Çərşənbə günü ABŞ Dövlət Departamentinin diplomatı, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi James Obrayn Konqresdəki dinləmələrdə çıxış edib və Azərbaycan haqqında sərt tənqidlər səsləndirib.
James Obrayn deyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi əldə edilməyənədək, Azərbaycanla münasibətlər əvvəlki səviyyədə olmayacaq.
Diplomat, Azərbaycanın sentyabrın 19-da Qarabağda keçirdiyi hərbi əməliyyatlardan sonra, ABŞ-ın Azərbaycana hərbi yardımı dayandırdığını və bir neçə yüksək səviyyəli görüşləri ləğv etdiyini deyib.
Rəsmi Bakı James Obraynın hesabatını birtərəfli və qərəzli hesab etdiyini deyib və onun fikirlərini səmərəsiz, əsassız və qəbuledilməz kimi qiymətləndirib.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, ABŞ Azərbaycanın qələbəsini həzm edə bilmir:
"Azərbaycan 44 günlük Vətən müharibəsindəki qələbəsi və birgünlük antiterror tədbirləri ilə öz suverenliyini bütün ərazilərində hüquqi cəhətdən bərpa etdi. Qələbəmiz dostlarımızı sevindirsədə, bir çox dövlət və qüvvələri narahat etməyə başladı. Narahat olan dövlətlərin içərisində Fransa və ABŞ öndə gedir. Bu dövlətlər zaman-zaman Azərbaycan torpaqlarının işğalını dəstəkləməşdilər. Fransa və Amerika Minsk qrupunun həmsədr ölkələri kimi 30 ilə yaxın apardıqları “fəaliyyətlərində” bu münaqişənin dondurulmasını, sonda Ermənistanın xeyrinə həll olunmasını istəyirdilər. Onlar bunun üçün əllərindən gələni etdilər. Ali Baş Komandanın rəhbərliyi altındakı qələbəmizi bu dövlətlərin əməllərini puç etmiş oldu".
Deputat ABŞ-ın son addımlarını işğalçının müdafiəsi kimi qiymətləndirib:
"Son zamanlar ABŞ-nin qərəzi və siyasi cığallığı açıq müstəviyə keçib. ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın ölkəmizə qarşı əsassız açıqlamaları onun təmsil etdiyi dövlətin konkret mövqeyidir. Azərbaycan bütün bu əssasız iddiaları rədd edir. Bu açıqlama işğalçı tərəfin müdafiəsidir. Amerikanın uzun illər Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əməl edərək, ədaləti bərpa etməsini görməzdən gəlib, qərəzli mövqe tutması ABŞ-ın üzdə demokratiya, insan hüquq və azadlıqlarından danışdığını göstərir. Həqiqətdə bu dövlət demokratiyanı, insan hüquq və azadlıqlarını boğmaq və öz siyasətini digər ölkə və bölgələrdə həyata keçirmək üçün çalışır. Ukraynanın bugünkü real vəziyyəti, Gürcüstanın torpaqlarını itirilməsi, İraqda, Suriyada yaranmış acınacaqlı durum göz qabağındadır. Bütün bunların baş rolunda ABŞ-ı qeyd etməliyik. Təbii ki, belə siyasət qəti olaraq yolverilməzdir. Azərbaycan bu hədyanları qəbul etmir".
Vüqar İskəndərov heç bir qüvvənin Azərbaycanı yolundan döndərə bilməyəcəyini vurğulayıb:
"Azərbaycan BMT qətnamələrinə, beynəlxalq konvensiyalara uyğun olaraq öz ərazisini düşmən tapdağından azad edib. Ölkəmiz indi yeni siyasi mənzərə formalaşdırır. Əsas məqsədimiz Ermrənistanla sülh müqaviləsinin imzalanması və işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri aparmaq, eləcə də ərazilərin əsl sahiblərini yurdlarına qovuşdurmaqdır. Bunun üçün Azərbayanın iqtisadi gücü, insan potensialı və siyasi iradəsi mövcuddur. Heç bir qüvvə bu istiqamətdə Azərbaycanı yolundan döndərə bilməz. Biz inam və uğurla öz inkişafımıza davam edirik. Düşünürük ki, ABŞ, Fransa və digər belə dövlətlər yalnız qıraqdan olanları seyr edəcəklər. Yaxşı olardı ki, zaman itirmədən Fransa, ABŞ, Kanada və digər dövlətlər, eləcə də siyasi təşkilatlar bu reallıqları qəbul edib, beynəlxalq hüquqa və onun normalarına əməl etsinlər".