13-14 dekabr tarixlərində Hilton Baku oteldə MÜSİAD Azərbaycan tərəfindən Qida və Kənd Təsərrüfatı Forumu keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli bildirib.
Məlumata əsasən, ölkəmizdə işgüzar səfərdə olan Gebze Ticarət Palatasının bugün Four Seasons oteldə tədbiri həyata keçirilib.
Tədbirdə Gebze Ticaret Palatasının İdarə Heyətinin sədri Abdurrahman Aslantaş, ATİB İdarə Heyətinin sədri Cemal Yangın, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, Tükiyədən olan millət vəkilləri və digər rəsmilər iştirak edib.
Gebze Ticaret Palatasının İdarə Heyətinin sədri Abdurrahman Aslantaş tədbirin açılışını edib və gələn qonaqları salamlayıb. 45 nəfərlik bir heyətlə gəldiklərini bildirən Aslantaş Gebze haqqında tədbir iştirakçılarına məlumat verib.
Daha sonra tədbirdə çıxış edən Rəşad Cabirli Türkiyədən gələn və Azərbaycandan iştirak edən qonaqları salamlayıb, həmçinin, onlara MÜSİAD Azərbaycanın gördüyü işlər və fəaliyyət sahələri barədə məlumat verib.
“MÜSİAD Bakı filialımız 2018-ci ilin əvvəlindən etibarən aktiv fəaliyyətə başlamışdır. Azərbaycanda hal-hazırda 83 üzvü olan və üzvlərinin sayı artmaqda olan MÜSİAD Azərbaycan, Azərbaycan Respublikasının bir sıra dövlət və qeyri-dövlət qurumları ilə faydalı əməkdaşlıq etməkdədir”, -deyə o bildirib.
Həmçinin, o qeyd edib ki, Azərbaycana gələn iş insanları buranı 10 minyonluq bir ölkə olaraq deyil, 300 milyonluq böyük bir bazara çıxış qapısı olaraq görsünlər.
Bu məqsəd çərçivəsində R.Cabirli onu da qeyd edib ki, 13-14 dekabr tarixlərində dərnəyimiz tərəfindən keçiriləcək "Qida və Kənd Təsərrüfatı Forumu" çərçivəsində Türkiyədən 50-ə yaxın iş insanını Azərbaycanda fəaliyyət sahələrinə uyğun sahibkarlarla görüşdürüb, bu sektorda ölkəmizə investisiya imkanlarını artıracayıq.