Ötən gün Fransa Ermənistana “Bastion” markalı çoxməqsədli zirehli maşınlar göndərib. Fransanın hərbi texnikası Gürcüstandan keçərək Ermənistana aparılır. “Bastion” markalı çoxməqsədli zirehli maşınlar, həmçinin “Bastion” üçün avadanlıqlar Gürcüstanın Poti limanından Ermənistana daşınıb. Müvafiq görüntülər Azərbaycan mətbuatında yayılıb.
Hərbi texnikaların Gürcüstana hansı yolla gəldiyi məlum deyil. Ehtimal edilir ki, texnikalar Qara dənizin digər ölkələrə məxsus sahillərində yerləşən limanlarından yola düşüb. Qərb mətbuatında yayılan məlumatlara görə, Ermənistana 24 ədəd zirehli texnika göndərilib.
Bir çox Afrika ölkəsi tərəfindən istifadə edilən "Bastion" Fransanın yerli şirkətləri tərəfindən istehsal edilir. 12 ton çəkisi olan zirehli texnikalar 8-10 hərbçini daşıya bilir. Zirehli maşınların üzərinə müxtəlif atıcı silahlar quraşdırmaq mümkündür.
Qeyd edək ki, Gürcüstan uzun müddət Ermənistana hərbi təyinatlı məhsulların tranzitindən imtina etmişdi. Görünür, Tbilisi artıq bu siyasətindən imtina edib. Bir sıra ekspertlər Gürcüstanın mövqeyi ilə bağlı suallar səsləndirib.
Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Turab Rzayev bildirib ki, Gürcüstanın mövqeyindəki dəyişiklik sırf silahı göndərən tərəfin Avropa İttifaqı üzvü olmasyla bağlıdır.
"Fransa və Almaniya Gürcüstanda nüfuz sahibidir. Gürcüstanın əvvəlki addımı daha çox Rusiya silahlarının öz ərazisindən transferinə icazə verməməklə izah edilirdi. Gürcüstanın Rusiya ilə münasibətləri çox gərgin idi, müharibə olmuşdu. Belə olan halda Gürcüstan heç bir halda Rusiyanın silahlarının ərazisindən keçirilməsinə icazə vermirdi. Hətta hava məkanını da bağlamışdı. Quru yolu ilə qaçaqçılıqla göndərilmək istənilən tank və raketlər ifşa edilmişdi. Bundan əlavə Gürcüstanın hava məkanına və sərhədlərinə NATO da nəzarət edə bilir. Rusiyanın Gürücüstan vasitəsilə Ermənistana keçirəcəyi silahlar, NATO, yəni ABŞ ordusu tərəfindən izlənilə bilir. İndi söhbət Fransadan getdiyi üçün, yəqin ki, NATO və ABŞ-ın buna etirazı olmaycaq. Bunu belə əsaslandıracaqlar ki, hər ölkə kimi, Ermənistanın da silah almaq, silahlanmaq hüququ var”.
Politoloq vurğulayıb ki, Gürcüstanın bu addımı ürəkaçan deyil:
“Öz ərazisində sülh üçün meydan yaratmaq istəyən, bitərəf ölkə kimi sülh müqaviləsinin imzalanamasında vasitəçilik təklif edən Gürcüstanın silah tranzitində istifadə olunması ürəkaçan deyil. Gürcüstan hər iki ölkəni sülhə çağırmalıdır. Əslində ilk görünüşdə bunu edirdi. Yeri gəlmişkən, hər üç ölkə müstəqilliyini Tiflisdə elan edib. Buna görə də, Gürcüstan digər iki Qafqaz ölkəsinin Tiflisdə sülh sazişini imzalamasını təmin etməliydi. Ermənistanın silahlanmasında Gürcüstan ərazisindən istifadə olunması ilə sülh üçün təkliflər üst-üstə düşmür. Bu, Gürcüstanın sülhyaratma prosesində vasitəçiliyinə böyük zərbə vurur. Yəqin ki, Gürcüstan rəsmilərinin məsələ ilə bağlı açıqlamaları olacaq. Hər halda Gürcüstanın Ermənistana göndərilən silahların qarşısını alması daha yaxşı olar”.
Turab Rzayev Gürcüstanın öz ərazisindən Rusiyaya məxsus silahları buraxmaması Moskvada onun mövqeyi ilə bağlı suallar doğuracağını söyləyib:
“Rusiya "nəyə görə Avropa İttifaqının, NATO-nun, eləcə də Fransanın silahı Gürcüstandan keçə bilər, amma Rusiyanın yox" sualını ortaya qoya bilər. Burada siyasi qərarlılıq önəmlidir. Bu, Gürcüstanın öz ərazisini neytral elan etməsi, hansısa silahların daşınmasına bağlı elan etməsi ilə bağlı ciddiyəti aradan qaldıra bilər. Gürcüstan Prezidenti Fransa vətəndaşıdır. Gürcüstan Fransa ilə, eləcə də Avropa İttifaqı ilə əlaqələri normallaşdırmaq, Avropa İttifaqına üzvlük üçün namizəd statusunu almaq istəyir. Eyni zamanda istəyir ki, yaxın vaxtlarda Avropa İttifaqına üzvlük yolu açılsın".
Hərbi ekspert Ədalət Verdiyev isə Gürcüstanın mövqeyindən əl çəkməsinin təəssüf doğurduğunu vurğulayıb:
“Gürcüstan daha əvvəl Ermənsitana silah və hərbi texnika daşınmasına icazə vermirdi. Bu da Azərbaycanla Gürcüstan arasındakı strateji tərəfdaşlıq əlaqələrinin roluna uyğun bir davranış idi. Son dəfə Fransanın Ermənistana verdiyi “Bastion” personal daşıyıcılarının Gürcüstan ərazisindən keçirilməsi təəssüf doğuran faktordur. Bu hadisənin Gürcüstan-Azərbaycan münasibətlərinə çox ciddi təsir göstərəcəyini düşünmürəm. İstənilən halda bu məsələyə Gürcüstan tərəfi aydınlıq gətirməlidir. Gələcəkdə də bu kimi faktların təkrarlanmaması üçün aidiyyəti qurumlarımız fəaliyyətə keçməlidirlər”.
Ekspert söyləyib ki, Fransanın göndərdiyi silahlar qüvvələr balansını dəyişməyəcək:
“Fransanın göndərdiyi silahlar Azərbaycanla Ermənistan arasındakı güc balansına qətiyyətlə təsir göstərəcək faktor deyil. Bu maşınlar şəxsi heyətin bir nöqtədən digərinə 7,62 mm-ə qədər olan atıcı silahların və qəlpələrin təsirindən qorunmaq şərtilə daşınmasını nəzərdə tutur. Hər bir halda Fransanın Ermənistana hərbi texnikalar göndərməsi fərari orduya malik ölkənin növbəti təxribatlar törətməsinə və ya yeni toqquşmalar üçün münbit şərait yaradır”.