Rusiya ordusu noyabrın 25-nə keçən gecə və səhər saatlarında Kiyevə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
Modern.az xəbər verir ki, məlumatı paytaxt rəsmiləri yayıb.
Şəhər meri Vitali Kliçko və Hərbi Administrasiyasının rəhbəri Sergey Popkonun məlumatlarına əsasən, kamikadze PUA-ların Kiyevə kütləvi hücumu və hava hədəflərinə qarşı hava hücumundan müdafiə sistemlərinin işləməsi nəticəsində uşaq bağçasının ərazisində yanğın baş verib.
Yerrli vaxtla səhər 05:30 radələrindən başlayaraq Kiyevdə partlayış səsləri eşidilib. Paytaxtda hava hücumundan müdafiə sistemi aktiv şəkildə işə düşüb.
Sergey Popkonun yaydığı məlumata görə, Rusiyanın kamikadze PUA-ların hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilsə də, qalıqları dağıntılara səbəb olub.
Rusların paytaxta gecə hücumu zamanı PUA-ların dağıntıları Kiyevin Peçersk və Solomonsk rayonlarına düşüb. Nəticədə uşaq bağçasında yanğın baş verib.
"Düşmənin PUA-larının vurulması və dağıntıların olması nəticəsində Solomensk rayonundakı uşaq bağçasının ərazisində yanğın baş verib. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Fövqəladə hallar xidmətinin əməkdaşları əraziyə cəlb olunub", - deyə Popko bildirib.
Kiyev şəhər meri Vitali Kliçko isə açıqlama verib ki, Solomenski rayonunda bir neçə yerdə - yaşayış binasında və qeyri-yaşayış sahələrində yanğın olub. Həmçinin Solomenski rayonunda 11 yaşlı uşaq xəsarət alıb. “Həkimlər hadisə ilə bağlı yardım göstərirlər”, - deyə Kliçko əlavə edib.
Kiyev şəhər Hərbi Administrasiyası paytaxta doğru yeni kamikadze PUA hücumunun olacağı xəbərdarlığını edib.