Modern.az

Kəlbəcərə həyat yenidən qayıdır

Kəlbəcərə həyat yenidən qayıdır

Aktual

24 Noyabr 2023, 10:58

Kəlbəcərin işğaldan azad olunması, Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərindəki möhtəşəm qələbəsi nəticəsində əldə olunan razılaşmanın, yəni Nikol Paşinyanın imzaladığı kapitulyasiya aktının əsas tələblərindən biri idi. İşğaldan sonra Ermənistan, Suriya, Livan və digər ölkələrdən qanunsuz olaraq Azərbaycan ərazilərinə köçürülən erməni əsilli şəxslərin, torpaqlarımızdan çıxarılması üçün onlara verilən əlavə vaxt, əslində müharibələr tarixində az-az rast gəlinən hadisələrdən biri kimi qəbul oluna bilər. Baxmayaraq ki, nəinki Azərbaycana, bütövlükdə bölgəyə hər hansı bir aidiyyatı olmayan şəxslər, torpaqlarımızda qanunsuz olaraq məskunlaşmışdılar, amma rəsmi Bakı yenə də humanizm nümayiş etdirərək onların torpaqlarımızı tərk etmələri üçün əlavə vaxt verdi. Amma buna baxmayaraq, Kəlbəcəri tərk edən qanunsuz miqrantlar, işğal rejiminin tör-töküntüləri son məqamda da vandallıqlarından, ənənəvi ziyanvericiliklərindən əl çəkmədilər. Yaşadıqları və yaşamadıqları evləri yandırdılar, meşələrə od vurdular, yerin-yurdun əsl sahiblərinə nə qədər xain, rəzil bir toplumun təmsilçiləri olduqlarını yenidən xatırlatmaq üçün arxalarınca daha dərin, daha ağrılı izlər buraxaraq çıxıb getdilər.

 

Təhlükəsiz şəkildə Kəlbəcəri tərk edən erməni sakinlərdən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulublar, dağ yolları ilə, ayaqyalın, piyada erməni təcavüzkarlarından qaçıb xilas olublar.

 

İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. 60 min kəlbəcərli respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və sair talan edilib, dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. 2026-cı ilədək Kəlbəcər rayonunda 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək və uzun illərdən bəri öz doğma yurd yerlərinin həsrəti ilə yaşayan həmvətənlərimiz yenidən Azərbaycanımızın gözəl guşələrindən birinə - Kəlbəcərə qayıdacaqlar.

 

Azer Kerimli

Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama