Brüssel hazırda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli görüş təşkil etmək üçün Bakı və İrəvanla ayrı-ayrılıqda danışıqlar aparır.
Modern.az xəbət verir ki, bu barədə Avropa İttifaqının yüksək vəzifəli rəsmisi "Azadlıq radiosu"na məlumat verib.
Mənbə bildirib ki, danışıqlarla bağlı hələlik konkret nəticə yoxdur, amma görüşün gələn ay baş tutması mümkündür.
Avropa rəsmisinin sözlərinə görə, üçtərəfli görüşün gündəliyinə Azərbaycanın şərqini Naxçıvana birləşdirən marşrut (Zəngəzur dəhlizi - red.) məsələsi də daxil olacaq.
"Bütün bu məsələlər müzakirə olunmalıdır və prezident Şarl Mişel və Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaarın müraciəti də bundan ibarətdir", - mənbə deyib.
Bildirilir ki, Avropa İttifaqının vasitəçiliyi ilə ötən ay təşkil edilən iki görüş baş tutmasa da, Brüssel vəziyyəti dalana dirənmiş hesab etmir.
“Biz danışıqlar masasında Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı aydın bəyanatını eşitdik, bu çox vacib idi, çünki bu, 30 ildə ilk dəfə səslənirdi. Biz eyni bəyanatı prezident İlham Əliyevdən dəfələrlə eşitmişik”, - deyə avropalı diplomat bildirib.