HƏMAS-ın İsrailə hücumu ilə başlayan toqquşma bir aydan çoxdur ki, davam edir. Son məlumatlara görə, bu müddət ərzində İsrail və Qəzza zolağında ölənlərin sayı on mini ötüb.
HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan azərbaycanəsilli şəxslər də var. Belə ki, son məlumatlara görə, onların sayı 8 nəfərdir.
İsraildə yaşayan azərbaycanlıların vəziyyəti ilə bağlı Modern.az-a danışan Dağ yahudilərinin Tel-Əvivdəki icma rəhbəri, ravvin Şmuel Simantov bildirib ki, ölkədə vəziyyət gərgin olaraq qalır:
“HƏMAS tərəfindən İsrailin hər bir yerinə raketlər atılmağa davam edir. Gündəlik olaraq sığınacaqlara getməyə məcbur qalırıq. HƏMAS burada adətən məscidlərə, yaşayış binalarına, xəstəxanalara raketlər atır. Biz qarşı tərəfin uşaqlardan istifadə etdiyini görürük. Bununla da onlar dünyanı İsrailə qarşı çevirmək istəyirlər. Amma bu müharibədən ən çox əziyyət çəkən İsrail xalqıdır. Biz də qısa zamanda bu fəlakətin bitməsini istəyirik”.
Ravvin eyni zamanda İsraildə azərbaycanlıların vəziyyəti barədə danışıb:
“Son məlumata görə burada səkkiz azərbaycanlı terrorun qurbanı olub. Çox yaxından tanıdığım biri Oğuz rayonundan idi. O atasının vəfat ildönümündə həyatını itirdi. Amma yaralılarımız yoxdur. Dəqiq olmayan bir məlumat da var ki, bir nəfərimiz orada əsirlikdədir. Səfirlik bununla bağlı araşdırma aparır”.