Modern.az

Ağdərə niyə ləğv edilmişdi... - Sabiq baş nazir AÇIQLADI

Ağdərə niyə ləğv edilmişdi... - Sabiq baş nazir AÇIQLADI

Aktual

21 Noyabr 2023, 18:12

Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib. Ağdərə rayonunun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil olunacaq.

 

Qeyd edək ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunmuşdu və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünmüşdü. Rayonun Leninavan qəsəbə Soveti, Həsənqaya, Çaylı, Seysulan və Talış kənd Sovetləri, Ağdərə şəhər Sovetinin Qarmiravan və Mağavuz kənd Sovetinin Cerabert kəndləri Tərtər rayonunun tərkibinə verilmişdi.

 

Bəs Ağdərə niyə ləğv edilmişdi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq Baş nazir Pənah Hüseyn 1992-ci ildə Ağdərə rayonun ləğvi üçün müəyyən səbəblərin olduğunu bildirib:

 

“Ağdərə rayonun ləğv edilməsi ideyasını irəli sürənlərin arqumentlərini o zamankı siyasi status-kvo, yəni Şaumanyan kənd məsələsinin ermənilər tərəfindən danışıqlarda çox ciddi şəkildə danışıqlarda qaldırılması, keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti"nin statusu ilə əlaqədar məsələlər, o cümlədən erməni adlı rayonların olması təşkil edirdi. Məncə, o vaxtki qərar doğruydu. Yəni mövcud status-kvo-da Ağdərə rayonun ləğvi üçün kifayət qədər əsaslar vardı”.

 

P.Hüseyn Ağdərə rayonunun bərpasının məqsədəuyğun qərar olduğunu vurğulayıb:

 

“Artıq separatçı rejimin ləğv edilməsini, qeyri-qanuni silahlı birləşmələrin ərazilərimizdən çıxarılmasını və müəyyən dövrlərdə bizim maraqlarımız nəzərə alınmadan müzakirəsi aparılan beynəlxalq status-kvo-nun da dəyişməsini nəzərə alıb, Ağdərə rayonun bərpa edilməsini məqsədəuyğun hesab edirəm. Yəqin ki, bu ideyanı irəli sürənlərin iqtisadi, siyasi əsaslandırmaları var. Burada səsləndirilən, səsləndirilməyən müəyyən məaqmlar olmamış deyil. Ağdərədə həm də Sərsəng Su Elektrik Stansiyası kimi mühüm obyektlər var. Onların dirçəldilməsi məsələsi də gündəm ola bilər”.

 

Sabiq Baş nazir söyləyib ki, Ağdərə rayonunun bərpası keçid dövrünə aid məsələdir.

 

"İnzibati ərazi bölgüsünü, rayon formasından daha iri idarəçilik formasına keçirmək məsələsi var. Məsələn Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonları mövcuddur. Ayrı-ayrı sahələr üzrə regional mərkəzlər yaradılır. Haqqında söhbət gedən referandumda da vilayət idarəçilik üsuluna keçilməsi barədə ideyalar səsləndirilir. Hesab edirəm ki, bu keçid dövrünə aid məsələlərdən biridir".

Twitter
Sizə yeni tvit var
Keçid et
Əsirlikdəki hərbçilərimiz qaytarılır prosses başladı