Modern.az

Jurnalistlər Hüseyn Altınalanı necə XATIRLAYACAQLAR...

Jurnalistlər Hüseyn Altınalanı necə XATIRLAYACAQLAR...

Aktual

14 Noyabr 2023, 12:14

Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat müşaviri kimi çalışan Hüseyn Altınalan fəaliyyətini artıq başa vurub.

 

O, 2019-cu ilin oktyabrın 11-dən səfirlikdə çalışırdı.

 

Hüseyn Altınalan daha əvvəl Anadolu Agentliyinin bölgə müdiri vəzifəsində çalışıb.

 

O, Səlcuq Universitetində bakalavr, Mərmərə Universitetində isə magistr təhsili alıb. Altınalan tələbəlik illərində müxtəlif media qurumlarında işləyib. 2012-ci ildən Anadolu Agentliyində fəaliyyətə başlayıb. 2015-ci ildən agentliyin İstanbul bölgəsi üzrə müdir vəzifəsində fəaliyyət göstərib.

 

Hüseyn Altınalan Bakıdakı faəliyyəti dövründə Azərbaycan jurnalistləri ilə yaxşı işbirliyi qurmuşdu. Həmkarlarımız onunla bağlı fikirlərini Modern.az-la bölüşüblər.


"Yeni Müsavat" qəzetinin əməkdaşı Elşad Paşasoy bildirib ki, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalanı media mənsubları xoş xatirələrlə xatırlayacaq:
 


“Dəyərli Hüseyn bəy bu görəvə təyin olunduğu gündən, 2019-cu ilin 11 oktyabrından etibarən üzərinə düşən missiyanı layiqincə yerinə yetirdi, iki qardaş ölkənin birlik, bərabərlik yolunda addımlaması naminə əlindən gələni əsirgəmədi. Hüseyn Altınalan xoş, yüksək səviyyədə mədəni rəftarı ilə də mətbuat nümayəndələrinin böyük rəğbətini qazandı. Onun fəaliyyəti Türkiyə və Azərbaycan liderlərinin tarixi qərarlar qəbul etdiyi dönəmə təsadüf etdi. Bu dövrdə “Bir millət, iki dövlət”in media qurumlarının əməkdaşlığı istiqamətində də addımlar atıldı, vacib qərarlar qəbul olundu.
Hüseyn bəyin səfirlikdəki fəaliyyəti həm də Azərbaycanın Vətən müharibəsi apardığı, tarixi torpaqlarımızın azad olunduğu dönəmə təsadüf etdi. Qardaş Türkiyənin bu dönəmdə Azərbaycanla nəfəs aldığını nəzərə alsaq, Türkiyənin Bakıdakı səfirliyinin, həmçinin Hüseyn Altınalanın komandasının baş verənlərə nə qədər həssas yanaşdığının hər zaman şahidi olduq.
Hesab edirəm ki, Hüseyn bəy də Azərbaycandan çox rahat şəkildə geri döndü. Çünki o, qardaş Türkiyəmizin də dəstəyi ilə Azərbaycanın öz tarixi torpaqlarını işğaldan tam təmizləməsinə, ərazi bütövlüyümüzün tam təmin olunmasına, Türkiyə və Azərbaycan prezidentləri arasında əsrin müqaviləsi olan "Şuşa Bəyannaməsi"nin imzalanmasına, qoşa bayraqlarımızın azad olunmuş ərazilərimizdə dalğalanmasına şahidlik etdi. Azərbaycan sevdalı bir insan üçün heç şübhəsiz ki, bütün bunlar möhtəşəm hadisələrdir və dəfələrlə Hüseyn bəydən Zəfərimizlə bağlı alqışları, xoş sözləri, səmimi arzuları, duyğuları eşitmişik.
Çox təəssüf ki, bu dönəmdə Türkiyə zəlzələ fəlakətindən sarsıldı. Bu sarsıntını bizlər də yaşadıq, sevincimiz bir olduğu kimi, kədərimiz də eyni oldu, hər zamankı kimi... Amma bu ağır sınaqdan da Türkiyə-Azərbaycan birliyi, qardaşlığını daha irəli aparmaq hesabına bərabər çıxa bildik, qardaş ölkələr olaraq bu fəlakətin ağrı-acısından xilas olmaq naminə hər birimiz əlimizdən gələni etdik. O dönəmdə Türkiyənin Bakıdakı səfirliyinin, həmçinin şəxsən Hüseyn bəyin necə fədakarlıq etdiyini, eyni zamanda, Azərbaycan dövlətinin və xalqının Türkiyədəki fəlakətin nəticələrinin aradan qaldırılması üçün əlindən gələni etməsini necə yüksək qiymətləndirdiyini, bunu qardaşlığımızın növbəti nümunəsi olaraq dəyərləndirdiyini dəfələrlə izlədik.
Dəyərli Hüseyn bəyə bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq. Hesab edirik ki, bir çox türkiyəli diplomatlar kimi, Hüseyn bəy də bundan sonra harada olsa, həm də Azərbaycanı təmsil edəcək, çünki onu Azərbaycana çox bağlı bir insan olaraq gördük. Ona da şübhə etmirik ki, Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri də cənab səfirin rəhbərliyi ilə “Bir millət iki dövlət” maraqlarından çıxış edəcək və əlaqələrimizin daha da inkişafından ötrü əlindən gələni edəcək”.
 


AZƏRTAC-ın müxbiri Səadət Hakıyeva da jurnalistlərin Hüseyn bəydən razı qaldığını qeyd edib:
 

“Hüseyn bəy ilə işləmək bir jurnalist olaraq mənim üçün çox rahat idi. Hər zaman mətbuata açıq adam idi, ona nə zaman yazsaq, cavablandırırdı. Səfirlərlə müsahibə etmək özünüz bilirsiniz ki, asan məsələ deyil. İlk dəfə Hüseyn bəyə bununla bağlı müraciət ünvanlayanda, qısa zamanda geri dönüş edərək, müsahibənin mümkün olduğunu bildiridi. Çox da uğurlu müsahibə almışdıq.
Digər tərəfdən, hesab edirəm ki, onun jurnalistlərlə birgə fəaliyyəti də tədqirəlayiqdir. Qısa müddət ərzində çox yaxşı işlər görüb. O, hər zaman hadisələrin mərkəzində dayanıb, bundan sonra da elə olacağına ümid edirik. Hüseyn Altınalana gələcək fəaliyyətində uğurlar arzu edirik”.
 


Ednews.net (Avrasiya Gündəliyi) beynəlxalq analitik informasiya portalının baş redaktoru Vüsalə Balayeva müşavirin II Qarabağ müharibəsi zamanı uğurlu fəaliyyət göstərdiyini xatırlayır:


“Hüseyn bəyin Türkiyənin Azərbaycandakı səfirliyinin media üzrə müşaviri təyin olunması II Qarabağ müharibəsi dövrünə təsadüf edirdi. Bu dönəmdə onun operativ fəaliyyəti həqiqətən də təqdirəlayiq idi. Hüseyn bəy bir vətənpərvər insan kimi bizimlə bir yerdə sevinir, bir yerdə kədərlənirdi. O, azərbaycanlılarla çiyin-çiyinə "informasiya müharibəsi"ndə iştirak edirdi, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, media mənsublarının daha dolğun məlumatlandırılmasında böyük əmək sərf edib. Biz bunun canlı şahidiyik.
Hüseyn bəy həmçinin jurnalistlərlə çox yaxşı kommunikasiya qurmağı bacarmışdı. O, öz operativ iş fəaliyyəti ilə demək olar ki, hamının rəğbətini qazanmışdı.

Bizdə hələ də belə bir "qayda" mövcudur ki, əgər məmursansa, media nümayəndələri tərəfindən göndərilən  sorğulara həftələrlə cavab verməməlisən. Fikrimcə, Hüseyn bəy həm də bu stereotipləri dağıtdı. O hər zaman bütün suallara cavab tapmaq üçün jurnalistlərə böyük dəstək verirdi, kömək edirdi. Bu da onu bizə sevdirən əsas nüanslardan biri idi. Düşünürəm ki, onun yeri bizim üçün hər zaman görünəcək.

Hüseyn bəyə buna görə təşəkkür edir və gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Görüşmək ümidi ilə...”.
 


Real TV-nin xüsusi müxbiri Namidə Bingöl də Hüseyn Altınalanın iki dövlət arasındakı əlaqələri mediada necə büruzə verməsindən söz açıb:
 

“Hüseyn bəyi uzun zamandır tanıyıram. İlk dəfə Azərbaycana gəldiyi vaxtı da xatırlayıram. Azərbaycanda fəaliyyət göstərməyə başladığı ilk zamanlarda bir mövzu ilə bağlı ona zəng etdim. Telefona kübarcasına cavab verdi. Təbii ki, ondan asılı olmayan məsələlərə cavab verə bilməsə belə, səbəbini çox normal formada izah edirdi. Səfirin müşaviri olsa da, media ilə çox rahat dil tapır və məsələləri yoluna qoya bilirdi. Təbii ki, burada onun bir zamanlar media sahəsindəki fəaliyyəti də rol oynayırdı. Amma bu da yetərli deyil. Əvvəllər mediada çalışan, sonradan hansısa digər sahədə fəaliyyətə başlayan bəzi şəxslər mətbuatla ünsiyyətdə onlara göstərilən etimadı doğrulda bilməyiblər. Hesab edirəm ki, Hüseyn bəy bu məsələdə yerini bilən şəxs idi.
44 günlük Vətən müharibəsi dövründə isə həmişəki kimi aktiv idi. Jurnalistlərlə iş prinsipini qaydasında idarə edirdi. Bütün məsələlərə Azərbaycan-Türkiyə qardaşlığı prizmasından yanaşırdı. İki dövlət arasındakı yaxın əlaqələri media üzərindən daha da möhkəmləndirirdi. Ümid edirəm ki, hazırkı işində də sağlam missiyasına sadiqdir”.
 


“Qardaş Türkiyənin Azərbaycanda fəal diplomatlarından olan Hüseyn bəyin fəaliyyəti bir jurnalist kimi hər zaman məni məmnun edib. Hüseyn Altınalan hər zaman mövzulara çox həssas yanaşıb. Onun komandasının hadisələrə fəal reaksiya verməyinə hər zaman şahid olmuşuq. Hesab edirəm ki, Hüseyn bəy də Azərbaycandan çox işgüzar və məmnun ayrılıb. Bir diplomat kimi Azərbaycanın zəfər tarixinə şahidlik edərək ölkəmizdən ayrılıb. Bu, hamımız üçün qürurverici hadisədir. Dəyərli Hüseyn bəyə bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq”,- deyə Bakıvaxtı.az-ın əməkdaşı Ramid İbrahimov bildirib.
 


“Türkiyənin Azərbaycandakı səfirliyinin media üzrə müşaviri Hüseyn bəylə qısa müddət əvvəl tanış olsaq da, hesab edirəm ki, onun jurnalistlərlə kommunikasiyası təqdirəlayiqdir. Bu vəzifəyə təyin olunması II Qarabağ müharibəsi dövrünə təsadüf etsə də, çətin sınaqdan üzüağ çıxa bildi.

Hüseyn bəy bir vətənpərvər insan kimi bizimlə bir yerdə sevinir, bir yerdə kədərlənirdi.

Hüseyn bəy azərbaycanlılarla çiyin-çiyinə informasiya müharibəsində iştirak edir, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında fəal rol oynayırdı. Digər tərəfdən, rəsmi şəxs olmasına baxmayaraq, operativ şəkildə jurnalistlərin sorğularına qısa zamanda cavab verirdi. Eyni zamanda, hər mövzuya qardaşlıq prizmasından baxır və həll etməyə çalışırdı. Həmçinin mediada yalan məlumatların da yayılmaması üçün hər zaman aktiv fəaliyyət göstərib.  Düşünürəm ki, Hüseyn bəy digər həmkarlarına da örnək olaacq şəxsdir.
Ona gələcək fəaliyyətində uğurlar arzulayır, dəstəyi üçün təşəkkür edirik”,- deyə Modern.az-ın əməkdaşı Aysel Məhərrəm də müşavirlə bağlı düşüncələrini qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...