Modern.az

Ev verilən yazar Modern.az-a DANIŞDI: Siyahıda ən layiqlisi özüməm

Ev verilən yazar Modern.az-a DANIŞDI: Siyahıda ən layiqlisi özüməm

Aktual

20 Noyabr 2023, 12:08

Azərbaycan Yazıçılar Birliyinin bir sıra şəxslərə ev verməsi barədə müzakirələr səngimək bilmir. Qurum rəsmi olaraq, siyahı yaymasa da, artıq sosial şəbəkələrdə müəyyən siyahılar paylaşılıb. İddia edilir ki, ev verilən yazarlar arasında artıq şəxsi mənzili olanlar da var.

 

Birliyin katibi Elçin Hüseynbəylinin sözlərinə görə, Yazıçılar Birliyinə 250 nəfər ev üçün müraciət edib: "Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib. Bu şəxslərin sırasında əvvəldən ev növbəsi gözləyənlər də, yeni müraciət edənlər də var".

 

Yazıçılar Birliyi tərəfindən ev verildiyi deyilən şəxslərdən biri də gənc yazar Ulucay Akifdir. 28 yaşlı yazar Birliyin üzvü, həm də Prezident təqaüdçüsüdür. 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Yazıçılar birliyinin üzvü Ulucay Akif ona ev verildiyini təsdiqləyib və buna tam layiq olduğunu bildirib:

 

“Ev verilənlər arasında yeganə gənc yazıçı mənəm. O evə özümü tam layiq bilirəm. Hesab edirəm ki, o siyahıda olanlar içərisində ən layiqli özüməm. Çünki 10 ildir ki, həm yazarlıqla, həm də jurnalistika ilə məşğulam. 25 yaşımdan Azərbaycanın ən böyük və populyar mədəniyyət saytının, "Kulis.az"ın baş redaktoruyam. Yazdıqlarım, onlara gələn reaksiyalar və oxucu auditoriyamın sayı göz qabağındadır. Mənə ev verilməsindən məmnunam və bunu çox ədalətli addım sayıram. AYB hələ rəsmi olaraq heç bir siyahı açıqlamayıb”. 

U.Akif deyir ki, oradan-buradan eşidilən informasiyalar üzərində siyahı tərtib olunub.

 

"Siyahıda adı keçənlərin bəzilərinin ikinci, hətta üçüncü dəfə ev aldığı deyilir. Əgər iddia olunduğu kimidirsə, bunu tamamilə ədalətsiz sayıram. Bir nəfərin üçüncü dəfə AYB-dən ev alması evi olmadığına görə kirayələrdə qalanlar üçün ədalətsizlikdir. 

 

Bəziləri yazır ki, "filankəs yazıqdır, kirayədə qalır, imkanı yoxdur, gərək ona ev verilərdi". Əlbəttə, bu kriteriyaları da nəzərə almaq olar. Lakin yazıqlıq və imkansızlıq ilkin kriteriya kimi götürülməməlidir. Burada əsas şərt yazıçının istedadı və onun ortaya qoyduğu mətnlər, yəni fəaliyyət olmalıdır. Yazıqlığıa qalsa, ölkədə o qədər yazıq, imkansız yazıçı tapa bilərik”.

 

Ulucay Akif onun evinin olması ilə bağlı iddialarla bağlı aşağıdakılar deyib:

 

“AYB mənə ilk dəfədir ki, ev verir. İkinci evə ehtiyacım olmayacaq. Nə vaxtsa mənə ikinci ev təklif olunsa, onu qəbul etmərəm. Mənim şəxsi evim yoxdur. Yazanlar var ki, Ulucay Akifin evi var. Yazıblar ki, Ulucay Akifə nənəsi ev bağışlayıb. Belə məlumatları kim, haradan tapır, bilmirəm. Nənəm mənə ev bağışlamayıb. Nənəmin 15-16 nəvəsi var. Mən onun qız övladından dünyaya gəlmişəm. Onun oğlan övladından dünyaya gələn nəvələri də var. Kim deyə bilər ki, nənəm evini məhz mənə verəcək? Bəzən adamın ana-atasının evi belə özünə çatmır.

 

Qaldı ki, yenə deyirəm, təvazökarlıqdan uzaq olsa da, bu ölkənin ən çox oxunan gənc yazarı mənəm. Doğrudur, yazdıqlarım, fikirlərim həmişə birmənalı qarşılanmır. Bu, mümkün də deyil. Ancaq mənim böyük oxucu auditoriyam var. Bu da göz qabağındadır. Tam ədalətli olmaq heç vaxt mümkün olmur. Amma mümkün qədər ədalətli  davranmaq ən yaxşı yol olar. Çünki AYB-nin 3000-ə yaxın üzvü var. 21 evi o 3000 üzv arasında nə qədər ədalətli bölmək olarsa, o qədər ədalətli davranmaq lazımdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama