Modern.az

Zəfər inam və etimadın uğur zirvəsidir

Zəfər inam və etimadın uğur zirvəsidir

7 Noyabr 2023, 09:46

"Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir - Heydər Əliyev"

 

Ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri Qarabağın işğaldan azad olunması idi. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi və qətiyyəti sayəsində Ulu Öndərin bu arzusu da həyata keçdi, torpaqlarımız işğaldan azad olundu. Prezident İlham Əliyevin yaratdığı yeni reallıqlarla bu gün Azərbaycan gələcəyə nikbin baxa bilir.

 

Müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Əsrə bərabər 20 ilin zirvəsində, təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin əsasında Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxın pozulmuş ərazi bütövlüyünün bərpası dayanırdı. Buna görə hər bir atılan addım Qarabağın azadlığına yaxınlaşdırırdı. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətləri Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi - işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı.

 

44 gün ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 22-də Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.

 

Dövlət başçısı hər zaman mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edirdi. Xüsusilə, son 17 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratdı. Nəticədə, bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin zəfər çaldığını şərtləndirdi. Xüsusilə, Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi xalqımıza böyük sevinc yaşatdı. 25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformat çıxışında Ermənistanın son təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən, Azərbaycan Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir. Həmin dövrdə dövlət başçısı bir sıra çıxışlarında, müsahibələrində də xüsusi vurğulayırdı ki, Ermənistan müharibəyə hazırlaşır. Lakin hər zamankı ikili standartlar nəticəsində bizim bütün xəbərdarlıqlarımıza baxmayaraq beynəlxalq birlik tərəfindən Ermənistana təzyiq olunmurdu.

 

Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyəti, siyasətçi kimi iradəsi, diplomat kimi müdrikliyi və humanist davranışı ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaqla həm xalqı qalib olmaq arzusuna çatdırdı, həm də minlərlə insanın həyatını xilas etdi. Azərbaycan həm döyüş meydanında, həm də siyasi arenada öz gücünü, qüdrətini bütün dünyaya göstərdi. Vətən müharibəsi dövründə dövlət başçısı informasiya cəbhəsində dünyanın aparıcı media qurumlarına müsahibələri ilə Ermənistanın bütün təbliğatının üzərindən xətt çəkdi. Prezident İlham Əliyev istər xalqa müraciəti, istər tviter paylaşımları, istərsə də bu müddətdə verdiyi 30-a yaxın müsahibəsi ilə Azərbaycanın haqq səsini bütün dünyaya bəyan etdi. Prezident İlham Əliyev milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır!” ifadəsi ilə artıq bütün Qarabağın azad edildiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi.

 

Prezident İlham Əliyev Azərbaycanın Vətən müharibəsində qələbəmizin tacı olan Şuşada görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyi münasibətilə xalqa müraciətində ulu öndərin Qarabağ və Zəngəzuru azad görmək arzusunun gerçəkləşdiyini vurğuladı.

 

Dövlət başçısı Heydər Əliyevin sovet dövründəki rəhbərliyini və Azərbaycanın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirərək qeyd edib ki, Azərbaycan xalqının üzləşdiyi faciələr Heydər Əliyevin istefasından sonra başlayıb və əgər o, hakimiyyətdə qalsaydı, erməni millətçiləri Qarabağı ilhaq etməyə cəsarət etməzdilər: “Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!". Ondan sonra Şəhidlər Xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”.

 

Bu il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirildi. Cəmi 23 saat ərzində terror qruplaşmaları və onların yaratdıqları istehkamlar Azərbaycan Ordusu tərəfindən darmadağın edildi, ermənilər ağ bayraq qaldıraraq təslim oldular, qısa vaxtda terrorçuların dəstəsi axın-axın Azərbaycan ərazilərini tərk etdilər, Xankəndidə uydurma postlarda vəzifə tutan şəxslərin əksəriyyəti tutularaq, qolları qandallandı. Bu cinayətkarlar, terrorçular layiqli cəzalarını alacaq, haqq-ədalət öz sözünü deyəcəkdir. qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsidir. Bu, bir daha göstərir ki, Azərbaycan regionda prosesləri diktə edən tərəf, sülh və sabitliyin əsas təminatçısıdır. Bu, eyni zamanda Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında "dəmir yumruğ"a çevrilmiş xalqımızın daha bir tarixi Zəfəri oldu.

 

Qeyd edək ki,oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə çıxışı həyat, mülahizə və uğur fəlsəfəsini bütün dolğunluğu ilə nümayiş etdirdi. Ölkə başçısı çıxışında dedi: “Bu qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəkdir”.

 

Prezident İlham Əliyev ali kürsüyə çıxdığı ilk gündən bəyan etmişdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün var gücü ilə çalışacaq. Dediyi sözə, verdiyi vədə sadiq qalaraq ölkəmizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Bu, bir siyasət adamının böyüklüyünün əsas göstəricisidir. Prezidentimizin şəxsiyyətinin böyüklüyü həm də ondadır ki, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında birləşdirə, sabaha inam yarada bildi. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin əsasında da məhz bu birlik və inam dayanır. Xalqın öz Liderinə sonsuz inamı, Liderin isə öz xalqına arxalanması Azərbaycanın qazandığı bütün uğurların istinad nöqtəsidir. 

 

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı güclənir, Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan tezliklə Qarabağı cənnətə çevirəcək və öz ata-baba yurdlarından didərgin düşən keçmiş məcburi köçkünlər təhlükəsiz şəkildə evlərinə əbədi olaraq qayıdacaqlar. 

 

Heç şübhəsiz ki, qarşıda hələ daha böyük işlər və qələbələr bizi gözləyir. Bu gün əsas hədəflərdən biri Zəngəzur dəhlizinin ən qısa vaxtda açılmasıdır. İlham Əliyevin rəhbərliyi, qətiyyətli siyasəti nəticəsində Zəngəzur dəhlizinin açılacağı gün heç də uzaqda deyil.

 

Vüqar Sərdarov,

Elmi-mədəni Mərkəzin direktor müavini,

YAP, Səbail rayonu A.Zeynallı 20 ərazi təşkilatının sədri.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım