Modern.az

Partiyalarda gərginlik - növbədənkənar seçkinin namizədləri müəyyənləşir

Partiyalarda gərginlik - növbədənkənar seçkinin namizədləri müəyyənləşir

Aktual

9 Dekabr 2023, 14:22

2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Dekabrın 8-də Mərkəzi Seçki Komissiyası (MSK) bununla əlaqədar iclas keçirib və növbədənkənar Prezident seçkilərini üçün təqvim planını təsdiqləyib.
 

Bəs hansı partiyalar öz namizədlərini müəyyənləşdirib?
 

Modern.az bununla bağlı olaraq bir sıra partiyalarla əlaqə yaradıb.
 

Saytımıza açıqlamasında Ağ Partiyasının sədri Tural Abbaslı İdarə Heyətinin növbədənkənar toplantısının keçirildiyini bildirib:
 

"Orada partiyanın digər strukturları ilə də məsləhətləşmə aparılmasına qərar verildi. Proses ağırdır. 40 mindən artıq imza toplanmalıdır. Məhz əsas məsələ də elə budur. Təbliğat-təşviqat, müşahidə işinin təşkil olunması kimi məsələləri hazırlıqsız da olsan çatdırmaq olar. Amma 40 min imzanın toplanması hazırlıq tələb edən məsələdir. Adamlar olmalıdır. Yeni şəxsiyyət vəsiqələrində ünvanın olmaması məsələsi var. Bir sözlə, vəziyyəti ağırlaşdıran xeyli nüanslar var. Ona görə də partiyanın digər strukturları, əsasən rayon təşkilatlarının rəhbərləri və icra aparatı ilə məsləhətləşmələr aparılmasına qərar verildi. Yəqin ki, məsləhətləşmələr birinci günə qədər çəkər. Çox güman ki, birinci gün yekun qərar veriləcək. Prosesi çox uzatmaq da olmaz. Çünki seçkiyə 60 gün var və qərar 61 gün qalmış verilib".

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev müəyyən səbəblərə görə Siyasi Şuranın iclasını gələn həftənin ikinci gününə saldıqlarını deyib:
 

"MSK-nın qərarını gözləyirdik ki, ona uyğun hərəkət edək. Həm də rayonlarda hava bir az pisdir. Rayon təşkilatı üzvlərinin Bakıya gəlməsini təşkil etmək üçün partiyanın toplantısını 2-ci günə saldıq. Toplantıda seçkilərdə iştirak edib-etməyəcəyimizlə bağlı qəti qərarımızı verəcəyik. Partiya, Siyasi Şura nə qərar çıxaracaqsa, mən ona tabe olacağam. Həftənin 2-ci günü saat 3-ə, 4-ə kimi müzakirəmiz olacaq və biz yekun qərarımızı verəcəyik. Ola bilsin ki, medianı da çağırdıq. Hazırda yer məsələsi var. Ya hotellərdən birinin akt zalında, ya da başqa harada imkan olsa, orada Siyasi Şuranın iclasını keçirəcəyik".

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli ilkin müzakirələr apardıqlarını deyib:
 

"Biz seçkilərə münasibətimizi müəyyənləşdirməyə çalışırıq. Buna görə də ilkin olaraq müzakirələr aparmışıq. Siyasi Şuranın iclasında növbədənkənar Prezident seçkilərinin elan edilməsi və Ədalət Partiyasının vəzifələri ilə bağlı fikir mübadiləsi aparılıb. Situasiyanın təhlili ilə bağlı fərqli fikir və mülahizələr səsləndirilib. Bu da ən doğru və düzgün qərarın qəbul edilməsi üçün yaxşı mənzərədir. Biz indiki Prezident seçkilərinın digərlərindən fərqini anlamağa çalışırıq. Düşünürəm ki, bu, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra keçırilən ilk fərqli seçki olacaq. Həm bu, həm də seçkilərin növbədənkənar olması yeni bir mənzərə yaradır. Ona görə də daha məqbul və adekvat yanaşma tapılmalıdır. Bütün bunların dəyərləndirilməsi ilə əlaqədar hələ ki partiyamız son qərarını verməyib. Biz üzümüzə gələn həftə də müzakirələri davam etdirib son qərar qəbul etməyə çalışacağıq".
 


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı
 partiyasının fevralın 7 də keçiriləcək Prezident seçkisində işirak edəcəyini söyləyib:
 

"Partiyanın əsas fəaliyyəti seçkilərdə işirak etməkdir. O ki qaldı BAXCP-nin öz namizədi ilə iştirakına, buna partiyanın ali orqanlarında - İdarə Heyətində, Ali Məclisində keçiriləcək müsakirələrdən sonra qərar veriləcək. Daha sonra ictimaiyyətə məlumat verəcəyik. Yaxın zamanlarda bununla əlaqədar İdarə Heyətinin toplantısı keçiriləcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu