Azərbaycanda ötən həftəsonu maraqlı hadisələrlə yadda qaldı. Kəlbəcərin işğaldan azad edilməsinin ildönümü qeyd olundu. Tarkan Bakıda konsert keçirdi. Bundan başqa, Rusiyanın Qarabağdakı müvəqqəti kontingentinin sentyabrın 20-də ölən rus sülhməramlılarının şərəfinə xatirə abidəsi qoyması əsas müzakirə mövzularından biri idi. Türkiyə və Pakistanda insan ölümü ilə nəticələnən hadisələr də həftəsonuna təsadüf etdi. Türkiyə milli müdafiə nazirinin Azərbaycana səfəri, dünyada koronavirusla bağlı mənfi statistikanın azalması və Gədəbəy icra hakimiyyətindəki yanğın da şənbə və bazar günündə baş verdi.
Modern.az 25-26 noyabr tarixlərini əhatə edən həftəsonunun icmalını təqdim edir:
Azərbaycan Ukraynaya minatəmizləmə maşını verib. Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" hesabında yazıb. Səfir bildirib ki, Azərbaycan bu ilin iyununda Londonda keçirilən Ukraynanın Bərpası Konfransında vəd etdiyi humanitar minatəmizləmə maşınını Ukraynaya bağışlayıb.
25 noyabrda - işğaldan azad olunmasından 3 il ötdüyü tarixdə Şəhər günü qeyd olunan Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən 4 yerdə kiçik su elektrik stansiyasının tikintisi aparılır. “Aşağı Vəng”, “Yuxarı Vəng”, “Nadirxanlı” və “Zar” adlanacaq kiçik su elektrik stansiyalarının 2024-cü ildə istismara verilməsi planlaşdırılıb. Bu günə kimi 6 yerdə kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib.
Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyinat olub. Məlumata görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyevin sözlərinə görə, Şuşa şəhərində "ASAN xidmət" Mərkəzinin yaradılması ilə əlaqədar işlərə start verilib: “Gələn il Şuşada "ASAN xidmət" Mərkəzi fəaliyyətə başlayacaq”.
Abşeron rayonu Xırdalan şəhərində təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol qəzası baş verib. Şəhər ərazisindəki işıqforun qarşısında “Hyundai” markalı minik avtomobili ilə “Fiat” markalı operativ nəqliyyat vasitəsi toqquşub. Zərbənin təsirindən təcili tibi yardım avtomobili aşıb.
Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının nümayəndələrindən ibarət nümayəndə heyəti Ermənistana gələcək. Bu barədə Aİ-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb. Səfər 27-29 noyabr tarixlərində baş tutacaq. Səfər zamanı Aİ-Ermənistan münasibətlərinin dərinləşdirilməsi və möhkəmləndirilməsinin mümkün istiqamətləri müzakirə olunacaq.
Ermənistan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulub. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, əlaqələrin qurulması barədə protokol ötən gün Əbu-Dabidə imzalanıb. İmzaları Ermənistanın BƏƏ-dəki səfiri Karen Qriqoryan və Səudiyyə Ərəbistanının səfiri Sultan bin Abdulla Əl-Anqar atıb.
Sumqayıtda doğulduğu gündən imtina edilən körpə bu gün xəstəxanada ölüb. 7 ay öncə Sumqayıt şəhərində doğum evlərindən birində oğlan uşağı dünyaya gətirən Aygün Kərimova öz körpəsinindən imtina edib. Yeni doğulmuş oğlan uşağı doğum evindən uşaq xəstəxanasına köçürülüb. Yeddi aydan sonra, bu gün körpə xəstəxanada ölüb. Məlumata görə xəstəxana körpənin meyitini təhvil verə bilmək üçün ailəni tapa bilmir. Fakt araşdırılır.
Oktyabrın 23-dən noyabrın 19-dək dünyada 519 mindən çox insan koronavirus infeksiyasına yoluxub, 2,4 mindən çox insan ölüb. Ümumilikdə dünyada yoluxma hallarının sayı ötən dörd həftə ilə müqayisədə 13 faiz, ölüm hallarının sayı isə - 72 faiz azalıb. Eyni zamanda, Qərbi-Sakit Okean regionunda yoluxma hallarının sayının 14 faiz artması qeydə alınıb, Afrikada və Şərqi Aralıq Dənizində ölüm hallarının sayı müvafiq olaraq 167 faiz və 12 faiz artıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) informasiya bülletenində deyilir.
Ankarada Türkiyə ilə Rusiya arasında Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın növbəti iclası keçirilib. İclasda ticarət, gömrük, enerji, kənd təsərrüfatı, sənaye, standartlaşdırma, nəqliyyat, turizm kimi bir çox sahələri əhatə edən, iki ölkənin iqtisadi əlaqələrinin gələcək inkişafının yol xəritəsi hesab olunan protokol imzalanıb. Sənədi Türkiyənin ticarət naziri Ömər Bolat və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak imzalayıblar.
Pakistanın Kəraçi şəhərinin cənub-qərbində yerləşən ticarət mərkəzində yanğın baş verib. Hadisə nəticəsində 10 nəfər ölüb, 20-dən çox insan yaralanıb. Kəraçi şəhərinin meri Murtaza Vahab Siddiqi bildirib ki, yanğın söndürülüb və hazırda soyutma işləri aparılır.
Rusiyanın Qarabağdakı müvəqqəti kontingenti sentyabrın 20-də ölən rus sülhməramlılarının şərəfinə xatirə abidəsi qoyub. Bu barədə erməni teleqram kanalları məlumat yayıb. Xatırladaq ki, kapitan 1-ci dərəcəli Kovqan İ.V., polkovnik Qarayev T.İ., tibb xidməti polkovnik-leytenantı Oleynikov A.V., kapitan-leytenant Qolofast M.V., komandir Şvoren A.P., sıravi əsgər M.B.Dokonov Canyataq kəndində ölüb.
Türk meqastar Tarkan solo konsert üçün Bakıya gəlib. Konsert 25 noyabrda “Baku Crystal Hall”da baş tutub. Bu, 2017-ci ildə F1 çərçivəsində Bakıda konsert verən Tarkanın illər sonra Azərbaycanda ilk solo konsertidir.
İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ölkəsinin Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və Ermənistandakı səfiri Mehdi Sübhani ilə görüşüb. Bu barədə Hüseyn Əmir-Abdullahian “X” hesabında paylaşım edib. Görüşdə Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. İranın qonşuluq siyasəti çərçivəsində Azərbaycan və Ermənistan ilə əlaqələrin inkişafına səy göstərdiyi qeyd edilib.
Noyabrın 26-da Yer kürəsində mülayim maqnit qasırğası müşahidə olunub. Qeyd olunub ki, indi Yerin maqnit sahəsində pozulma dərəcəsi G2 səviyyəsinə çatıb. Bu da beş indikatorlu monitorinq şkalasında “orta” deməkdir. Odur ki, Yer kürəsində enerji sistemləri ilə bağlı problemlər ola bilər. Radionaviqasiyada fasilələr və yüksək tezlikli radio rabitəsinin kəsilməsi də mümkündür. Son yeddi gündə elm adamları Günəşdə bir neçə güclü “M” sinifli alovlar qeydə alıblar. Bütövlükdə maqnit qasırğasının loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti son bir neçə gündə 2-5 intervalında dəyişir.
Qasırğalı küləklə müşayiət olunan leysan yağışları Türkiyənin cənub və cənub-qərbində yerləşən bir sıra əyalətlərdə ciddi fəsadlara səbəb olub. Antalya vilayətinin bir neçə şəhərində daşqın baş verib, lakin bu, yalnız turizm obyektlərindən uzaqda yerləşən yaşayış məntəqələrinə aiddir. Eyni zamanda güclü yağışlar səbəbindən İzmirdə dəniz daşıb. Nəticədə şəhərdə yolları su basıb, çoxlu sayda iş yeri, mənzillər və mağazalar su altında qalıb. Bildirilib ki, sel və tufan ölkə daxilində binalara və qeyri-yaşayış obyektlərinə zərər vurub. Hadisələr nəticəsində 2 nəfərin öldüyü, 10 nəfərin yaralandığı qeyd olunub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında yaxın zamanda görüş və telefon danışığı planlaşdırılmır. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, bununla bağlı tərəflər arasında danışıq yoxdur.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfərə gəlib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" səhifəsində məlumat yayıb. Türkiyə müdafiə nazirini Heydər Əliyev Beynəlxalq Aeroportunda azərbaycanlı həmkarı Zakir Həsənov qarşılayıb. Yaşar Gülər Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin toplantısında iştirak edəcək.
“Ağakərimin vəziyyəti demək olar ki, yaxşı deyil. 7 ilə yaxındır ki, o, yataq xəstəsidir. Ağakərim nə otura, nə dura bilir”. Bunu meyxanaçı Ağamirzə Məmmədov qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 60 yaşlı söz xiridarı bildirib ki, yataq xəstəsi olan həmkarı Ağakərimin qulluğunda övladları durur: “Ağakərimə övladları baxır. Halal olsun onlara. Ağakərim insanları tanımır. O, illər əvvəl insult keçirib. Şəkər xəstəsidir, təzyiqi var”. Meyxanaçı efirdə digər həmkarları ilə bağlı da danışıb.
Alimlər İlbər Ortaylı və Celal Şengör Bakıda bir araya gəliblər. Bakı Konqres Mərkəzində Celal Şengör və İlber Ortaylının “Dünyada mövcud beyin köçü” adlı master-klassı baş tutub. Tədbirin açılış mərasimi Azərbaycan və Türkiyə Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb. Tədbir zamanı dörd modul üzərində danışıqlar olub. İlk olaraq dünyada mövcud beyin köçü moduluna toxunulub. Daha sonra dünyada mövcud 270 münaqişə ocağı, 250 Yaxın Şərqdə; nizamlanan Yaxın Şərq və Böyük Yaxın Şərq layihəsi; texnologiyanın inkişafı və bu inkişafın gələcək nəsilə təsiri mövzularına toxunulub.
Gədəbəy Rayon İcra Hakimiyyətinin binasında yanğın baş verib. Yanğın binanın birinci mərtəbəsində qeydə alınıb. Məlumata görə, kompüter otağında masalar və tavan yanıb. Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub və yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.