Modern.az

Adamın belə sonluğa inanmağı gəlmir - Deputat alimin ölümündən BƏHS ETDİ

Adamın belə sonluğa inanmağı gəlmir - Deputat alimin ölümündən BƏHS ETDİ

Aktual

16 Noyabr 2023, 17:42

"Adamın belə sonluğa inanmağı gəlmir".


Bunu Modern.az-a türkoloq alim Arif Acaloğlunun yol qəzasında dünyasını dəyişməsindən danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
 

“Arif Acaloğlunun ölümünə çox üzüldük. Olduqca kədərli hadisədir. Hər halda qəzaya düşdüyü yol onu Azərbaycan üçün daha fayda verəcəyi istiqamətə aparmalıydı. Amma, təəssüf ki, ölümə getdi. Lakin şərtlər elədir ki, bizim əlimizdən kədərlənməkdən başqa heç nə gəlmir. Allahdan Arifə rəhmət diləyirəm! Çox ağır və acınacaqlı itkidir”,- F.Mustafa deyib.
 

Deputat Arif Acaloğlunu 35 ildən çoxdur ki, tanıdığını qeyd edib:
 

“Mən Hüquq fakültəsində oxuyanda o, Filologiya fakültəsində dərs deyirdi. Təmaslarımız vardı. Bizim Əbülfəz Elçibəylə olan bir neçə görüşümüzdə iştirak etmişdi. Elə bu görüşlərdə tanış olmuşduq. Sovet hökuməti əleyhinə gizli hərəkatın müxtəlif qollarında təmsil olunurduq. Mənim onunla daha çox Türkiyədə təmaslarım oldu. İstedadlı, dəyərli bilim adamıydı. Öz sahəsinin həqiqi mütəxəssislərindən biriydi. Onun istedadlı adam olduğunu tək mən demirəm. Bunu həm də Arif bəyi yaxından tanıyanlar deyirlər. Öz istedadını sistemli şəkildə irəli aparmağa sərf etsəydi, bəlkə də daha böyük məqamlarda tanınan alim kimi qəbul olunardı”.
 

F.Mustafa Arif Acaloğlunun Prezidentin müşaviri olarkən onun hansı sahəyə məsul olmasından da danışıb:


“O müşavir kimi Türk dünyası ilə əlaqələr məsələsinə baxırdı. Bir sıra türk dövlət və topluluqları ilə əlaqədə mühüm rol oynayırdı. Onun konseptual əsaslarını hazırlayan komandaya daxil idi”.
 

Xatırladaq ki, Türkiyədə yaşayan türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acaloğlu noyabrın 15-də Bakıda yol qəzasına düşərək vəfat edib. Hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib.

Rəsmi məlumata görə, Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçən Acaloğlu Arif Mikayıl oğlunu vurub. 

Mərhum alim Arif Acaloğlu 1992-1993-cü illərdə Azərbaycanın Prezidenti olmuş Əbülfəz Elçibəyin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarından Türkiyəyə köçüb. Arif Acaloğlu son vaxtlar Mərmərə Universitetində çalışırdı. O, Qafqaz, Orta Asiya və Sibirdə Türk tarixini araşdırmaq məqsədilə çoxsaylı akademik fəaliyyətlər göstərib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...