Modern.az

Zirvə görüşünün keçirilməsi böyük əhəmiyyət kəsb edir - Deputat

Zirvə görüşünün keçirilməsi böyük əhəmiyyət kəsb edir - Deputat

6 Noyabr 2023, 20:20

“Azərbaycan həmişə Türk dünyasının əlaqələrinin güclənməsinə öz töhfəsini verib və bundan sonra da Türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq. Son illər türk dövlətləri arasında əlaqələr, inteqrasiya davamlı olaraq genişlənir. Türkdilli ölkələrin yüksəksəviyyəli rəsmiləri həm ikitərəfli platformalarda, həm də Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri və digər tədbirləri çərçivəsində tez-tez bir araya gələrək fəaliyyətlərinin koordinasiya edilməsi məqsədilə aktual müzakirələr aparırlar. Belə görüşlərdə bir qayda olaraq keçilmiş yola nəzər salınır, yeni hədəflər və fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Bu baxımdan, noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşünün keçirilməsi böyük əhəmiyyət kəsb edir”. 

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Deputat bildirib ki, Azərbaycan öz təşəbbüsləri ilə türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edib. Ümumiyyətlə, türk dövlətləri arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylər artırılıb. Qlobal təhdidlərin çoxaldığı indiki həssas dönəmdə isə türkdilli dövlətlərin daha sıx həmrəylik nümayiş etdirmələri xüsusilə vacibdir.

 

Millət vəkilinin sözlərinə görə, Türk dövlətləri arasında iqtisadi münasibətlər genişlənir. Ümumilikdə 4,8 milyon kvadratkilometr əraziyə, 1,4 trilyon ABŞ dolları dəyərində ümumi daxili məhsula və 855 milyard ABŞ dollarından çox ticarət dövriyyəsinə malik Türk dövlətləri böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dövlətləri dünyanın ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edir. Eyni zamanda, dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb. Bu gün Orta Dəhlizlə yükdaşımaların həcmi nəzərəçarpacaq dərəcədə artmaqdadır. Təsadüfi deyil ki, 2023-cü ilin yanvar-avqust aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların dinamikası ötən ilin müvafiq dövrü ilə müqayisədə 85,3 faiz artaraq 1,7 milyon tondan çox olub.

 

Fatma Yıldırım qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı Vətən Müharibəsindən sonra Cənubi Qafqazda vəziyyət, Ermənistanın qeyri-konstruktiv mövqeyi və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri haqqında fikirlərini ifadə edib. 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılıb. Cənab Prezident çıxışında 19-20 sentyabr tarixlərində Qarabağda keçirilən antiterror tədbirlərinin nəticələri haqqında da məlumat verərək bununla dövlətimizin suverenliyinin tam təmin olunduğunu bəyan edib.

 

Hazırda ölkəmiz Qarabağın və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri aparır. Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq. Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi, ölkələrin xarici siyasətdə tam koordinasiyalı və vahid məqsəd uğrunda çalışdığını göstərən nümunələrdən biri Azərbaycanın erməni işğalından azad etdiyi Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərində özünü göstərir. 44 günlük Vətən müharibəsində qardaş Türkiyə Azərbaycana qətiyyətli dəstək göstərdi və qələbəmizdə bu amil mühüm rol oynadı. Ümumiyyətlə, TDT ərazi bütövlüyümüzün bərpası məsələsində hər zaman ölkəmizə mənəvi və siyasi dəstək verib. Hazırda Türkiyə Qarabağın dirçəlişi prosesində fəal iştirak edir. Bundan başqa, Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikilib istifadəyə verilib, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunur. Bu da qardaşlıq nümunəsidir.

 

Fatma Yıldırım qeyd edib ki, zirvə görüşündə digər türk dövlətlərinin liderləri də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasının önəmini xüsusi vurğulayıblar. Astana Bəyannaməsində gələn il TDT-nin Zirvə görüşünün Şuşada keçirilməsinin qeyd olunması da yüksək qiymətə layiqdir. Bütövlükdə, Astana Bəyannaməsinin müddəaları türk birliyinin güclənməsin davamlı proses olduğunu bir daha təsdiqləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım