Modern.az

120 ölkədən gələn qadınların Bakı TOPLANTISI - Nələr müzakirə edildi...

120 ölkədən gələn qadınların Bakı TOPLANTISI - Nələr müzakirə edildi...

Aktual

22 Noyabr 2023, 17:40

Bakıda Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransı keçirilib. Konfransın sonunda yekun Bəyannamə qəbul olunub. Qoşulmama Hərəkatının konfransda təmsil olunan üzv dövlətləri Bəyannamədə Hərəkatın perspektiv gündəliyi kimi insan hüquqlarının inkişaf etdirilməsi və qadınların səlahiyyətləndirilməsinə sadiqliklərini vurğulayıb, qadınların inkişafı və onların insan hüquqlarının təmin olunması sahəsində problemlərin həlli üçün siyasi iradələrini bir daha ifadə ediblər.

 

Konfransda iştirak edən Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri, politoloq Yeganə Hacıyeva Modern.az-a açıqlamasında bildirib ki, son illər bütün dünyada qadın hərəkatının daha da gücləndiyini və bu sahəsinin dövlət tərəfindən daim diqqət mərkəzində saxlandığını görürük.

 

"Ölkəmizdə isə tarixən qadın hüquqlarının hər zaman diqqətdə saxlanıldığını, cəmiyyətim qadın iştirakçılığı sahəsində böyük yol qət edildiyini söyləyib və bu gün də dövlət siyasətində bu sahə prioritet istiqamət olduğunun şahidi olmuşuq”, - o vurğulayıb.

 

Azərbaycan Gənc Demokratlar İnstitutunun Uqanda FORWO qadın təşkilatı ilə keçirdiyi beynəlxalq tədbiri xatırladan Y. Hacıyeva qeyd edib ki, 120 ölkədən gələn qadının iştirakı ilə beynəlxalq konfrans keçirilib:

 

“Azərbaycandan həmin tədbirdə 20-yə yaxın iştirakçı vardı. Geniş tərkibdə baş tutan tədbirdə Qoşulmama Hərəkatına üzv olan 33 ölkənin qadın haqları ilə məşğul olan QHT nümayəndələri qatılmışdı. Bu konfransda iştitakçıların razılaşdırdığı QH Qadın platformasının təsisi Qoşulmama Hərəkatının təşkilatlanma prosesində yeni bir mərhələdir. Xatırlayırsınızsa, əvvəl Qoşulmama Hərəkatının xarici işlər nazirləri platforması, sonra isə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi formalaşıb. İndi isə Qoşulmama Hərəkatının qadın platforması təsis olunur. Bütün bu platformalar isə QH-nın beynəlxalq nüfuzunun artırılması üçün təkamül prosesidir. Azərbaycan Prezidentinin də müraciətindəki bu təklif Qoşulmama Hərəkatına üzv ölkələrin qadın təşkilatları tərəfindən çox ciddi qəbul olunaraq dəstəklənib. QH hazırkı sədri Azərbaycan Prezidentinin təklifinə ilk qoşulanlar bizim keçirdiyimiz konfransın iştirakçılar oldu. Biz də QH çərçivəsində sivil cəmiyyət institutları arasında, xüsusi ilə qadın təşkilatları arasında güvənli tərəfdaşlıq əsaslı bir platformanın formalaşdırılmasına qərar verdik".

 

Y.Hacıyeva həmçinin konfrans zamanı aparılan müzakirələrdən də danışıb:

 

“Qoşulmama Hərəkatının “Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” üzrə konfransı çərçivəsində müxtəlif ölkələri təmsil edən qeyri-hökumət təşkilatları ilə yan tədbir keçirilib. Tədbirin əsas məqsədi Qoşulmama Hərəkatına üzv olan ölkələrin vətəndaş cəmiyyəti institutları arasında qadın hüquqlarının inkişafı və səlahiyyətlərinin artırılması ilə bağlı təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi üçün platformanın yaradılmasıdır.

 

Qoşulmama Hərəkatı çərçivəsində Gənc Demokratlar İnstitutunun təşkilatçılığı ilə “Qadınların hüquqlarının və səlahiyyətlərinin artırılmasında qeyri-dövlət aktorlarının rolu” adlı panel müzakirəsi keçirilib. Panel müzakirəsinə 30 yaxın ölkədən 37 iştirakçı, ümumilikdə 57 iştirakçı qatılıb. Qonaq ölkələrin qeyri-hökumət təşkilatlarının iştirakı ilə interaktiv panel müzakirələri təşkil edilib. Müzakirələrdə məişət zorakılığı, insan alveri ilə yanaşı müharibələrdə zərərçəkmiş, itkin düşmüş, mina təhlükəsi ilə üz-üzə qalmış qadın və qızların hüquqlarının müdafiəsi barədə fikirlər səsləndirilib. Müasir dövrdə erkən nikah, təhsil problemləri, qız uşaqlarının təhsildən yayındırılmasına qarşı cəmiyyətlərdə sosial müqavimət alətlərinin formalaşdırılması yollarının axtarılması kimi vacib mövzular üzrə fikir mübadiləsi aparılıb. Tədbir regionlararası geniş təmsilçiliklə baş tutub. Afrika, Yaxın Şərq, Avropa, Mərkəzi və Cənubi Asiyadan qonaqlar təkcə öz ölkələrinin deyil, təmsil olunduqları regionlarda qadınların problemləri haqqında söz açıblar. Tədbirdə Azərbaycan, Uqanda, İraq, Zimbabve, Türkiyə, Qazaxıstan, Özbəkistan, Belarus, Pakistan, Kenya, Malavi, İran, Banqladeş, Hindistan, Mali, Böyük Britaniya, Tunis, Türkmənistan, Uganda, Zimbabve və digər ölkələrin qeyri-hökümət təşkilatları iştirak edib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI