Modern.az

Qazaxıstandan gələn şəhid ailəsi “YAŞAT” Fondunda - FOTOLAR

Qazaxıstandan gələn şəhid ailəsi “YAŞAT” Fondunda - FOTOLAR

Aktual

16 Noyabr 2023, 18:20

Azərbaycanın haqq savaşında iştirak edən və 1994-cü ildə cəbhənin Tərtər-Ağdərə istiqamətində şəhid olan qazaxıstanlı Yerbol Barımbetovun Bakıya gəlmiş qardaşı Nurbol Barımbetov, onun 13 yaşlı oğlu Erbolat Barımbetov, eləcə də Yerbol Barımbetovun qəhrəmanlığı haqqında kitab yazan qazax jurnalist Nasiha Kumarqızı “YAŞAT” Fondunda qonaq olublar.


Modern.az xəbər verir ki, “YAŞAT” Fonndunun rəhbəri Elvin Hüseynov qonaqlara qurumun fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, Fond Azərbaycan torpaqları uğrunda canından keçən hər bir şəhid ailəsinin və qazinin yanındadır.

“YAŞAT” Fondu 8 dekabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək  üçün yaradılıb. 

Fondun rəhbəri qeyd edib ki, Azərbaycan xalqı vətən torpağı uğrunda canını qurban vermiş hər bir şəhidinin, eləcə də Albert Aqarunovun, Yuri  Kovalyovun, Yerbol Barımbetovun xatirəsini əziz tutur. Çünki 1992-ci ildən bu yana şəhid olanlarımızın açdığı cığırla gedən əsgərlərimiz 2020-ci il bizə Qələbəni, Zəfəri hədiyyə etdilər.

Yerbol Barımbetovun qardaşı Nurbol Barımetov öz növbəsində qeyd edib ki, o da bir türk oğlu kimi özünü çox xoşbəxt hiss edir. Çünki 28 illik axtarışdan sonra qardaşının məzarını Bakının II Şəhidlər Xiyabanındakı qəhrəman şəhidlər sırasında tapıb. Nurbol Barımetov deyib ki, Azərbaycanın zəfərində onun ailəsinin də bir azca payı varsa, bu onların da sevincidir.

Daha sonra Yerbol Barımbetovun həyatını qələmə alan jurnalist Nasiha Kumarqızı “Yerbol-Qarabağ şəhidi” kitabıını “YAŞAT” Fonduna hədiyyə edib.

Görüşdə iştirak edən araşdırmaçı jurnalist Aida Eyvazlı qeyd edib ki, Yerbol Barımbetov Qazaxıstan-Azərbaycan arasında əbədi bir körpü yaradıb.

“İndi Yerbol həm Azərbaycanın, həm Qazaxıstanın, həm də bütün türk dünyasının fəxridir. “YAŞAT” Fondu özünün yeni və mükəmməl layihələri ilə hər bir şəhid və qazi ailəsinin yanında olmaqla, bu ailələrin həyata inamını möhkəmlədir. Bu günə qədər ataları döyüşlərdə qəhrəmanlıqla həlak olan, atasının şəhadətindən sonra dünyaya gələn 111  körpəni və digər şəhid övladlarının yanında olan fond, öz layihələri ilə bütün türk dünyasında yeni bir brenddir”.

Görüşün sonunda “YAŞAT” Fondunun rəhbəri, Qarabağ döyüşlərinin veteranı Elvin Hüseynov qonaqlara Fondun adından Qarabağı simvolizə edən hədiyyələr təqdim etdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...