Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 31 yaşı tamam olub. Partiyanın Təftiş Komissiyasının üzvü, sabiq deputat Musa Musayev YAP-ın yaranmasının tarixinə ekskurs edib.
Modern.az-ın məlumatına görə, M.Musayev bildirib ki, YAP Nəsimi rayon təşkilatı respublikada ilk yaranan siyasi qurumlardan biri olub.
“Biz ilk iclasımızı 14 noyabr 1992-ci ildə keçirdik. Onda hələ YAP təsis konfransını keçirməmişdi, hazırlıq işləri görülürdü. Hacıbala Abutalıbov, Əli Nağıyev, Fərəməz Maqsudov, Məzdək Hüseynovun iştirakı ilə Tibb Universitetinin Farmakologiya kafedrasında, mənim qohumum rəhmətlik Qafil müəllimin və adaşım Musa müəllimin otağında keçirdik. 9 nəfərdən ibarət Müvəqqəti Təşkilat Komitəsi yaratdıq və sədr mən seçildim.
21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində YAP-ın təsis konfransını keçirildi və partiya 19 dekabrda Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi.
1993-cü ilin fevralında Heydər Əliyev Bakıya qardaşı akademik Həsən Əliyevin yas mərasiminə gəldi. İki gündən sonra YAP-ın Bakı şəhərindəki 11 rayon sədrini, Sumqayıt şəhəri və Abşeron rayon təşkilatlarının sədrlərini “Montin”də, indiki Vergilər Departamentində görüşə topladı. İlk sözü YAP Nəsimi rayon təşkilatının sədri kimi mənə verdi. Digər çıxışçılardan sonra Heydər Əliyev yekun söz söylədi və bizə tapşırıqlar verdi. İclasdan sonra məni qəbul etdi və dedi ki, “Musa, YAP Nəsimi rayon təşkilatında üzvlərin sayı çoxdur, (1743 nəfər üzvümüz vardı), mən sənin Nəsimi rayon təşkilatının konfransında iştirak edəcəm, hazırlaş!”.
Təəssüf hissi ilə qeyd edim ki, öz içimizdə olan bəzi nadürüstlər, yaramazlar konfransın keçirilməsinə və Heydər Əliyevin iştirakına qısqanclıqla yanaşaraq, maneçilik törətdilər.
Sonra hər şey öz axarıyla getdi. 1992-1993-cü illər ərzində mənim YAP-a üzv qəbul etdiyim şəxslərdən 11 nəfər 30 illiyimizdə orden və medallarla təltif olundula , o cümlədən mən də YAP-dakı fəaliyyətimə görə cənab sədrimiz, Prezidentimiz tərəfindən “Tərəqqi“ medalına layiq görüldüm”.
Musa Musayev 1992–1994-cü illərdə YAP Nəsimi rayon təşkilatının sədri işləyib. O, 2000–2005-ci illərdə II çağırış Milli Məclisin deputatı olub. M.Musayev 2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdi. Sabiq deputat 2006–2010-cu illərdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
Daha sonra uzun müddət Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevlə münasibətlərindəki soyuqluğa görə işsiz qalıb.
O, hazırda Yeni Azərbaycan Partiyasının 7-ci qurultayında Təftiş Komissiyasının üzvü seçilib, 2021-ci ilin avqust ayından Mərkəzi Seçki Komissiyasının Nərimanov rayonundakı 20 sayı Dairə Seçki Komissiyasının sədri təyin edilib.