Bir müddət əvvəl Fransa Ermənistana “Bastion” markalı zirehli maşınlar göndərib. Fransanın hərbi texnikası Gürcüstanın Poti limanından Ermənistana daşınıb. Müvafiq görüntülər Azərbaycan mətbuatında da yayılıb.
Hərbi texnikaların Gürcüstana hansı yolla gətirildiyi məlum deyil. Ehtimal edilir ki, texnikalar Qara dənizin digər ölkələrə məxsus sahillərində yerləşən limanlarından yola salınıb. Qərb mətbuatında yayılan məlumatlara görə, Ermənistana 24 ədəd zirehli texnika göndərilib.
Bir çox Afrika ölkəsi tərəfindən istifadə edilən "Bastion" Fransanın yerli şirkətləri tərəfindən istehsal edilir. 12 ton çəkisi olan zirehli texnikalar 8-10 hərbçini daşıya bilir. Zirehli maşınların üzərinə müxtəlif atıcı silahlar quraşdırmaq mümkündür.
Fransanın Ermənistanı silahlandırmasının məqsədi nədir?
Məsələ ilə bağlı Modern.az-a danışan türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu Fransanın ermənipərəst mövqeyinin onun beynəlxalq imicinə zərər vurduğunu söyləyib:
"Ermənipərəstlik Fransanın dövlət siyasətidir. Əsrlər boyu ənənəvi olaraq yürüdülən ermənipərəst siyasətin prezident Emmanuel Makron dövründə də davam etdirilməsi bunu aydın şəkildə göstərir. Fransanın həm qondarma "erməni soyqırımı", həm də Qarabağ məsələsində ermənipərəst mövqe tutması bu ölkənin Ermənistana qarşı həssaslığını ortaya qoyub. Fransanın qərəzli şəkildə erməniləri tez-tez müdafiə etməsi dünya ictimai rəyinin qınaq obyektinə çevrilib. Fransanın ermənipərəst mövqeyi bu ölkənin həm Türkiyə, həm də Azərbaycanla münasibətlərinə mənfi təsir göstərir. Bundan əlavə, Fransa Qarabağ məsələsində neytral vasitəçi olmalı idi, amma onun ermənilərin niyyətlərini müdafiə etməsi bu ölkənin beynəlxalq imicinə xələl gətirib".
İ.Muğlu Fransanın Ermənistana hərbi yardımlarının region üçün ciddi təhlükə olduğunu vurğulayıb:
"Fransada yaşayan ermənilərin sayının 650-700 min olduğu təxmin edilir. Bu rəqəmər onu deməyə əsas verir ki, Fransa Rusiya və ABŞ-dan sonra dünyada ən çox erməni yaşayan üçüncü ölkədir. Avropa İttifaqında (Aİ) ən böyük erməni icması Fransada yaşayır. Bundan ruhlanan Fransanın Qarabağ məsələsində erməniləri “qurban”, Azərbaycanı isə “qatil dövlət” kimi təqdim etməsi bu ölkənin administrasiyasının qərəzli mövqeyinin aşkar təzahürüdür. Fransa bunlarla kifayətlənmir və illərdir Ermənistan ordusuna hər cür silah, maşın və texnika göndərir. Bu yaxınlarda Fransa hərbi yardım proqramı çərçivəsində Ermənistana “Bastion” zirehli transportyorları çatdırılıb. Hər sahədə Ermənistanın yanında olduğunu bildirən Fransa rəhbərliyi bu ölkənin qurudakı müdafiə qüvvələrinə təlim keçəcəyini, ordunun islahat və modernləşdirmə səylərini dəstəkləyəcəyini bildirib. “Eyni hərbçilər və siyasi ittifaqların bir hissəsi olmasaq da, Ermənistanla müdafiə əlaqələrinin arxasındayıq", - deyə rəsmi Paris bildirib. Əvvəllər Ermənistana çoxlu silah-sursat və hava hücumundan müdafiə sistemləri verən Fransanın məqsədi Qafqazda Rusiyaya qarşı qüvvə yaratmaqdır. Fransanın bu yardımı region üçün çox ciddi təhlükədir".
Türkiyə Ordusunun təqaüddə olan kontr-admiralı, ekspert Cihad Yaycı Fransanın sülh adı altında erməniləri müharibəyə təhrik etdiyini bildirib:
“Fransa tarixboyu ermənipərəst və türk düşməni olub. Bu ölkə indi də həm Türkiyəyə, həm Azərbaycana düşməndir. Ermənilərin Fransada sayının çox olması səbəbilə onlar bu ölkənin daxili siyasətində də təsirlidirlər. Ona görə də Fransa Ermənistanı açıq-aşkar dəstəkləyir. Sülhdən danışıb, erməniləri müharibəyə təhrik edirlər. Bu da Fransanın regionda sülhü istəmədiyini, Azərbaycan türklərinin çəkdiyi əziyyətlərə əhəmiyyət vermədiyini nümayiş etdirir. Fransanın belə münasibəti yeni hadisə deyil.
Xatırlayıram ki, Qarabağ müharibəsi zamanı Fransa öz gənclərini Azərbaycan Ordusuna qarşı savaşmağa göndərirdi. Həmin vaxt İnsan Haqları Məhkəməsinə, Beynəlxalq Cinayət Məhkəməsinə kampaniya ilə müraciət etdirdim. Müharibə cinayəti olduğuna görə, Fransanın bu addımının qarşısını aldıq. Sülh əvəzinə, öz vətəndaşlarını Qarabağa savaşmaq üçün göndərmək müharibə və insanlıq əleyhinə cinayətdir. Buna görə Avropa İnsan Haqları Məhkəməsi bir xəbərdarlıq etdi”.
Cihad Yaycı Fransanın bu addımlarına qarşı necə davranılmalı olduğumuzdan da söhbət açıb:
“Azərbaycan Xarici İşlər Nazirliyi və diasporu, eləcə də Türkiyə diasporu Fransanı şikayət etməlidir. Fransanın sülh adı altında Ermənistanı silahlandırması paradoksdur. Sülh maskası altında silahlandırmanın, düşmənçiliyin üstünü örtmək mümkün deyil. Onun bu addımına qarşı Avropanın xüsusi şəhərlərində yürüşlər, mitinqlər keçirilməlidir. Brüsseldə Avropa Birliyininin Qərargahının olduğu yerə çələnglər qoyulmalı, pankartlar açılaraq etiraz aksiyaları keçirilməlidir. Beynəlxalq mətbuatda atılan addımların necə pradoks və sülh adı altında əslində müharibəyə təhrik olduğu bildirilməlidir. Qarabağ bütün dünya tərəfindən Azərbaycan torpağı kimi qəbul edilir. Avropa Birliyi kimi qurumlar sərhədlərə hörmət prinsipi ilə Azərbaycan və Ermənistan arasında daimi razılıq imzalanmasına çağırmalıdır. Daimi, dayanıqlı sülh üçün bunlar edilməlidir”.