Modern.az

Binəqədidə konfrans keçirildi - FOTO

Binəqədidə konfrans keçirildi - FOTO

Aktual

8 Dekabr 2023, 19:59

08 dekabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və 276 nömrəli tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin dil siyasəti dövlət quruculuğu kontekstində” mövzusunda konfrans keçirildi.

 

Modern.az xəbər verir ki, “Ümummilli lider Heydər Əliyevin dil siyasəti dövlət quruculuğu kontekstində” mövzusunda konfransda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşilatının sədri Vüsar İsmayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir mavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Binəqədi Rayonunda yerləşən məktəblərin direktorları, pedoqoji kollektiv üzvləri və şagirdlər iştirak edirdilər.

 

Tədbirdən öncə qonaqlar 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri tərəfindən hazırlanmış sərgiyə baxış keçirdilər. Sərgidə Ulu Öndər Heydər Əliyev və vətənpərvərlik mövzusunda çəkilmiş rəsm əsərləri və əl işləri nümayiş olundu.

 

Tədbir ulu öndər Heydər Əliyevin və Azərbaycanımızın müstəqilliyi, suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçərək ən Uca Zirvə- Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.

 

Tədbirdə açılış nitqi ilə çıxış edərək 276 nömrəli tam orta məktəbin direktoru Bəhram Şiriyev qonaqları salamladıqdan sonra “Ümummilli lider Heydər Əliyevin dil siyasəti dövlət quruculuğu kontekstində” adlı konfransın keçirilməsinin əhəmiyyətindən söhbət açaraq iştirakına görə hər kəsə təşəkkür etdi.

 

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Və Ulu Öndərin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz dil məsələsi idi. Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Ümumiyyətlə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Ulu Öndərin müstəsna xidmətləri var. Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı uzaqgörən addımlar atan Ümummilli Liderin “Millətin milliliyini saxlayan onun dilidir” ifadəsi dərin məna daşıyır. 

 

Daha sonra geniş məruzə nitqi ilə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir mavini, professor Hüseyn Əsgərov mövzu ətrafında geniş nitq söylərək qeyd etdi ki,”Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub, görkəmli dövlət xadimi dilimizin inkişafı üçün böyük tarixi işlər həyata keçirib. Birincisi, Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında öz əksini tapıb, Moskvanın etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. İkincisi, Azərbaycandilli məktəbin, maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. Üçüncüsü, Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün dövlət rəhbərliyi əlindən gələni edib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları - “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilib. Dördüncüsü, Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılıb, çoxcildlik “Müasir Azərbaycan dili” kitabları yaradılıb, həmin çoxcildliklərdən biri - ali məktəblər üçün “Müasir Azərbaycan dili” dərsliyi Azərbaycan Dövlət mükafatına layiq görülüb, ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, əslində, ana dilinin nüfuzu bir daha təsdiq edilib. Beşincisi, həm rəsmi, həm də qeyri-rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən respublika rəhbəri praktik olaraq ana dilinin ictimai-siyasi mövqeyinin yüksəlməsinə bilavasitə təsir göstərib, başqalarına nümunə olub və s. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin Respublika Dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği məhz bunun nəticəsi idi.

 

Daha sonra çıxış edənlər- Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbin direktoru Şəfa Qurbanova və Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-liseyin müəllimi Mehri Quliyeva qeyd etdilər ki, “Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən Ümummilli Lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən ustalıqla istifadə edirdi. Ümummilli lider Heydər Əliyevin natiqlik məharətini ana dilini gözəl bilməsi, bu dildən mənəvi zövq alması şərtləndirir. Minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir. Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiyimizi uğurların əsasını təşkil edir.”

 

Sonda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, həm də, əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.

 

Sonda xatirə fotosu çəkildi.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə! Prezident Xocalılarla görüşdü Duyğulu anlar yaşandı