintaktik temporallıq məsələlərini Azərbaycan dilinin materialı üzrə ilk dəfə olaraq tədqiq etmiş, leksik temporallıq sahəsinin struktur-semantik modelini qurmuş, Azərbaycan dilində dialekt və şivə səviyyəsində alınma sözlərin fonetik, qrammatik təbiətini və leksik-semantik xüsusiyyətlərini araşdırmış, qədim alınma sözlər layını aşkarlamışdır”.

 

Metodika, hüquq, beynəlxalq hüquq və siyasətin fəlsəfəsinə dair ingilis və rus dillərindən etdiyi tərcümələri İ.Tahirovu bu sahənin peşəkarı kimi tanıdıb, hörmət qazandırıb.

 

Prof. İlham Tahirovun elmi, pedaqoji fəlaiyyəti, zəngin yaradıcılıq yolu, elmi kadrların hazırlanmasındakı xidmətlərindən çox yazmaq olar. Elə yazacaqlarımızı,  deyəcəklərimizi  bir cümlədə  bitirmək də: Sadə, sevilən, həyatda yerini tapan, işıqlı insan-60 illik yubileyiniz mübarək!

 

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı