Modern.az

MSK-nın iclasında nələr müzakirə olunub...

MSK-nın iclasında nələr müzakirə olunub...

8 Dekabr 2023, 18:23

Dekabrın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

 

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Modern.az-a bildiriblər ki, əvvəlcə MSK sədri Komissiya üzvlərini növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə tanış edib. Sonra növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması məsələsinə baxılıb və Sərəncamın müvafiq hissəsini təmin etmək məqsədilə seçkilərin 2024-cü il fevralın 7-nə təyin edilməsinə qərar verilib.

 

Komissiya seçkilərin keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin müəyyən edilmiş qaydada və müddətdə seçki subyektləri tərəfindən ardıcıl və keyfiyyətlə gerçəkləşdirilməsi, onlara metodiki yardım göstərilməsi və seçki prosesindəki fəaliyyətlərinin səmərəliliyinin artırılması üçün zəruri məqamların əks olunduğu Təqvim planını təsdiq edib.

 

Sözügedən seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması, habelə vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də iclasda baxılıb və Komissiyanın qərarı ilə 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. Qanunvericilikdə nəzərdən tutulmuş müddətdən gec olmayaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə dairə seçki komissiyalarına həvalə olunub.

 

MSK-nın qərarı ilə, həmçinin növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində olan imzaların və digər seçki sənədlərindəki məlumatların düzgünlüyünü yoxlamaq üçün müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və Komissiyanın üzvü işçi qrupunun rəhbəri təyin edilib.

 

Beynəlxalq təşkilat və xarici ölkələrin diplomatik nümayəndəliklərinin, eləcə də media qurumlarının təmsilçilərinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə! Prezident Xocalılarla görüşdü Duyğulu anlar yaşandı