Noyabrın 4-də “Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzində “ilin maşinisti” nominasiyası üzrə qalibin mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, Bakı metropoliteninin istifadəyə verilməsinin ildönümü və Metropoliten İşçilərinin Peşə Bayramı Günü münasibətilə metropolitendə “İlin ən yaxşı maşinisti” müsabiqəsinin keçirilməsi artıq ənənə halını alıb.
Modern.az xəbər verir ki, Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Mərdanov İcraiyyə Komitəsinin qərarını oxuyaraq, qalibin adını elan edib.
Builki müsabiqənin qalibi Rövşən Quliyev olub. MİHİ sədri seçim meyarları barədə ətraflı məlumat verərək, bu prosesin çox mürəkkəb olduğunu vurğulayıb.
Maşinist Rövşən Quliyev ona göstərilən etimadı doğrultmağa çalışacağını bildirib.