Modern.az

Cənub qonşumuzun ikibaşlı siyasəti: Tehran Azərbaycana qarşı səmimi deyil

Cənub qonşumuzun ikibaşlı siyasəti: Tehran Azərbaycana qarşı səmimi deyil

Aktual

13 Noyabr 2023, 13:00

İran Prezidenti İbrahim Rəisi Azərbaycan Prezidenti ilə görüşdə Qarabağın Azərbaycana qovuşmasına sevindiyini, eləcə də tikinti işlərində iştirak etməkdə maraqlı olduqlarını qeyd etmişdi.

 

Lakin İranın Ermənsitandakı səfiri Mehdi Sübhani ötən gün erməni mətbuatına müsahibəsində Qarabağ ermənilərinin "öz müqəddəratını təyin etməsi" haqqında sərsəm bəyanatla çıxış edib. 

 

"İran Prezidentinin sözləri, habelə son dövrlərdə Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanın fonunda İran səfirinin ərazi bütövlüyümüz və suverenliyimizə qarşı səsləndirdiyi fikirləri təxribat kimi qiymətləndiririk", - Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.

 

Cənub qonşumuzun bu ikibaşlı siyasətini necə qiymətləndirmək olar?

 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Natiq Miri bildirib ki, İran Prezidenti İbrahim Rəisinin Azərbaycan Prezidenti ilə görüşdə Qarabağla bağlı səsləndirdiyi fikirlər sadəcə qarşılıqlı müsbət bir jest kimi dəyərləndirilməlidir:

 

"Bu da, təbii ki, iki dövlət başçısının münasibətləri yenidən tənzimləmək istəyi ilə bağlıdır. Bu xüsusda, adətən, görüşlərdə protokol xatirinə bu cür fikirlər səsləndirilir. İran sözün əsl mənasında Azərbaycanla münasibətləri tənzimləmək istəyir. Çünki reallıq İranın indiyə kimi Azərbaycana qarşı yürütdüyü siyasətin heç də özünü doğrultmadığını göstərir. Ayrıca təhlükə İranın iddia etdiyi kimi, Azərbaycandan deyil, gələcək prespektivdə məhz onun qoruduğu Ermənistandandır. Çünki bu gün İran sərhədlərinə onun özünə düşmən elan etdiyi Qərb dünyasının xüsusi xidmət orqanlarını, kəşfiyyatçılarını, hərbçilərini gətirən Azərbaycan yox, Ermənistandır. Bu da əlbəttə ki, həm Rusiya, həm də İranı narahat edir. Bu proseslərdən sonra İranın bütün məsələləri regional müstəvidə həll olunması ilə bağlı ortaq fikrə gəlməsi də göstərir ki, bəli, İran Azərbaycanla normal münasibətlər qurmaq istəyir".

N.Miri İranın Ermənistandakı səfirinin müsahibədə səsləndirdiyi fikirlərinin əslində İran rejiminin əsl üzü olduğunu söyləyib:

 

"Şovinist fars rejiminin reallıqda Azərbaycana münasibətini ortaya qoyur. Çünki bu açıqlama heç bir beynəlxalq hüquqa sığmır. Bu açıqlamanın içərisində olan qərəz dərhal hiss olunur. Qarabağ xalqı ifadəsi düzgün deyil. Bunu xüsusi vurğulamaqla bu gerizəkalı İran səfiri Qarabağın müstəqil subyekt olmasını istədiyini dilə gətirir. O, erməni xalqının qura biləcəyi hansı müstəqil dövlətdən danışır? Belə bir xalq varmı? Qarabağda belə bir xalq varsa, göstərsin. Ayrıca onun dediyi xunta rejimi özünün buraxılması ilə bağlı Azərbaycanın ayaqlarına düşərək kapitulasiya imzalayıb. Qondarma rejim və onu müdafiə edən illeqal erməni silahlı qüvvələri silahı yerə qoyub. Əgər səfirin çıxışı hansısa beynəlxalq hüququn normalarına uyğun olsaydı, onun hüquq çərçivəsində davranmaq istəyən diplomat görüntüsünü yaratmaq olardı. Bu qərəzli çıxış İran Prezidenti Rəisinin Azərbaycan Prezidenti ilə görüşündə bütün boğazdan yuxarı açıqlamalarına rəğmən İrandakı fars rejiminin əsl simasını göstərir. İran dövlətinin türk etnosuna, türk dövlətlərinə qarşı münasibəti budur. Bunu belə başa düşmək lazımdır. İranla münasibətlər quran zaman həmişə bu nüans diqqətə alınmalıdır".

 

Politoloq Elxan Şahinoğlu isə İranın Ermənistandakı səfirinin müsahibədəki fikirləri söyləməyə haqqının çatmadığını vurğulayıb:

 

"Səfir Azərbaycanın Qarabağda “etnik təmizləmə” həyata keçirdiyinə işarə edərək deyib ki, Qarabağda ermənilərin “legitim” haqlarının bərpası vacibdir. İran səfirinin bu mövzuda danışmağa haqqı yoxdur. Birincisi, ermənilər Azərbaycan qanunları ilə yaşamaq istəmədiklərinə və Azərbaycan vətəndaşlığını qəbul etmədiklərinə görə ərazimizi tərk ediblər. Bu onların seçimidir. İkincisi, Tehran İranda yaşayan hansı etnik qrupun legitim haqlarını təmin edib ki, indi iranlı diplomat bizə bu mövzuda “məsləhət” vermək istəyib?".

Politoloq İran prezidenti ilə bu ölkənin səfirinin bir-birinə zidd açıqlamalar verməsinin Tehranın Azərbaycanla münasibətlərdə əvvəlki kimi səmimi olmadığından xəbər verdiyini söyləyib:

 

"Bunu Bakı da anlayır. Təsadüfi deyil ki, Azərbaycan Xarici İşlər Nazirliyi iranlı diplomatın təxribatçı fikirlərini pisləyib. Azərbaycan Xarici İşlər Nazirliyi İran rəsmilərinin və diplomatlarının eyni mövzuda fərqli fikirlərinə diqqəti çəkib. İran Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ üzərindəki suverenliyinin bərpasına dəstəyini əməldə göstərməlidir. Əməldə bunu görmürük. Tehrandakı səfirliyimizə terror hücumu ilə bağlı məhkəmədən xəbər gəlmədiyi kimi, tələbəmizi də saxta ittihamla həbsxanada saxlayırlar".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım