Modern.az

Türk milləti işıqlı oğlunu itirdi... - Tanınmışlar alimin ölümündən yazdılar

Türk milləti işıqlı oğlunu itirdi... - Tanınmışlar alimin ölümündən yazdılar

Aktual

16 Noyabr 2023, 14:44

Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acaloğlu Bakıda yol qəzasında vəfat edib. Hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib. Məlumata görə, Azər Maqsudov adlı sürücünün idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçən Acaloğlu Arif Mikayıl oğlunu vurub. Avtombili idarə edən şəxs Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub.

 

Mərhum alim Arif Acaloğlu 1992-1993-cü illərdə Azərbaycanın Prezidenti olmuş Əbülfəz Elçibəyin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarından Türkiyəyə köçüb.  Arif Acaloğlu son vaxtlar Mərmərə Universitetində çalışırdı. O, Qafqaz, Orta Asiya və Sibirdə Türk tarixini araşdırmaq məqsədilə çoxsaylı akademik fəaliyyətlər göstərib.

 

Modern.az xəbər verir ki, tanınmış şəxslər sosial şəbəkə Arif Acaloğlu barəsində paylaşımlar ediblər.


 

Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov alimin yaxınlarına başsağlığı verib.

 

"Az əvvəl aldığım acı xəbərdən çox üzüldüm. Türk dünyasının dəyərli ziyalılarından, Türkoloq alim, İstanbul Mərmərə universtitetinin müəllimi Arif Acaloğlu AMEA-nın dəvəti ilə konfransda iştirak üçün gəldiyi doğma Bakıda yol qəzasında həyatını itirib. Ağır itkidən dolayı yaxınlarına və dostlarına səbr diləyirəm. Ruhun şad olsun Arif bəy", - o qeyd edib.

 

Elçibəyin kürəkəni Aqil Səmədbəyli mərhum alimin dostu olduğunu yazıb.

 

"Dəyərli dostum, Azərbaycan ve Türk Dünyasının tanınan ve sevilen aydınlarından, sevgili liderimiz Əbülfəz Elçibəyin müşaviri olmuş, 1993-cü ildən İstanbulda yaçayan, müxtəlif universitetlərdə dərs deyən, Milli Hərəkatçılar Birliyinin başqanı dosent Arif Acaloğlu Azərbaycanda dəvət aldığı konfransa gedərkən yolda avtomobil qəzasında həyatını itirib. Ailəsinin, dostlarımızın, milli düşərgənin, elm camiasının başı sağolsun. Nur içində yat, Arif bəy. Hələ görüləcək çox işlərimiz vardı", - o bildirib.

 

Tarixçi Cəmil Həsənli də Arif Acaloğlunun həyatını itirməsindən məyus olduğunu yazıb: "Səhəri acı xəbərlə açdıq. Çox istedadlı bir alim, tanınmış türkoloq Arif Acaloğlu Bakıda avtomobil qəzasında həyatını itirib. Ağır xəbər oldu. Arif bəy özünəməxsus həyat yolu keçmiş bir ziyalı idi. Tartu və Pterburq universitetlərində Lotman və Qumilyov kimi böyük alimlərlə birgə çalışmışdı. Arif bəy hələ 1988-ci ildə Azərbaycan mifoloji mətnlərini nəşr etmişdi. Bu kitab cəmiyyətdə çox maraqla qarşılanmışdı.

 

O, ötən əsrin 90-cı illərində Əbülfəz Elçibəyin müşaviri olmuşdu. 1993-cü ildən Türkiyədə yaşayırdı. İstanbulun bir sıra Universitetlərində müəllim işləmişdi. Onunla Türkiyəyə gedəndə və ya Bakıya gələndə ara-sıra görüşürdük. Geniş dünyagörüşə, yüksək intellektə malik dəyərli alim və fikir adamı idi. Rus dilindən türk dilinə çoxlu tərcümələr etmişdi. Arif bəy türk mifologiyası üzrə çox maraqlı araşdırmaların müəllifidir. Arif Acaloğlunu vaxtsız itirdik. Yeri görünən alimdir, ziyalıdır, vətəndaşdır. Xatirəsinə sayğılar".

 

Tarixçi Yasəmən Qaraqoyunlu özünün sosial media hesabında paylaşıdğı yazıda isə belə deyilir:

 

"Çox acı bir xəbər aldım. Azərbaycanda Türk Milliyyətçi düşüncəsini təşkilatlandıran, Elçibəydən sonra başsız qalmış Türk milli  yolunu, siyasi düşüncəsini, düşərgəsini  ayaqda tutmağa çalışan, liderlik edən, birləşdirən aydınımız Arif Acaloğlu maşın vurması nəticəsində dünyasını dəyişmişdir. Bu sadəcə bir qəza deyil, təsadüf deyil.


Bu Azərbaycan İstiqlal Hərəkatının milliyyətçi qanadına bir qəsddir, Azərbaycandakı Türk milliyyətçi kəsimlərin təşkilatlanmasının, siyasiləşməsinin qarşısını almaqdır, Türk milliyyətçi kəsimləri  fikirsiz və lidersiz buraxmaqdır. Arif Acaloğlu Arif Rəhimoğlundan sonra Türk-Azərbaycan ideoloji davasını apara biləcək aydınımız idi. Türk milləti çox işıqlı oğlunu, aydınını itirdi. Arif Acaloğlunu itirdi. Başın sağ olsun Türk milləti".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...