Modern.az

Qızılcaya yoluxanların antibiotikdən istifadəsi tövsiyə olunmur - Mütəxəssis

Qızılcaya yoluxanların antibiotikdən istifadəsi tövsiyə olunmur - Mütəxəssis

6 Dekabr 2023, 15:26

Səhiyyə Nazirliyi qızılca virusuna yoluxmuş şəxslərin antibiotikdən istifadəsi məsələsinə aydınlıq gətirib.

 

Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib ki, qızılca virus infeksiyasıdır, antibiotik isə yalnız bakteriyalara təsir göstərir.

 

“Qızılca zamanı bakteriyalı fəsadlar ola bilərsə, onda təbii ki, antibiotik təyin edilir. Amma bu fəsadlar olmadan tövsiyə olunmur”, - o qeyd edib.

 

Həkim deyib ki, qızılcaya yoluxmuş şəxslərin ikinci dəfə buna yoluxması çox nadir hallarda qeydə alınır.

 

Virusa yoluxan şəxslərin A vitaminini qəbulu məsələsinə gəldikdə isə, Təyyar Eyvazov qeyd edib ki, milli təqvim peyvəndində də qızılcaya yoluxmuş şəxslərə A peyvəndinin verilməsi tövsiyə olunur:

 

“Buna görə virusa yoluxan və vəziyyəti ağırlaşmış şəxslərin müalicəsində A vitaminindən istifadə oluna bilər. Eyni zamanda, qızılcaya yoluxmuş şəxsin yüksək temperaturu varsa, "Parasetamol" dərmanı içə bilər. Temperaturun aşağı salınması üçün qızdırmasalıcı dərmanlardan istifadə bütün infeksion xəstəliklərə tövsiyə edilir”.

 

Həkim xatırladıb ki, qızılcaya qarşı iki doza peyvənd almış şəxslər xəstələnsələr də yüngül keçirirlər və ciddi fəsadlar özünü göstərmir:

 

"Müasir dövrdə bir sıra infeksiyaları idarə edə bilirik. Bizim Milli Peyvənd Təqvimində 11 infeksiyaya qarşı peyvənd var. Peyvəndlərin tətbiqindən sonra qızılcaya yoluxma halları azalmağa başlayıb. Qızlcadan qorunmağın yolu peyvənd olunmaqdır. Əgər uşaqlar peyvənd olunmayıbsa, valideynləri uşaqlarına vaksin vurdurmağa çağırırıq. Hamilə qadın qızılcaya yoluxubsa, həkimə müraciət etməlidir ki, ağırlaşmaların qarşısı alınsın. Bildiyimiz kimi, hamilə qadınlara peyvəndin vurulması əks göstərişdir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə! Prezident Xocalılarla görüşdü Duyğulu anlar yaşandı