Azərbaycan 2023-cü ili böyük qələbə ilə yola salır. İkinci Qarabağ müharibəsinin məntiqi yekunu olaraq həyata keçirilən 19-20 sentyabr lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz tam şəkildə bərpa edildi, 30 illik erməni işğalına son qoyuldu. Azərbaycanda qələbəmizin növbəti möhürü isə gələn il fevralın 7-də vurulucaq. Məhz həmin gün işğaldan azad olunmuş ərazilərdə növbədənkənar prezident seçkilərində iştirak edəcək xalqımız güclü liderə, qüdrətli və işıqlı gələcəyə səs verməklə yanaşı, siyasi iradəmizin bütün ölkə üzərində bərpasının təmin olunduğunu təsdiqləyəcək.
Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib. O bildirib ki, əsrə bərabər il olan 2023-cü ili nailiyyətlərlə başa vuran Azərbaycan xalqı növbəti əlamətdar siyasi hadisəyə hazırlaşır. Fevralın 7-də növbədənkənar prezident seçkilərində iştirak edəcək qalib xalqın vətəndaşı ən layiqli namizədə dəstəyini bildirəcək.
Xalq verdiyi sözə tam əməl edən, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edən, üçrəngli bayrağımızı işğaldan azad olunan ərazilərimizdə şərəflə dalğalandıran lideri birmənalı şəkildə dəstəkləyəcək.
Bu mənada seçkilərin növbədənkənar keçirilməsində arxa fikirlərin axtarılması mənasız vaxt itkisidir. Əminliklə demək olar ki, 7 fevral növbədənkənar prezident seçkiləri siyasi sistemin daha da möhkəmlənməsini təmin edəcək.
Heç kimə sirr deyil ki, məhz Prezident İlham Əliyevin fəaliyyəti sayəsində müasir Azərbaycan inkişaf etmiş iqtisadiyyatı və sağlam siyasi, eləcə də sosial və biznes mühiti olan və bütün dünyada tanınan dövlətdir. Aydındır ki, siyasi müstəqlliyin bərpasından sonra vacib vəzifələr Azərbaycanın mövcud iqtisadi potensialının möhkəmləndirilməsi, bu potensialdan kompleks və rasional istifadə, o cümlədən qeyri-neft sektorunun, sahibkarlığın inkişafı və daha çox yeni iş yerlərinin yaradılması üçün şəraitin təmin edilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və istiqamətinin əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması idi. Bu gün bütün sahələrdə əldə edilmiş yüksək nəticələr əminliklə deməyə əsas verir ki, qarşıya qoyulmuş strateji vəzifələr uğurla yerinə yetirilmişdir. Bu seçkilər həm də Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərə xalqımızın ünvanlayacağı tutarlı siyasi cavabı olacaq.
Heç kimə sirr deyil ki, bəzi ölkələr Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunmasına mane olmağa çalışırlar. Hətta Qarabağ kartından məhrum olan bəzi ölkələr Azərbaycana qarşı bir çox müstəvidə destruktiv siyasət yürüdür, suyu bulandırmaqla məşğuldur. Təbii ki, qüdrətli Azərbaycan dövləti bütün hallarda belə bəd niyyətlərin üstündən qalın qara xətt çəkir, milli maraqlarımıza kölgə salmağa çalışanlara layiqli cavab verir.
Əminliklə qeyd edim ki, 7 fevralda seçki məntəqələrinə gələn seçicilər ritorikalarından əl çəkməyən radikal siyasi qüvvələrə, eləcə də onlara hamilik edən kənar güclərə “qırmızı vərəqə” göstərəcək.
Xüsusilə qeyd lazımdır ki, bu gün hakimiyyətin bütün qollarında - qanunvericilik, icra və məhkəmə sistemlərində islahatlar aparılır, prosesin sadələşdirilməsi məqsədilə yeni hüquqi aktlar qəbul edilir, heç bir dövlət orqanı yeniləşmə və islahatların gedişindən kənarda qalmır. Ölkənin ictimai-siyasi həyatının mənzərəsini müsbət mənada dəyişdirən bu siyasi, hüquqi, institusional və kadr islahatları hər bir azərbaycanlı tərəfindən məmnunluqla qarşılanır.
Eyni zamanda, ölkə rəhbərliyi siyasi partiyalarla sistemli işə, sağlam əməkdaşlığın qurulmasına daha müntəzəm təşkilinə önəm verdiyini əməli addımı ilə təsdiqləmişdir. Belə ki, 2019-cu ildə ilk dəfə olaraq siyasi partiyalar və qanunvericilik orqanı ilə əlaqələr şöbəsinin yaradılması buna sübutdur. Hazırda Azərbaycanda azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılmışdır. Ötən dövr ərzində müxtəlif istiqamət, məqsəd və vəzifələr daşıyan siyasi partiyaların dövlət qeydiyyatına alınması ölkəmizdə siyasi plüralizmin və çoxpartiyalı sistemin inkişafının bariz təzahürüdür.
Sonda deputat qeyd edib ki, Azərbaycanda seçkilərin şəffaf, azad və ədalətli keçirilməsi üçün ilk növbədə siyasi və qanunvericilik bazası var. Ən əsası, bu gün Azərbaycanda tam ictimai-siyasi sabitlik hökm sürür və xalqın siyasi iradəsini nümayiş etdirməsinə hər hansı bir əngəl yoxdur. Azərbaycan rəhbərliyi azad, demokratik seçkilərin keçirilməsi üçün bütün lazımi şəraitin yaradılmasına çalışır və ötən illər ərzində keçirilmiş seçkilər də bunu təsdiqləyir. 2020-ci ildə Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi demokratik prinsiplərə, beynəlxalq standartlara, habelə Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğunluğunu bütün dünyaya nümayiş etdirmişdi. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində də səsvermə prosesinin beynəlxalq standartlara uyğun baş tutacağına heç bir şübhə yoxdur.