Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra Ermənistan təslim olsa da, Qarabağda bəzi məsələlər yarımçıq qalmışdı və Azərbaycan bu işləri həll etmək üçün diplomatik, eyni zamanda strateji həmlələr edirdi. İşlərin yarımçıq qalmasından sui-istifadə edənlər Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi qələbəyə kölgə salmaq üçün dəridən-qabıqdan çıxırdılar. Bunlar yalnız xaricdə oturan və Azərbaycan dövlətinə, xalqına düşmən kəsilən ünsürlər deyil, həm də ölkə daxilindəki radikal müxalifətdir.
Məsələn, özünü müxalifətçi kimi təqdim edən Əli Kərimli, Tofiq Yaqublu, Sevinc Osmanqızı kimilər...
Onlar Xocalı, Xankəndi və Xocavəndə bayrağımızın sancılmamasını, separatçıların torpaqlarımızdan tam çıxarılmamasını, habelə sülhməramlıların Qarabağda qalmasını "əsas gətirərək" Azərbaycan dövlətinə qarşı qarayaxma kampaniyası aparırdılar. Bu azmış kimi Qarabağda nail olduğumuz uğurlara istehza ilə yanaşır, özlərini ermənidən də pis düşmən obrazında təqdim edirdilər. Lakin onların bütün arqumentləri tamamilə ifşa oldu...
Bu ilin sentyabr ayında yarımçıq qalan işlərimiz tam yekunlaşdı, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran separatçılardan tam təmizləndi və bütün Azərbaycan ərazisində suverenliyimiz təmin olundu. Prezident İlham Əliyev Xankəndidə olarkən demişdi: "20 il əvvəl söz vermişdim: Azərbaycan Bayrağı işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi... Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmişdik".
8 noyabr Zəfər Günündə Xankəndidə illərlə arzuladığımız möhtəşəm Zəfər Paradı keçirildi. Paradda düşmənin qənimət götürülən texnikalarının bir hissəsi nümayiş olundu, hərbçilərimizin nümunəvi keçidi təşkil olundu. Xankəndidəki parada qatılan Ali Baş Komandan çıxış edərək, Ermənistana və onun havadarlarına mühüm mesajlar verdi, dünyaya səs salan qələbəmizin necə əldə olunmasından danışdı. Ancaq hər şeyə ağız büzən bir ovuc narazı dırnaqarası müxalifət ilk dəfə Xankəndidə təşkil olunan hərbi paradı qəbullana bilmədi və əsl xislətlərini ortaya qoydu. Əlbəttə, onların kimliyi və gerçək məqsədləri hər kəsə bəllidir. Azərbaycanın dünyada bənzəri olmayan qələbələsinə kölgə salmaq üçün dəridən qabıqdan çıxan bu ünsürlər erməni faşistlərindən heç nə ilə fərqlənmirlər. Hətta onlardan daha murdar və iyrənc görünürlər...
Bəs içimizdəki düşmənlər kimə işləyir? Onlar hansı qüvvələrin oyuncağına çevrilib?
Milli Məclisin deputatı Azər Badamov Modern.az-a bildirib ki, Xankəndidə keçirilən Zəfər Paradı ancaq radikal müxalifəti narahat edir:
“8 noyabrda Xankəndidə keçirilmiş hərbi parad xalqımızın uzun illərdir bəslədiyi arzusunun həyata keçməsi idi. Ali Baş Komandanın rəhbərliyi altında üç il əvvəl Müzəffər Ordumuzun qazandırdığı Zəfər və 19 sentyabrda keçirilmiş lokal xarakterli antiteror tədbirləri sayəsində Qarbağda erməni separatçılığının kökünün kəsilməsi qəhrəmanlıq səhifəmizdir. Bu qələbəyə əsgər və zabitlərimizin qanı bahasına nail olmuşuq. Vətənimizin mərd oğulları sinəsini düşmən gülləsinin qabağına sipər edərək bu qələbəni bizə bəxş edib. Xankəndidə Zəfər Paradının keçirilməsi Vətən torpağını sevən hər bir azərbaycanlı üçün sevinc və qürur hissi olub. Təəssüf ki, radikal müxalifət və xaricdə oturaraq düşmənlərimizin sifarişlərini icra edən bəzi ünsürlər qələbəmizi kiçiltməyə, üç il əvvəl Xankəndiyə girməyimizin qabağını Rusiyanın kəsdiyini və bunu üç il əvvəl etməli olduğumuz halda indi kimlərinsə icazəsi ilə etdiyimizi bildirir. Əvvəlcə o ünsürlərə bildirmək istəyirəm ki, üç il əvvəl döyüşlərimizi davam etdirsəydik və sonacan getmək üçün vuruşsaydıq, verdiyimiz şəhidlərimizin sayı üç dəfə arta bilərdi. Çünki, Şuşada bayrağımızı dalğalandırandan sonra Ermənistan 10 noyabrda kapitulyasiya sənədinə imza atdı. Məhz müharibənin başa çatdığını elan etməyimizdən sonra müharibə vaxtı azad etdiyimiz ərazilərdən daha böyük ərazisi olan üç rayonumuzu Ağdam, Kəlbəcər və Laçını bir güllə atmaqdan boşaltdırdıq”.
Deputat vurğulayıb ki, xaricdə oturan radikalları Azərbaycanın şəhidlər verməsi maraqlandırmır:
“Xakəndinin, ümumilikdə Qarabağın ermənilər yaşayan ərazilərində qalmaqda olan Ermənistanın 10 mindən çox silahlısının 23 saat ərzində az itki ilə tərksilah edilməsi düşünülmüş planın uğurlu nəticəsi idi. 8 noyabrda Xankəndidə hərbi pardın keçirilməsi xalqımızın haqqı idi və Ali Baş Komandan bu paradı qəbul etdi. Xaricdə oturub müharibədən xəbəri olmayan ünsürlər üçün mərd oğullarımızın şəhid olması heç də maraqlı deyil. Çünki, onların bir barmağı qanasaydı, belə sözlər ifadə etməzdilər. Onlar həm də Rusiyanın tələbi ilə Zəngəzur dəhlizinin müharibə yolu ilə azad ediləcəyindən danışırlar. Onlar bilsinlər ki, Azərbaycan heç kimin sifarişini icra etmir. Ölkəmiz müstəqildir və müstəqil siyasət yürüdür. Qarşımızdakı əsas məqsəd torpaqlarımızda suverenliyimizin bərpası idi. Biz öz ərazilərimizdə konstitusion hüquqlarımızı bərpa etmişik. Bizim qonşu dövlətlərin suverən ərazilərində gözümüz yoxdur və heç kimlə müharibə etmək fikrində deyilik. O cümlədən heç kimə də haqqımızı tapdalamağa imkan vermərik. Təəssüf ki, iki atın arpasını bölə bilməyənlər dövlətimizə nə etmək lazım olduğu haqqında ağıl verməyə çalışırlar. Onlar heç nədən narahat olmasınlar. Ölkəmizin gələcəyini düşünən liderimiz var. Liderimiz “nəyi, necə və nə zaman etmək lazım olduğunu hamıdan yaxşı bilir”. Məhz ona görə də torpaqlarımız işğaldan azad olundu və Zəfər Gününü alnı açıq, qürurla qeyd edirik”.
Milli Məclisin digər deputatı Arzu Nağıyev isə söyləyib ki, suverenliyin bərpa edilib, Xankəndidə paradın keçirilməsi heç bir azərbaycanlını narahat edə bilməz:
"Biz suverenliyimizi bərpa etdik. Azərbaycanın suverenliyini bərpa etməsi, Xankəndidə Zəfər paradı keçirməsi heç bir Azərbaycan vətəndaşını narahat edə bilməz. Bəli, belə uğur və qələbələrin əldə olunmasından narahat olan müxalifətçilər və onların havadarları var. Ancaq erməni xüsusi xidmət orqanlarından ianələr alanlar bizim qələbəmizə kölgə salmağa çalışarlar. Bizim bir vətənimiz, bayrağımız və gerbimiz var. Bu bayraq altında Azərbaycan xalqı birləşib və yırtıcı düşmənə qarşı qələbə əldə edib. Belə danışanlar, bizə qarşı kin-küdurət bəsləyənlər şəhidlərin, qazilərin qanını niyə unudurlar. Onların bir dərdi var: əldə etdikləri ianələr azalıb. Buna görə də Ali Baş Komandanın Xankəndidə parad keçirməsi, Azərbaycan xalqının qələbəsi əleyhinə iddialar səsləndirirlər. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, şərəfli-şöhrətli Azərbaycan Ordusu və şəhadəti şərəf bilən valideynlərin vəhdəti bu qələbəni bizə bəxş edib. Nə danışmaqları öz işləridir. Bunlar sadəcə sahibləri qarşısında hesabat verirlər".
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Zəfər Günü Xankəndi şəhərində təşkil olunan paradın Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu vurğulayıb:
“Stiuasiyanı və mövcud geosiyasi konfiqurasiyanı təhlil etdikdə, heç şübhəsiz ki, bu paradı Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Onun qüdrətli Ordusunun triumfu hesab edə bilərik. Azərbaycan keçmiş MDB məkanında və bütövlükdə regionumuzda müharibədə qalib gəlmiş, ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etmiş, həmçinin separatizmin kökünü qazımış yeganə dövlətdir”.
B.Məhərrəmmov qələbəmizi qəbul etmək istəməyən qüvvələr haqda deyib:
“Qələbəmiz bölgədə tamamilə yeni reallıq yaradıb və bu reallığı qəbul etməyən və istəməyən yalnız Azərbaycan xalqına, Azərbaycan dövlətinə düşmən olan subyektlər və onların marionetləridir.
Azərbaycanın Xankəndi şəhərində təşkil etdiyi parad, Azərbaycan Prezidentinin Xankəndidən dünyaya səslənişi və bütövlükdə Zəfərimiz regionda yeni reallıq yaradıb və bu reallıqda uduzmuş, fiaskoya uğramış, başqalarının əlində alətə çevirmiş bədbəxt marionetlər yox, qalib xalqın və xalqın Müzəffər Liderinin sözü çəki və əhəmiyyətə malikdir”.