Modern.az

ABŞ Azərbaycan kimi strateji tərəfdaşını itirə bilməzdi... 

ABŞ Azərbaycan kimi strateji tərəfdaşını itirə bilməzdi... 

Aktual

28 Noyabr 2023, 22:49

ABŞ Dövlət Katibi cənab Blinkenin Azərbaycanın Prezidenti cənab İlham Əliyevə zəng vurub ikitərəfli münasibətlərin pozulmasının qarşısını almağa çalışması faktını iki aspektdən qiymətləndirmək lazımdır:

 

1) Azərbaycan ABŞ-ın qərəzli və qeyri-dost addımlarına adekvat və sərt cavab verməklə bir daha nümayiş etdirdi ki, bizimlə ultimatum və ya hədə dilində danışmaq mümkün deyil və bu siyasət ilk növbədə ABŞ-ın özünə ziyan vuracaq. Deyildi ki, ABŞ bu səhvini qəbul edib vəziyyəti xilas etmək üçün müvafiq addımlar atmasa, Azərbaycan Vaşonqtonu bir sıra layihələrdən, o cümlədən sülh yaratma missiyiasından uzaqlaşdıracaq və uzaqlaşdırdı da. Bu məsələdə hadisələrin sonrakı inkişafı ABŞ-ın davranışından asılı olacaq. Bundan başqa, cənab Prezident dəfələrlə sübut edib ki, Azərbaycanla yalnız qarşılıqlı maraqlar əsasında siyasət qurmaq və əməkdaşlıq etmək mümkündür (bu haqda keçən həftə ətraflı şərh yazmışdım).

 

Şübhə yoxdur ki, Dövlət Katibinin təşəbbüsü ilə keçirilən dünənki müzakirələr ikitərfəli münasibətlərin əvvəlki məcraya qayıtmasına, Azərbaycanın maraqlarının və o cümlədən tələblərinin nəzərə alınmasına xidmət edəcək.

 

2) Fransadan fərqli olaraq bu addımı atan ABŞ-da sağlam düşüncə üstünlük təşkil etdi və "körpülərin tam yandırılmasına" imkan verilmədi. Çünki, ABŞ yaxşı bilir ki, Azərbaycansız bölgədə nə sülhə və təhlükəsziliyə nail olmaq, nə Cənubi Qafqazda və Mərkəzi Asiyada strateji layihələri həyata keçirmək, nə də orta dəhlizi və trans xəzər beynəlxalq nəqliyyat qovşağını tam olaraq istismar etmək mümkün deyildir. 

 

ABŞ Dövlət Departamentinin növbəti addımı 907-ci düzəlişlə bağlı verdiyi son qərarın ləğvi olmalıdır. Bunun bizim üçün yardımdan daha çox siyasi və mənəvi tərəfi var. Əminəm ki, münasibətlərin gərginləşdirilmısinin "baş qəhrəmanı" olan Obraynın yaxın günlərdə Bakıya gözlənilən səfəri çərçivəsində bu məsələlərin hamısı müzakirə olunacaq. Blinken problemi "yaradan"a onun həllini də tapşırıb. Hər halda, münasibətlərin normallaşması hər iki ölkənin milli maraqlarına cavab verir və ümid edək ki, yaxın günlərdə ABŞ tərəfindən yeni və müsbət bəyanatların şahidi olacağıq.

 

Azay Quliyev

Milli Məclisin deputatı 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi