Türkiyədə yaşayan türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acaloğlu Bakıda yol qəzasında vəfat edib. Hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib. Məlumata görə, "Mercedes" markalı avtomobil yolu keçən Acaloğlu Arif Mikayıl oğlunu vurub. Avtombili idarə edən şəxs Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub.
Mərhum alim Arif Acaloğlu 1992-1993-cü illərdə Azərbaycanın Prezidenti olmuş Əbülfəz Elçibəyin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarından Türkiyəyə köçüb. Arif Acaloğlu son vaxtlar Mərmərə Universitetində çalışırdı. O, Qafqaz, Orta Asiya və Sibirdə Türk tarixini araşdırmaq məqsədilə çoxsaylı akademik fəaliyyətlər göstərib.
Sabiq prezident Əbülfəz Elçibəyin müavini Oqtay Qasımovun Modern.az-a verdiyi məlumata görə, Arif Acaloğlu Elçibəylə hələ tələbəlik illərindən tanış olub: "Elçibəylə Arif bəyin tanışlığı ötən əsrin 70-80-ci illərə söykənir. O zamanın hərəkatında Arif bəy aktiv iştirak edib".
Oqtay Qasımov bildirib ki, Arif Acaloğlu Elçibəyin komandasının tərkibində Türk dünyası ilə bağlı məsələlərə baxırdı.
"Onun bu sahədə sıx əlaqələri vardı. Ömrünün sonlarına qədər Arif Acaloğlunun araşdırmalarının əsas istiqamətini də məhz türk dünyası və folkloru təşkil edirdi. Bu sahənin çox mükəmməl bilicilərindən biriydi deyə bilərəm", - o vurğulayıb.
O.Qasımov 10 gün əvvəl mərhumla telefon vasitəsilə danışdıqlarını söyləyib.
"Arif bəylə, xüsusilə də, son 4-5 ildə mütəmadi əlaqələrimiz olub. Vəfatından 10 gün öncə aramızda telefon danışığı da olub. Telefon danışığı zamanı dedi ki, Elmlər Akademiyasında keçiriləcək konfransa çıxışçı kimi dəvət olunub. Eləcə də sabah bir dostumuzun övladının toyunda görüşməliydik. Təəssüf ki, belə alındı. Mən Türkiyəyə, o Azərbaycana gələndə davamlı görüşərdik. Xatirəmdə çox dəyərli insan və alim kimi qalıb. Onu tanıyanların hamısının necə üzüldüyünü görürəm. Doğrudan da, millətimizin kisəsindən gedən adamdı.
"Onun bizlərə, cəmiyyətimizə, millətimizə verəcəyi çox şey vardı. Təəssüf ki, ömrü vəfa etmədi. İnsan kimi olduqca dürüst, mehriban idi. Çox pozitiv aurası vardı. Davranışlarında ölçülü-biçiliydi. Hər şeydən əvvəl çox vicdanlı adamıydı.Onu tanıyan hər bir insan bu keyfiyyətlərini yüksək qiymətləndirirdi. Bir insanda ola biləcək bütün müsbət keyfiyyətlər Arif bəydə cəmləşmişdi", - mərhumun komanda yoldaşı deyib.